Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə mümkün görüşlə bağlı ilk dəfə müsbət mesaj verib. O bildirib ki, nəhayət, Putin görüşə razılaşıb. Bununla belə, Zelenski görüşün vaxtı və keçiriləcəyi məkanla bağlı əlavə detal açıqlamayıb.
Mümkün görüşün hansı ölkədə keçiriləcəyi isə beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Son illərdə beynəlxalq diplomatiyada etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycanın belə bir görüş üçün platforma ola biləcəyi ehtimalı da müzakirə olunur. Eləcə də bundan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri üçün görüş yerinə çevrilmiş İstanbulda da iki liderin bir araya gəlməsi mümkün görünür.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bu yaxınlarda hər hansı görüşün olacağını gözləmədiyini bildirib:
“Bu məqamda Rusiya tərəfinin sözlərini diqqətlə izləmək lazımdır. Rusiya prezidenti deyib ki, görüşmək olar, qoy Zelenski Moskvaya gəlsin. Zelenski gedib Moskvada başını əyib Rusiyanın qarşısında duran deyil. Ayrı bir yerdə görüşmək üçün isə proqram elə hazırlanmalıdır ki, orada əsas sənədləri imzalamaq mümkün olsun. Söhbət əsaslı sənədlərə gəlib çıxanda Rusiya prezidentinin xarici məsələlər üzrə müşaviri Yuri Uşakov yenə də Ukrayna tərəfindən qəbulolunmaz sayılan şərtlər irəli sürür. Ruslar tələb edirlər ki, Donbassın 6 min kilometr ərazisini Ukrayna öz xoşu ilə təhvil verməlidir. Bu isə mümkün deyil. Ona görə də yaxın vaxtlarda liderlərin görüşünü gözləmirəm".

Görüşün Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı isə parlamentari deyib:
"Azərbaycanın şərait yaratmağa bütün imkanları mövcuddur. Coğrafi və siyasi baxımdan həm Ukrayna, həm də Rusiya üçün Bakı şəhəri görüş üçün məqbuldur. Sadəcə olaraq, tərəflər real sülhə addımlarının atılmasını elan etmirlər. Belə bir addım atılacağı təqdirdə, əlbəttə, Bakı bu görüşü həyata keçirmək üçün hazırdır".
Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı, Türkiyə-Azərbaycan Dostluq qrupunun sədri Şamil Ayrım saytımıza açıqlamasında Türkiyənin ən güclü namizədlərdən biri olduğunu söyləyib:
“Belə bir liderlər zirvəsinin baş tutacağı halda, ev sahibi ölkələr arasında ən güclü namizədlərdən birinin Türkiyə olduğu qiymətləndirilir. Türkiyə müharibə boyunca həm Moskva, həm də Kiyevlə əlaqələri qoruyub saxlaya bilən balanslı diplomatik yanaşması sayəsində beynəlxalq ictimaiyyətdə xüsusi mövqe qazanıb.
İstanbulda keçirilən danışıqlar - Taxıl Dəhlizi sazişi, əsir mübadiləsi prosesləri və Qara dəniz təhlükəsizliyi ilə bağlı təşəbbüslər Türkiyənin vasitəçilik potensialını konkret şəkildə ortaya qoyub. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğanın hər iki liderlə birbaşa əlaqə qura bilməsi Türkiyənin diplomatik çəkisini artıran mühüm amillərdən biri hesab olunur”.

Parlamentari vurğulayıb ki, İstanbulun yenidən diplomatik təmasların mərkəzinə çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir:
“Türkiyənin mümkün zirvə görüşü üçün önə çıxmasının əsas səbəbləri - tərəflərlə kommunikasiya kanallarını açıq saxlaya bilməsi, balanslaşdırıcı və konstruktiv xarici siyasət yanaşması, Qara dənizdə strateji rolu, əvvəlki danışıqlarda etibarlı platforma formalaşdırması, regional sülh və sabitlik istiqamətində aktiv diplomatiya yürütməsi kimi faktorlarla əlaqəlidir.
Bununla yanaşı, belə bir görüşün keçirilməsi yalnız ev sahibi ölkənin seçimi ilə bağlı deyil. Cəbhədəki hərbi vəziyyət, ABŞ və Avropanın yanaşması, Rusiyanın təhlükəsizlik gözləntiləri və Ukraynanın diplomatik şərtləri prosesin istiqamətini müəyyən edəcək əsas amillərdir. Lakin mövcud vəziyyət nəzərə alındıqda, İstanbulun yenidən diplomatik təmasların mərkəzinə çevrilməsi ehtimalı kifayət qədər yüksək görünür. İstanbul keçmişdə olduğu kimi, bu gün də Şərqlə Qərb arasında diplomatik körpü qura bilən ən mühüm şəhərlərdən biri statusunu qoruyur. Belə bir zirvə görüşünün Türkiyədə keçirilməsi regional sülh səylərinin güclənməsi, Qara dənizdə sabitliyin dəstəklənməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin azaldılması, Türkiyənin qlobal diplomatiyadakı rolunun daha da möhkəmlənməsi baxımından mühüm nəticələr doğura bilər”.