Almaniyanın Gelzenkirhen şəhərində 31 yaşlı qadın uşaq meydançasında skamyada oturub ağladığı üçün 25 avro cərimələnib.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, Hana adlı kimya fakültəsinin tələbəsi parkda gəzməyə çıxıb. Skamyada oturaraq xalası ilə telefonla danışarkən təhsil və maddi problemlərinə görə ağlamağa başlayıb. Bu zaman üç ictimai asayiş əməkdaşı ona yaxınlaşıb və meydançada uşaqları olmadığı halda parka gəldiyi üçün cərimə yazıblar.
Qadın belə bir qadağanın mövcudluğundan xəbərsiz olduğunu bildirib və əməkdaşların ona qarşı daha anlayışlı davranmalı olduqlarını deyib.
Gelzenkirhen bələdiyyəsinin qaydalarına əsasən, uşaq meydançalarına yalnız 14 yaşadək uşaqlar və onları müşayiət edən böyüklər daxil ola bilər. Məhdudiyyət təhlükəsizlik məqsədi daşıyır.
Hadisə yerli siyasətçilər arasında da müzakirələrə səbəb olub. Sosial-demokratların nümayəndələri hesab ediblər ki, bu halda cərimə əvəzinə xəbərdarlıqla kifayətlənmək olardı.