ATƏT-in Minsk qrupu 1992-ci ilin martında Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılsa da, fəaliyyəti boyu real nəticə verməyən bir instituta çevrildi. Təxminən 30 il davam edən bu prosesdə vasitəçilər ədalətli həll tapmaq əvəzinə, mövcud status-kvonu qorumağa və işğalı leqallaşdırmağa xidmət edən bir siyasət yürütdülər. Lakin Azərbaycanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ilə qazandığı tarixi Zəfər bu qurumun missiyasını tamamilə əhəmiyyətsiz hala gətirdi. 2024-cü ilə gəldikdə isə Azərbaycanın ardıcıl diplomatik həmlələri və rəsmi Bakının qətiyyətli mövqeyi ilə Minsk qrupu artıq de-fakto və de-yure olaraq tarixin arxivinə gömüldü. Beləliklə, üç onillik boyunca davam edən diplomatik riyakarlıq dövrü rəsmən sona çatdı və regionda yeni reallıqlar dövrü başladı.
Qeyd olunmalıdır ki, həmin 32 illik dönəmdə BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ, Rusiya və Fransa - tarixin fərqli dönəmlərində bir-biri ilə rəqabət aparsalar da, Qarabağ məsələsində qəribə bir "status-kvo həmrəyliyi" nümayiş etdirirdilər. Onları birləşdirən ortaq məxrəc Qarabağ probleminin həlli deyil, onun idarə olunması idi. Bu nüvə dövlətləri üçün Cənubi Qafqazda dondurulmuş münaqişə həm regiona təsir rıçaqı, həm də strateji tarazlıq aləti rolunu oynayırdı.
Dünyada hüququn aliliyini qorumalı olan bu dövlətlər, Minsk Qrupunun həmsədrləri kimi Qarabağ məsələsində "hüquqi kar-korluq" nümayiş etdirdilər. BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri icra olunmaq üçün deyil, sadəcə kağız üzərində qalmaq üçün arxivə atılmışdı. Bu, beynəlxalq hüququn subyektiv maraqlara qurban verilməsinin bariz nümunəsi idi.
Prezident İlham Əliyev beynəlxalq kürsülərdən bu riyakarlığı ifşa edərkən əslində qlobal sistemin çürümüş tərəflərini göstərirdi. Dünyanın bir nöqtəsində qətnamələr 24 saat ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə "kompromis" və "münaqişənin hərbi həlli yoxdur" tezislərinin irəli sürülməsi, əslində təslimçi sülhə hazırlıq planı idi.
Həmsədrlərin 30 illik fəaliyyəti regionda sülh quruculuğundan daha çox "diplomatik turizm" xarakteri daşıyırdı. Xüsusi nümayəndə Anji Kasprşikin fəaliyyəti isə bu prosesin necə bir komfort zonasına çevrildiyini sübut edirdi. Regiondakı şəhərlərdəki lüks həyat tərzi və prosesin uzanmasından əldə edilən maddi-mənəvi qazanclar, vasitəçilərin marağının həlldə deyil, dondurulmuş vəziyyətdə olduğunu göstərirdi.

Vasitəçilər bəzən o qədər irəli gedirdilər ki, Azərbaycanın suverenliyini birbaşa hədəf alan terminologiyalar ("Şimali Qarabağ") uydururdular. Bu, sadəcə dil xətası deyil, Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirmək və separatizmi dövlət səviyyəsinə qaldırmaq cəhdi idi.
Şəhərlərin yerlə-yeksan edilməsi, məscidlərin təhqir olunması və ekoloji terror vasitəçilərin gözü qarşısında baş verirdi. Lakin "insan haqları" və "mədəni irs" carçısı olan bu dövlətlər, Azərbaycanın sərvətlərinin talanmasına qarşı bir kəlmə belə tənqidi fikir bildirmədilər, bu da onların işğalçı ilə faktiki əməkdaşlığını təsdiqləyirdi.
İşğal altındakı torpaqlarda həyata keçirilən qanunsuz məskunlaşma beynəlxalq cinayət sayılsa da, Minsk Qrupu bunu sadəcə "müşahidə" etməklə kifayətlənirdi. Bu sükut, işğalçı Ermənistanı daha da cəsarətləndirən ən böyük dəstək idi.
Azərbaycan ordusu 2020-ci ildə "münaqişənin hərbi həlli yoxdur" deyən bütün paytaxtlara ən sərt cavabı döyüş meydanında verdi. Bakı sübut etdi ki, əgər beynəlxalq hüquq işləmirsə, dövlətin öz gücü ən ali hüquqdur. Bu Zəfər təkcə Ermənistanın deyil, həm də 30 illik mənasız vasitəçilik institutunun məğlubiyyəti idi.
Müharibədən sonra Bakıya gələn həmsədrlərin Prezident tərəfindən qəbulu diplomatiya tarixinə bir dərs kimi düşdü. "Mən sizi dəvət etməmişəm" cümləsi, illər boyu davam edən saxta sülh oyunlarına qoyulan qəti nöqtə və suverenliyin tam bərpası bəyannaməsi idi.
Bu gün ATƏT-in Minsk Qrupu diplomatik utancın, riyakarlığın və müstəmləkə təfəkkürünün rəmzi kimi xatırlanır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bu qurumu tarixin zibilliyinə göndərdi və göstərdi ki, ədaləti gözləmək deyil, onu bərpa etmək lazımdır.
Minsk Qrupunun uğursuzluğu bir təsadüf deyil, düşünülmüş bir siyasətin nəticəsi idi. Lakin Azərbaycanın milli iradəsi bu qlobal layihəni darmadağın edərək, regionda yeni reallıq yaratdı.
Modern Təhlil və Araşdırma Qrupu