Modern.az

Cəmiyyətin “qırmızı xətti” - Söyüşə görə qatil olmağa dəyərmi? 

Cəmiyyətin “qırmızı xətti” - Söyüşə görə qatil olmağa dəyərmi? 

14 Noyabr 2022, 10:30

Cəmiyyət 30 il əvvəlki kimi deyil. Artıq hər şey dəyişilib. İnsanların davranışı, həyata baxışı və yaşam tərzi illər öncə ilə müqayisədə tamamilə yenilənib, lakin "qırmızı xətt" toxunulmaz olaraq qalır. Bu, insanların heysiyyat və ləyaqət anlayışıdır.

 

Cəmiyyət olaraq indiyədək toxunulmaz saxladığımız "qırmızı xətt"in aşılması bəzi hallarda ağır cinayətlərə gətirib çıxarır. Bu bir həqiqətdir ki, insanlar onları təhqir edənlərin, şərəf və ləyaqətini alçaldanların qanun qarşısında cəzalandırılmasına maraq göstərmirlər və bu məsələni özləri cinayət törətməklə həll etməyə çalışırlar. Nəticədə təhqir bir insanın ölümünə və ağır yaralanmasına, digərinin uzunmüddətli həbsinə gətirib çıxarır. Təəssüf ki, belə hallar illərdir davam edir. 

 

Bəs səbəb nədir? Bir sözə görə qatil olmağa dəyərmi? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, prosesləri təhlil etmək üçün elmi mərkəzlər olmalıdır:

 

“Elmi mərkəzlər və nəzarət olmadığı üçün prosesləri nəzarətsiz buraxmışıq. Nəzarət deyərkən hamı polisi nəzərdə tutur. İndiki dövrdə yumşaq elmi metodlar effekt verir. Biz bundan istifadə etmirik, amma mürəkkəbləşən cəmiyyət bunu tələb edir. Cəmiyyətdə ictimai rəy, ictimai qınaq primitiv şəkildə formalaşıb. Ona görə yazıçılar birliyində kim rəhbər oldu, siyasi partiyalara kim rəhbərlik edəcək, AMEA-da nə olacaq və s. bu kimi mövzular primitiv şəkildə müzakirə olunur”.

 

 

Ə.Qəşəmoğlu xüsusilə meyxananın gənclərin tərbiyəsinə mənfi təsir göstərməsi barədə fikirlərə də toxunub:

 

"Bəzən cəmiyyətdə meyxananı qadağan etmək kimi fikirlər səsləndirilir. Bunu sərt rejimlə birdən qadağan etmək olmaz. 40 ildir əhalini meyxanaya öyrətmişik, televiziyalar var idi ki, bütün günü meyxananı təbliğ edirdi. Nəticə olaraq meyxananı sevən sosial təbəqə yaranıb. Cəmiyyət çox mürəkkəbləşib və elmin köməyindən istifadə etmirik. Bunun nəticəsində şagirdin biri digərini bıçaqlayır, biri döyüb ölümcül vəziyyətə salır. Eybəcər hadisələr ortaya çıxanda deyirik ki, niyə belə oldu. Çünki cəmiyyəti normal istiqamətə yönləndirmək, problemləri həll etmək mümkün deyil”.

 

 

Milli Məclisin İctimai birliklər və dini məsələlər komitəsinin üzvü Ceyhun Məmmədov isə bildirib ki, əxlaqsız söz və ifadələri din də qəbul etmir:

 

“Dinimizə görə müsəlman şəxs söyüş söyməməlidir. Bu, dində günah sayılır. Dinimiz insanların qətlinin dəstəklənməsinin tərəfində deyil. Bu cür qətillərin həlli məhkəmə yoludur, hüquqi addımların atılmasıdır. Tanınmış şəxs olsa belə əməlinə bəraət qazandırmağı düzgün hesab etmirəm. Həmin şəxsin cinayət törətməyi yox, qarşı tərəfi hüquqi müstəvidə cəzalandırması daha düzgün olardı. Bu gün belə hadisələrin baş verməsi xoşagələn deyil. Cəmiyyətin qətl hadisəsini yaxşı hal kimi qiymətləndirməsi gəncləri bu cür əməllər törətməyə təşviq edir. Qurani-Kərimdə Allah buyurur ki, 1 nəfərin qətlə yetirilməsi bütün bəşəriyyətin qətlə yetirilməsidir. 1 insana ömür verilməsi bütün bəşəriyyətə həyat verilməsi mənasına gəlir. Bunun üçün belə məsələlərdə hər birimiz diqqətli olmalıyıq. Cəmiyyət söyüşdən, təhqirdən və intiqam hisslərindən uzaq olmalıdır”.

 

Psixoloq Aytən Ələkbərova isə meyxanaçı Rəşad Dağlının törətdiyi qətli nümunə göstərərək, insanların məlum hadisəyə reaksiyasına münasibət bildirib. 

 

"Bəzən insanlardan hansısa xoş olmayan addımı gözləmirik deməklə yanlışlığa yol veririk. Cəmiyyətin bu addımı "qatili dəstəkləyirik" demək deyil. Yaxınları narkotik bəlasından əziyət çəkənlər onun narkotiklə bağlı fikirlərini dəstəkləyir. İnsanlar fikirlərini istədikləri kimi çatdıra bilmirlər. Cəmiyyət onun əməlinə yox, fikirlərinə üstünlük verir. Bir sözün arxasınca gedərək özümüzü xoşbəxt də edə bilərik, bədbəxt də. Ancaq söyüşə görə kimisə öldürmək doğru addım hesab olunmur. Bir sözə görə insanların özünü bədbəxt etməsi, ailəsini, gələcəyini düşünməməsi yanlış haldır. Həmin an çalışmalıyıq ki, əsəblərimizi cilovlayaq, özümüzü sakitləşdirək, cinayətdən uzaq duraq. Nə qədər çətin olsa da, bunu bacarmalıyıq. Bir sözə görə özümüzü və ailəmizi məhv etməməliyik. Sonrakı peşmançılıq fayda vermir”, - deyə psixoloq vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi