Modern.az

Mikayıl Müşfiq haqqında donos yazanlar...

Mikayıl Müşfiq haqqında donos yazanlar...

13 Yanvar 2016, 09:58

Əbədilik qazanmış şairin xatirəsinə...
 
Əməkdar jurnalist,
Pedaqogka üzrə fəlsəfə doktoru

“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim,
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl cəkim,” –deyən romantik ruhlu,lirik bir gənc şairi 78 il öncə 1938-ci il yanvarın 6-da cəmi 15-20 dəqiqə çəkən məhkəmənin hökmü  ilə ölümə məhkum etdilər və “Qanlı ada” kimi yaddaşlarda həkk olunan keçmiş Nargin adasında qətlə yetirdilər.

...Bədxahlar elə bildilər ki, Mikayıl Müşfiqi fiziki məhv etməklə onu xalqın yaddaşından, bütövlükdə Azərbaycan ədəbiyyatı tarixindən siləcəklər. Lakin... yanıldılar.Əksinə, Müşfiq yaşadı, xalqın yaddaşında əbədilik qazandı. 29 yaşlı Müşfiq sanki 80-100 il ömür sürmüş bir ədib qədər ədəbi irsini bizə miras qoydu...  1937-ci yanvarın 4-də gecə saat 3-də onu evdən apardılar. Doğum gününə 2-cə gün qalmış. İttihamda ilahi nələr vardı, ... sovet quruluşunun  düşməni, pantürkist,panislamist...daha  nələr, nələr. Əslinə qalanda Müşfiq bu günü gözləyirdi, o dövrün ab-havasından bunu duymuşdu.Hətta şeirində bu haqda deyirdi:

Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır,qara yel əsmə,
Mənim bu dünyada bir sandalım var.

30-cu illərin sonunda sanki ədəbi tənqid birbaşa Müşfiqə qarşı yönəlmişdi. Bu elə belə deyildi, çünki, dövrün böyük ədibləri Müşfiqə böyük dəyər verirdilər. Böyük Hüseyn Cavid əfəndi Müşfiqi “Gələcək şeirimizin tacidarı”, müasirləri isə onu dövrün Füzulisi adlandırırdılar. S.Vurğun isə deyirdi ki, məni yalnız Müşfiq keçəcək və s. Təbii ki, bədxahların bu fikirləri qısqanclıq yaratdığından şair yerli-yersiz tənqid atəşinə tutulurdu. Bu zaman onları dəf etmək üçün Müşfiq Stalin haqqında şeir yazır.Məzmununa poetik  ruhuna, sənətkarlıq meyarlarına görə bu şer o dövrdə Stalinə həsr olunmuş bütün əsərlərdən üstün hesab olunur:

Cahan dairəsi bir üzük kimi  
Üstünün ən böyük gövhəri sənsən
Tarixin darısqal keçidlərində
Bəşərin xilaskar rəhbəri sənsən!..

Bir müddət bu şeirdən sonra Müşfiqə qarşı olan hücumlar, ədəbi tənqid səngidi. Lakin, zaman şairin əleyhinə işləyirdi. Buna Müşfiqin qələm dostları da rəvac verirdilər.

 “Kommunist qəzetinin” 1937-ci ilin 20 iyun tarixli nömrəsində Ə.Əkbər imzası ilə “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” adlı məqalədə Müşfiqlə bağlı bəzi fikirlərə nəzər salaq: “Xalq düşmənləri, müsavatçı,pantürkist ünsürlər sovet ədəbiyyatının inkişafına hər vəchlə mane olmuşlar. Azərbaycan Sovet Yazıçıları İttifaqına soxulan kontrrevolyusioner, alçaq müsavatçıların havadarı,- ikiüzlü Əhməd Cavad, Hüseyn Cavid, Sanılı və onların ayrılmaz quyruğu Mikayıl Müşfiq uzun illər boyu sosializm quruluşumuza istər açıq,istərsə də gizli surətdə zidd olmuş və  murdar işlərini davam etdirmişdir...

...Öz pantürkist çıxışları ilə əsl reaksion simasını çoxdan bəri göstərmiş olan Mikayıl Müşfiq təqib edilən  bir ilan kimi ədəbiyyata öz zəhər tuluğunu boşaltmağa hər vəchlə çalışmışdır.
Müsavatçıların əl tulası olan Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdı ki, o, irəliləyən sovet ədəbiyyatına müqavimət göstərmiş və hətta Azərbaycan Sovet Yazıçıları İttifaqının üçüncü plenumunda son dərəcə əclaf çıxış edərək,kontrrevolyusioner, eqoist Müşfiq yeni yetişən gəncliyi açıqdan-açığa həvəsdən salır, onları ədəbiyyatdan uzaqlaşdırmağa çalışır...”.

Bu qəbil yazılardan  çox sitat gətirmək olar. Məhz, bu qəbil məqalə və yazılar,çıxışlar Müşfiqin ölümünə hökm oxunmasına, onun qətlə yetirilməsinə rəvac vermişdir. Müşfiqin ifşasına həsr olunmuş daha bir yazı diqqət çəkir. Bu şair Məmməd Rahimin 1937-ci ilin avqust ayında ədəbiyyat qəzetində dərc etdirdiyi “Kontrrevolyusioner, kantrabatçı,oğru” adlı məqalədir. Məqalədə Müşfiq haqqında yazılan iynələrə nəzər salaq:... Müşfiq ilk qidasını Türkiyənin aristokrat şairi Hamid və kontrrevolyusioner Hüseyn Caviddən almışdır. Onun “Küləklər” kitabçası hər cür meşşan, anarxist və yaramaz qara antisovet kontrrevolyusioner fikirlər ilə doludur.

.... Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolyusion temalar arxasında gizlənməyə çalışırdı.
Ümumiyyətlə dildə, osmanizmə oriyentasiya hiyləgər Müşfiqin apardığı siyasətin bir qolu idi. Pantürkist Müşfiq dildə osmanizmi təbliğ edirdi. O,müstəqil Sovet Azərbaycanının dilini tanımayırdı. O, pantürkist,panislamist bir dil ilə Azərbaycan xalqı dili arasında büllurlaşmağa doğru gedən doğma sovet ədəbiyyatı dili arasında heç bir fərq görməyirdi.
...Müşfiq dili və şeirlərindəki kantrabanda yolu ilə gətirdiyi fikirləri etibarı ilə bu günə, proletariata sadiq bir şair olmamışdır...
Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş,maskaları tamamilə yırtılmışdır.Düşməni amansızcasına ifşa etməklə prinsipial tənqid hələ çox işlər görməlidir...”.
Baxın, əziz oxucularım, belə yazılarla,yalançı ifşalarla Müşfiq təbii ki ölümə yuvarlanırdı və sonda qətlə yetirildi.
Məmməd Rahimin mövqeyi üzərində durmaq istəyirəm. O, Müşfiqlə yaxından dost idi. Hələ subaylıqdan başlayaraq evlilik həyatına qədər bir yerdə idilər, necə deyərlər bir çəkiclə bir zindanı vururdular. Amma, amansız qanlı terror rejimi bu iki dostu bir-birinə düşmən etdi. Əslində burada bir məqam da nəzərdən qaçılmamalıdır. Müşfiqə daha bir güclü zərbəni məhz dostu Məmməd Rahimi onun əleyhinə “ifşaedici məqalə” yazmaqla vurdular. Müşfiqdən fərqli olaraq Məmməd Rahim zəif iradəli oldu, təqiblərə, təzyiqlərə sinə gərməyərək məqaləni yazdı. Ürəkdən istəmədi,qorxudan yazdı. Ömrünün sonuna qədər vicdan əzabının dəhşətlərini yaşamağa məhkum olundu. Ailəsi dağıldan, tifaqa çevrildi...

Təkcə Müşfiq özü yox bütün ailəsi repressiyanın qurbanına çevrildi. Həyat yoldaşı Dilbər Axundzadə tək adamlıq kamerada ağır işgəncələrdən sonra əsəb sarsıntısı keçirdi, ruhi xəstəxanaya yerləşdirildi. Bacısı Böyükxanım onu aparmağa gələn NKVD işçilərindən bəhanə ilə aralanaraq mətbəxə keçir,üstünə ağ neft tökərək odlayır və həlak olur. Kiçik bacısı Balacaxanım isə istintaq zamanı müstəntiqin həqarətlərinə dözməyərək, masadaki su qrafinini onun başına çırpır,həbs olunur,sürgün həyatı yaşamağa məhkum olunur.Bəraətdən sonra psixoloji durumda tək ömrünü başa vurur.Bu, bir ailənin faciəsi,repressiyanın günahsız qurbanları deyilmi?...


Lakin, həyat davam edəcək, Müşfiq yenidən dünyaya günəş kimi doğacaqdı.Bu hadisə 1956-cı ildə baş verdi. O gündən Müşfiq yenidən xalqın yaddaşına qayıtdı,xalq sevgisi,xalq pərəstişi qazandı...   
Mikayıl Müşfiq kimdir? Öncə özü bu suala doğru-dürüst cavab verib:

Mən çıxdım zialı bir ailədən,
Xəyalımda Millət, ruhumda vətən.

Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində özünə məxsus yeri var. Şair,dramaturq,pedaqoq,maarifpərvər Mirzə Əbdülqədir İsmayılzadə Vüsaqinin ailəsində dünyaya göz açıb.Bəlkə elə buna görədir ki,o sanki anadangəlmə şair doğulub.

Mikayıl Müşfiq təpədən dırnağa fitri istedad sahibi,sözün əsl mənasında qəlbin,ruhun şairi idi. O,hec bir vəchlə təsadüfi “şairləri”, qəbul etmirdi:
Şairə ilhamdan maya gərəkdir,       
Anasız çocuğa daya gərəkdir.
Şairəm söyləyir yerindən duran       ,
Adamın üzündə haya gərəkdir.

Şairin yaradıcılığını təsnifatlandıra görmək  olur ki, onun əsərlərində “Ana”, “Vətən”, “Həyat”, “İnsan”, “Təbiət”, “Tərəqqi”, “Gözəllik”, “Sevgi” əsas mövzunu təşkil edir.
Müşfiq ilk növbədə könül rübabımı telləri tək zərif olan lirik, romantik, gənclik, məhəbbət şairi olub. “Yenə o bağ olaydı”, “Həyat sevgisi”, “Yadıma düşdü”, “Sənə qurban ”, “Sənin gülüşlərin” və s. şairə şöhrət gətirib, dillər əzbərinə çevrilib, nəğmələrə dönüb:

Baxışın qəlbimi incitmişdir,
Bu baxışdan, bu duruşlardan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir.
Bir də baxsan mənə, fikrim dönəcək.

Müşfiq zamanəmizin ən dəyərli, sevilən uşaq şairi kimi də ədəbiyyat tariximizdə iz qoyub. Demək olar ki, hər birimiz şairi “Şəngül, Şüngül, məngül” mənzum nağılı “Kəndli və ilan” mənzum nağılı, , “Qaya” poeması da uşaq ədəbiyyatımızın nadir incilərindəndir.
Mütərəqqi dünya və rus ədəbiyyatına mükəmməl yiyələnməsi, ərəb, fars, rus dillərində sərbəst danışması, klassik ədiblərimizin yaradıcılığına dərindən bələd olması onu bədii tərcümənin mahir tərcümanı kimi də tanıdıb. Ə.Q.Firdovsinin “Şahnamə” poemasından bəzi parçaları, Ömər Xəyyamın rübailərini, A.S.Puşkinin “Qaraçılar” poemasını, “Poltava” poemasından bəzi parçaları, M.Y.Lermontovun “Şairin ölümünə” şeirini, “Demor” poemasını, M.F.Axundovun”A.S.Puşkinin ölümünə şərq poemasını”, T.Q.Şevçenkonun “Qafqaz”, “Vəziyyət ”, “Dualarım” və s. əsərlərini, İ.P.Utkinin “Gecə çeşməsi” və s. əsərlərini ana dilimizə çevirib, Azərbaycan oxucusuna sevdirib.

Şairin əsərlərində bir məqam da diqqət çəkir. Bu onun öncülllüyü, uzaq görənliyidir. Müşfiq 87 il öncə “Telefon” şeirində bu gün məişətimizə, həyatımıza daxil olan video telefonu, skaypı vəsf edib:

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telefonda fikrimi açarkən sənə
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.



Mübalığəsiz demək olar ki, Müşfiq ən çox sevilən, oxunan nəğməkar şairdir.
Onun şeirlərinə Hacı Xanməmmədov, Cahangir Cahangirov, Zeynəb Xanlarova,  Əlibaba Məmmədov, Şəfiqə Axundova, Ələkbər Tağıyev, Ramiz Mirişli, Oqtay Kazımı və s. bəstəkarlar müraciət edib.
Bu mahnılar SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Zeynəb Xanlarovanın, xalq artistləri Şövkət Ələkbərova, Gülağa Məmmədov, Əlibaba Məmmədov, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, Nisə Qasımova, Brilliant Dadaşova, Mələykəxanım Əyyubova, İlhamə Quliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Ədilə Əflaki-Nəzərli, müğənnilər Kərim Abasov, Rəşad İlyasov və s. repertuarını bəzəyir.

Mikayıl Müşfiq həm də bir şəxsiyyət kimi iz qoyub. O, ilk növbədə vətənini, xalqını, millətini, el-obasını, soykökünü sevən, ona bağlı olan bir vətəndaş-şair olub. O, təpədən dırnağa türkçü idi. Çünki, onun damarlarında türk qanı axırdı. O, İslam dininə könüldən bağlı idi, dərin etiqadı, sevgisi vardı. Allah sevdalısı idi. Müşfiq həm də bir qəhrəmanlıq, kişilik mücəssiməsi idi. Bütün amansız, misli görünməmiş əzab-əziyyət, işgəncələrə, psixoloji təsirlərə rəğmən öz ustadı, müəllimi olan Hüseyn Cavidə, Əhməd Cavada dönük çıxmadı, onları satmadı. Bu da Müşfiqin böyüklüyünün bariz nümunəsidir deyilmi?

Mikayıl Müşfiq bu günümüzü görürdü, gündən-günə gözəlləşən diyarımızı sevərək vəsf edirdi.

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki,
Böyük günlər, şanlı günlər, sən günlər
Könlümə düşən günlər,
Hələ qarşımızdadır.

Bəli, O, doğma Azərbaycanımızı hürr, müstəqil, azad görmək arzusundaydı. Bu arzu, istəklər çin oldu,  Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.
29 il qısa, lakin son dərəcə şərəfli, mənali,parlaq ömür sürən  özü demişkən xalqı ilə titrəyən, xalq ilə gülən, vətən üçün yaşayan, vətən üçün ölən, səmimi bəxtəvar insan olan Mikayıl Müşfiq XX əsr Azərbaycan ədəbiyyatıın klassikına çevrilib, müasir Azərbaycan poeziyasının banilərindən oldu.
Adətən, Nizami, Füzuli, Nəsimi dedikdə gözlərimiz önündə yaşlı bir nuranı kişi obrazı canlanır. Lakin, bu gün 108 yaşlı Mikayıl Müşfiq gözlərimiz önündə elə 29 yaşlı  yaraşıqlı, gözəl simada canlanır, xatirələrə köçür.

M.Müşfiqə daimə xalq məhəbbəti, dövlət qayğısı vardır. Xalq onu hər zaman ehtiramla yad edir, ildə 2 dəfə Bakıda və Xızıda büstü önündə tədbirlər keçir. Şairin adı əbədilləşdirilib. Adına küçələr, məktəblər, parklar, qəsəbələr vardır. Yubiley markası buraxılıb. Azərbaycan Respublikasının Prezidenti zat- aliləri, cənab İlham Əliyevin sərəncamı ilə şairin 100 illik yubileyi respublikada təntənə ilə qeyd olunub.

Hazırda şairin 110 illiyinə hazırlıq işləri gedir.



Bir zaman dahi dramaturq Cəfər Cabbarlının ölümünə həsr etdiyi şeirində söylədiyi fikriləri bu gün Müşfiqin özünə aid etmək olar.

... Fəqət ölən deyil onun sənəti,
Bağlamış adına əbədiyyəti.

Fikirlərimi Mikayıl Müşfiqin 1931-ci il yanvarın 27-də qələmə aldığı bu sətirlərlə bitirirəm: “İnsanın ömrü bir çiçəyin ömründən daha qısadı. Çiçək solur və tökülürsə, bu gün gülən, sevilən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmək ehtimalı yox! Lakin bu heç də qorxulacaq bir şey deyildir.

Həyatda əbədi və daimi yaşamaq hər kəsin öz əlindədir. Cəmiyyət həyatı əbədi və ölməzdir. O, dalğalanan, daşan və inkişaf edən bir seldir ki, getdikcə yeni dalğalar əskilərini basaraq köpüklənir. Bu sel ölümsüz və sonsuzdur.Bu selin ağuşuna atılanlar və öz xüsusi həyatlarını cəmiyyət həyatına fəda edənlər üçün həyat əbədi və daimidir”. Böyük məna və fəlsəfi fikir var bu sətirlərdə deyilmi? Qulağıma bir səs gəldi, sanki, Müşfiqin öz səsində:

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl, çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal,sənə qurban.

Ruhun şad olsun Müşfiq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir