Modern.az

Hər şey belə başlamışdı: 24 fevrala gətirən səbəblər - TƏHLİL

Hər şey belə başlamışdı: 24 fevrala gətirən səbəblər - TƏHLİL

24 Fevral 2023, 10:36

Ukraynada müharibə ikinci ilinə qədəm qoyur. Ölkənin şərqində və cənubunda döyüşlər getdikcə şiddətlənir, Kiyevin müttəfiqləri Rusiya işğalının birinci ildönümündə dəstək nümayiş etdirirlər. 

 

Bir ildir davam edən müharibədə Kiyevi dəstəkləyən Paris Eyfel qülləsini Ukrayna bayrağının mavi və sarı rənglərində işıqlandırdı, Londonda keçirilən tədbirdə insanlar Ukrayna bayraqlarına büründü, Brüsseldə Avropa İttifaqının binalarında Ukrayna bayraqları göründü. Ancaq müharibənin sonu görünmür və sülh üçün ümidlər hər keçən gün daha da azalır.

1219508

Ukrayna uzun müddətdir ki, qlobal təhlükəsizlik nizamı üçün mühüm önəmə malikdir. Bir çox analitiklərin fikrincə, bu gün Ukrayna qarşıdakı onilliklərdə beynəlxalq münasibətlərdə hökmranlıq edəcək böyük güc rəqabətinin ön cəbhəsindədir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsi Krımın ilhaqı ilə başlayan və Avropanın təhlükəsizliyi üçün tarixi dönüş nöqtəsi olan münaqişənin kəskinləşməsinə səbəb oldu. Döyüşlərin başlamasından bir il sonra əksər hərbi və xarici siyasət ekspertləri müharibəni Rusiya prezidenti Vladimir Putinin böyük strateji səhvi kimi qiymətləndirdilər. Bir çox müşahidəçilər qarşıdakı aylarda diplomatik həll üçün az perspektiv görür və bunun əvəzinə Rusiyanın nüvə silahından istifadəsini əhatə edə biləcək təhlükəli eskalasiya potensialını daha ciddi qəbul edirlər.


Ukrayna Soyuq Müharibə illərində ABŞ-ın əzəli rəqibi olan Sovet İttifaqının təməl daşlarından idi. Burada ittifaqın kənd təsərrüfatı istehsalı, müdafiə sənayesi və hərbi hissələri, o cümlədən Qara dəniz donanması və nüvə arsenalının bir hissəsi yerləşirdi. Ukrayna ittifaq üçün o qədər həyati əhəmiyyət kəsb edirdi ki, onun müstəqillik qərarı xəstə fövqəldövlət üçün çevrilişə gətirib çıxardı. Müstəqilliyinin 30 ilində Ukrayna Avropa İttifaqı və NATO da daxil olmaqla, Qərb institutları ilə daha sıx əlaqə qurmağa çalışarkən suveren dövlət kimi öz yolunu tutmağa çalışıb. Bununla belə, Kiyev xarici əlaqələrini tarazlaşdırmaq və dərin daxili fikir ayrılıqlarını aradan qaldırmaq üçün mübarizə aparırdı. Ölkənin qərb bölgələrində yaşayan daha çox milli və ukraynadilli əhali ümumiyyətlə Avropa ilə daha geniş inteqrasiyanın tərəfdarıdır, şərqdə isə rusdilli icma Rusiya ilə daha sıx əlaqələrə üstünlük verirdi. Lakin bu, Rusiyanın işğala başlaması ilə alt-üst oldu və demək olar, bütün Ukrayna əhalisi işğala qarşı mübarizəni bütün qəlbi ilə dəstəkləməyə başladı.

 

1219510
2014-2021-ci illər arasında Donbasda gedən döyüşlərdə 14 mindən çox insan həlak olub ki, bu da 1990-cı illərdəki Balkan müharibələrindən sonra Avropada ən qanlı münaqişədir. 2022-ci ilin fevralında Rusiya Qərbə rəğbət duyan Volodimir Zelenski hökumətini devirmək məqsədi ilə Ukraynaya genişmiqyaslı müdaxiləyə başladı. Sovetlərin dağılmasından sonra bir çox rus siyasətçiləri “Ukrayna ilə boşanmanı” tarixi səhv və Rusiyanın böyük dövlət nüfuzuna təhlükə kimi qiymətləndirdilər. Ukrayna üzərində daimi nəzarəti itirmək və onun Qərb orbitinə buraxılması bir çoxları tərəfindən Rusiyanın beynəlxalq gücünün azalması kimi qiymətləndirildi. 2022-ci ildə isə Putin Ukrayna ilə müharibəni Rusiyanı məhv etmək niyyətində olan Qərb güclərinə qarşı daha geniş mübarizənin bir hissəsi kimi təqdim etdi.


Xüsusilə 2004-cü ildə Moskvanın Ukrayna prezidentliyinə üstünlük verdiyi namizəd Viktor Yanukoviç narıncı inqilabda xalq hərəkatının bir hissəsi kimi islahatçı rəqibinə uduzduqdan sonra Rusiya Ukraynada və bütün keçmiş Sovet İttifaqı coğrafiyasında siyasi təsirini qoruyub saxlamaqda maraqlı idi. Rusiyanın Ukraynadakı maraqlarına bu zərbə 2003-cü ildə Gürcüstanda qızılgül inqilabı kimi tanınan Kremlin analoji seçki məğlubiyyətindən sonra baş verdi və ardınca 2005-ci ildə Qırğızıstanda növbəti inqilab oldu. Yanukoviç daha sonra Ukraynanın prezidenti seçildi. 2013-14-cü illərdə Ukraynanın Aİ ilə əlaqələri Rusiya ilə gərginliyi zirvəyə çatdırdı. 2013-cü ilin sonlarında Moskvadakı tərəfdarlarının təzyiqi ilə hərəkət edən prezident Yanukoviç Avropa ilə daha sıx iqtisadi əlaqələri rəsmiləşdirmək planlarından imtina etdi. Rusiya eyni zamanda Ukraynanı hələ formalaşmamış Avrasiya İqtisadi İttfaqına qoşulmağa məcbur edirdi. Bir çox ukraynalı Yanukoviçin qərarını korrupsioner və səriştəsiz hökumətin xəyanəti kimi qəbul etdi və bu, Avromaydan kimi tanınan ölkə miqyasında etirazları alovlandırdı. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Krımı gizli işğal əmrini verdi və sonradan xilasetmə əməliyyatı kimi əsaslandırdı. “Hər şeyin bir həddi var. Ukrayna ilə isə qərbli tərəfdaşlarımız sərhədi keçiblər”, - Putin 2014-cü ilin martında ilhaqı rəsmiləşdirən müraciətində demişdi. Ardınca Donbas işğal olundu.

1219511
Bəzi Qərb analitikləri Rusiyanın 2022-ci ildə başlatdığı yeni işğal dalğasını NATO-nun “Soyuq Müharibə”dən sonra keçmiş sovet təsir dairəsində genişlənməsi müqabilində Kremlin artan narazılığının kulminasiya nöqtəsi kimi görürlər. Putin də daxil olmaqla Rusiyanın rəhbər şəxsləri iddia ediblər ki, ABŞ və NATO 1990-cı illərin əvvəllərində alyansı keçmiş sovet blokuna doğru genişləndirməmək barədə verdikləri vədini dəfələrlə pozub. Onlar Rusiya üçün bu keşməkeşli dövrdə NATO-nun genişlənməsini alçaldıcı addım kimi qiymətləndiriblər. NATO-nun 2008-ci ildəki Buxarest sammitinə bir neçə həftə qalmış prezident Putin ABŞ diplomatlarına xəbərdarlıq etmişdi ki, Ukraynanı alyansa daxil etmək üçün atılan addımlar “Rusiyaya qarşı düşmənçilik olacaq”. Aylar sonra Rusiya Gürcüstanla müharibəyə başladı, görünür, Putin ölkəsinin maraqlarını təmin etmək üçün gücdən istifadə etməyə hazır olduğunu nümayiş etdirmək istəyirdi.

 

Ukrayna isə üzv olmamasına baxmayaraq, 2022-ci il işğalından əvvəlki illərdə NATO ilə əlaqələrini genişləndirdi. Ukrayna alyansla illik hərbi təlimlər keçirirdi və 2020-ci ildə blokun üzv olmayan ən yaxın müttəfiqləri üçün xüsusi status olan 6 tərəfdaşından biri oldu. Bundan əlavə, Kiyev NATO-ya tam üzv olmaq məqsədini müharibədən əvvəl təsdiqləmişdi. İşğaldan bir neçə həftə əvvəl Rusiya Avropa İttifaqı və NATO-ya qarşı bir sıra mühüm təhlükəsizlik tələbləri ilə çıxış etdi: Alyansın genişləndirilməsini dayandırmaq, NATO-nun 1997-ci il hüdudlarına yerləşdirmələr, Rusiyadan razılıq almaq və ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmaq. Alyans liderləri cavab verdilər ki, onlar diplomatiyaya açıqdırlar, lakin NATO-nun qapılarını yeni üzvlərə bağlamaq məsələsini müzakirə etmək istəmirlər.

1219513
Beləliklə, savaş başladı... Ukrayna qüvvələri cəsarətli müqavimət göstərərək, Kiyev də daxil olmaqla, bir çox ərazilərdə Rusiya ordusunu darmadağın etməyə müvəffəq oldu. Bir çox müdafiə analitikləri deyirlər ki, Rusiya qüvvələri aşağı əhval-ruhiyyə, zəif maddi-texniki təchizat, Ukraynanın tez və asanlıqla süqutuna söykənən “optimist” güman və səhv düşünülmüş hərbi strategiya səbəbindən acınacaqlı hala düşdü. 2022-ci ilin avqustunda Ukrayna Xarkov və Xerson vilayətlərində minlərlə kvadrat kilometr ərazini geri alaraq Rusiya qüvvələrinə qarşı böyük əks-hücum əməliyyatına başladı. Kampaniyalar Rusiya üçün heyrətamiz bir uğursuzluq oldu. Rusiyanın geri çəkildiyi bir vaxtda Putin əlavə 300 min əsgərin səfərbər edilməsini əmr etdi, Ukraynanın daha dörd bölgəsini qanunsuz olaraq ilhaq etdi və Rusiyanın “ərazi bütövlüyünü” müdafiə etmək üçün nüvə silahından istifadə edəcəyi ilə hədələdi.

 

Sonrakı aylarda döyüşlər Donbasdakı müxtəlif cəbhələrdə cəmləşdi və Rusiya Ukraynanın bir neçə uzaq şəhərlərində, o cümlədən Kiyevdə mülki infrastrukturu raket və dron zərbələri ilə hədəfə almaq üçün yeni taktika qəbul etdi.


Beynəlxalq təsirlərə gəlincə, deyə bilərik ki, müharibə Qərb və Rusiyanın qarşıdurmasını daha da gərgin vəziyyətə gətirmiş oldu. ABŞ Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına sadiqliyini dəfələrlə bəyan edib. Vaşinqton Rusiyanın Krıma və ya Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş digər bölgələrə dair iddialarını qəbul etmir. 2022-ci ilin işğalından əvvəl ABŞ Minsk razılaşmaları vasitəsilə Donbasda münaqişənin həllini dəstəkləmişdi.

1219514

Qərb gücləri və onların tərəfdaşları Ukraynaya yardımı artırmaq və Rusiyanı 2022-ci il hücumuna görə cəzalandırmaq üçün bir çox addımlar atıblar. 2023-cü ilin fevralına kimi ABŞ Ukraynaya raket və raket sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları və tanklar kimi qabaqcıl hərbi yardımlar daxil olmaqla 50 milyard dollardan çox yardım edib. Eyni zamanda bir neçə NATO müttəfiqi də analoji yardımını davam etdirir. Rusiyaya qarşı beynəlxalq sanksiyalar onun maliyyə, enerji, müdafiə və texnoloji sektorlarının böyük hissəsini əhatə edib, oliqarxların və digər şəxslərin aktivlərini hədəf alaraq xeyli genişlənib.

Bu xəbər ilə bağlı
Dünyanın düzənini dəyişən müharibənin bir ili - Ən vacib məqamlar
Xəbəri oxu


İşğaldan bir neçə gün sonra prezident Zelenski Avropa İttifaqından Ukraynaya üzvlük üçün sürətli yol təşkil etməyi xahiş etdi və ölkə 2022-ci ilin iyununda Aİ üzvlüyünə rəsmi namizəd oldu, lakin ekspertlər üzvlük prosesinin illərlə çəkə biləcəyini düşünürlər. Zelenski paralel olaraq, Ukraynanın NATO-ya üzv olması üçün rəsmi ərizə təqdim edərək, bu beynəlxalq təşkilata qəbul prosesinin sürətləndirilməsini tələb etdi. Bir çox qərbli analitiklər deyirlər ki, Ukraynanın Aİ-yə namizədliyi kimi, yaxın perspektivdə NATO-ya üzvlük prosesi də xeyli çətin, uzun və ağır olacaq.


İstənilən halda, müharibənin ilk ildönümündə Rusiyanın məqsədinə çatmadığını və uğursuzluğa düçar olduğunu, Ukraynanın isə bu gün olmasa da, sabah Avropanın inkişaf etmiş, yüksək rifah səviyyəsinə çatmış, demokratik və müstəqil ölkəsinə çevriləcəyini reallıq kimi qəbul etmək olar.

 

Modern Təhlil Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir