“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi təmsilçisi, texnika üzrə fəlsəfə doktoru jurnalist İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov kitabın müəllifi İbrahim Nəbioğlunun ziyalı, alim və maarifçi kimi fəaliyyətindən bəhs edib. O, tədbir iştirakçılarını bir araya gətirən əsas məqamın yalnız yeni kitabın təqdimatı deyil, həm də zəngin bilik və mütaliə mədəniyyətinə malik bir ziyalı ilə görüşmək imkanı olduğunu diqqətə çatdırıb.
Akademik Rafael Hüseynov “Oxumaq və unutmaq paradoksu” kitabının İbrahim Nəbioğlunun Azərbaycan və dünya elmi, ədəbiyyatı, mədəniyyəti, eləcə də ictimai düşüncəsi ilə bağlı araşdırmalarını, mülahizələrini və oxucu ilə bölüşmək istədiyi fikirləri özündə birləşdirən əsər olduğunu vurğulayıb. Qeyd edib ki, kitabın səhifələrində müxtəlif sahələrə aid biliklərin, tarixi faktların və görkəmli şəxsiyyətlər haqqında məlumatların yer alması onun maarifçilik missiyasını daha da gücləndirir.
O, İbrahim Nəbioğlunun yaradıcılığının mühüm xüsusiyyətlərindən birinin mürəkkəb elmi və intellektual məsələləri sadə, anlaşıqlı və maraqlı dillə təqdim etmək bacarığı olduğunu bildirib.
Akademik Rafael Hüseynov qeyd edib ki, maarifçinin əsas vəzifələrindən biri cəmiyyətdə mövcud olan bilik boşluqlarını aradan qaldırmaq, insanlara yalnız məlumat vermək deyil, həm də onları düşünməyə sövq etməkdir. Bu istiqamətdə İbrahim Nəbioğlunun yanaşmalarını yüksək qiymətləndirən alim müəllifin oxucuya hazır informasiya təqdim etməklə kifayətlənmədiyini, onu yeni mövzularla tanış etdiyini, fərqli düşüncə istiqamətlərinə yönəltdiyini və mütaliəyə maraq yaratdığını diqqətə çatdırıb.
Tədbirdə, violin ifaçısı, Xalq artisti, professor Zəhra Quliyeva, musiqişünas, professor Həcər Babayeva, Anar Məmmədxanovun bacısı, Bakı Slavyan Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Naidə Məmmədxanova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərli, Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev, SİTA-nın İstanbuldakı sabiq xüsusi müxbiri Azər Cahangirov və digər qonaqlar kitab haqqında fikirlərini bölüşüblər.
Təqdimat mərasimində “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov ictimai birlik adından İbrahim Nəbioğlunu təbrik edərək, ona Fəxri Diplom təqdim edib.
Sonda nəşrin müəllifi İbrahim Nəbioğlu təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirib, “Oxumaq və unutmaq paradoksu” kitabını oxucular üçün imzalayıb.