Modern.az

Azərbaycanda ilk – İcra başçısının qadın müavini işdən çıxarıldı

Azərbaycanda ilk – İcra başçısının qadın müavini işdən çıxarıldı

23 İyul 2015, 18:45

Goranboy Rayon İcra Hakimiyyəti başçısının qadın müavini Elnarə Yusifova işdən kənarlaşdırılıb. Bu, Azərbaycanda icra başçısının işdən kənarlaşdırılan ilk qadın müavinidir. 

Modern.az-ın əldə etdiyi məlumata görə, Goranboyun icra başçısı Nizaməddin Quliyevlə qadın müavini arasında narazılıq yarandığını görə, ikinci işdən çıxarılıb. 

Prezident Adminstrasiyasının hər bir rayonda icra başçılarının müavinlərindən birinin qadın olması barədə tapşırığından sonra N.Quliyev də hümatinar məsələlər üzrə müavini vəzifəsinə Elnarə Yusifovanı təyin etmişdi. Artıq icra başçısı E.Yusifovanı işdən azad edib və yerinə yeni təyinat gerçəkləşdirib. 

İndi icra başçısının hümanitar məsələlər üzrə qadın müavini Mirvari Ağamaliyevadır.

Bu barədə artıq Gornaboy rayon İcra Hakimiyyətinin saytında da yenilənmə aparılıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Elnarə Yusifova işdən çıxmasının səbəbi kimi İcra Hakimiyyətindəki haqsızlıqları önə çəkib.

“İcra başçısı ilə aramda narazılıq oldu. Belə ki, tabeliyimdə olan müəssisələrdə yoxlamalar aparmışdım və işlərində səhvlər aşkarlamışdım. O müəssisələrin işində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım”. 

Gözlədiyi iş prinsipinin Goranboy rayon İcra Hakimiyyətində olmadığını deyən E.Yusifova işdən çıxarılan ilk qadın müavin olmasının özünə pis təsir etdiyini deyir.

“Qadın müavinlərin arasında işdən ilk çıxarılan mənəm və bunu pis qiymətləndirirəm. Qadınları vəzifədə irəli çəkməklə deyil ki, onların arxasında durmaq da lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, bəhs etdiyim həmin müəssisələrdə nöqsanlar bundan sonra da heç düzəlməyəcək. Əgər bu nöqsanların heç olmazsa 20 faizi həll olunmursa, o zaman bu işi aparmaq nəyə laızmdır, bu İcra Hakimiyyəti nəyə gərəkdir? 

Bu məsələlər icra başçısı ilə də müzakirə olunub və nəticəsiz qalıb. Belə olan halda isə mən ərizəmi verdim və ayrıldım”. 

E.Yusifova hazırda yerinə təyin edilən Mirvari Ağamalıyevanın isə 30 min manat verərək həmin vəzifəyə gəldiyini vurğulayıb.

“Həmin xanım heç nə görmür, deyir 30 min manat verib və o pulu çıxarana qədər oturub gözləyəcək, onun onsuz ayrı nə fəaliyyəti olacaq ki... Mən isə vəzifəyə Prezident Administrasiyasında təsdiq edilmişdim. Onun kimi heç kimə pul verməmişəm. Bəlkə də ona görə məni yola vermədilər”. 

Bundan əvvəl orta məktəbdə ibtidai sinif müəlliməsi, daha sonra İcra Hakimiyyətində baş məsələhətçi vəzifələrində işlədiyini deyən keçmiş müavin Prezident Administrasiyasına müraciət edib:

“Qəbula düşmək istəyirəm. Bundan sonrakı fəaliyyətimi necə istiqamətləndirmək sahəsində məsləhətlər almaq istərdim. Hələ ki gözləyirəm, bir ay əvvəl teleqram vurmuşam, məktub da yazmışam. İşdən ayrılmağıma görə rayon ictimaiyyəti, qohumlarım da narazıdır. O vəzifədə savadıma güvənirdilər və yoldaşım da arxamda idi. Orada uzun müddət işləməyimin tərəfdarı idi. Yoldaşım Goranboy rayon Şahmat Məktəbinin direktorudur. Amma işləməyim alınmadı”. 

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü