Makron çıxışında Ermənistanı Rusiyanın keçmiş “forpostu” kimi xarakterizə edib və bir neçə il əvvəl Avropa liderlərinin İrəvana səfər etmədiyini xatırladıb:
“8 il əvvəl bu ölkə bir çox dövlətlər tərəfindən de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu. Nikol Paşinyan “məxməri inqilab” həyata keçirərək ölkə üçün riskləri azaltmağa çalışdı”.
Fransa Prezidenti həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna toxunaraq ölkə ərazisində 4000 rus hərbçisi və 1000 sərhədçinin yerləşdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət Avropa İttifaqının regionda daha fəal rol oynamasını zəruri edir və Ermənistanın sərhəd təhlükəsizliyinə dəstək verilməlidir.
Lakin Makronun səsləndirdiyi siyasi qiymətləndirmələrə baxmayaraq, Ermənistanın Rusiyadan asılılığı yalnız hərbi komponentlə məhdudlaşmır. “The Economist” jurnalının qiymətləndirmələrinə əsasən, Ermənistan Rusiyadan ən çox asılı olan ölkələr sırasında ilk üçlükdə yer alır.
Modern.az-ın araşdırması göstərir ki, bu asılılıq bir neçə strateji istiqaməti əhatə edir: enerji sektoru, iqtisadiyyat və ticarət, hərbi təhlükəsizlik, sərhəd nəzarəti, həmçinin infrastruktur və nəqliyyat.
Enerji sektoru: Rusiya təsirinin əsas dayağı
Ermənistanın enerji təhlükəsizliyi demək olar ki, tam şəkildə Rusiyadan asılıdır. Ölkənin qaz təchizatı “Qazprom Armenia” tərəfindən idarə olunur və enerji infrastrukturunda Rusiya kapitalı üstün mövqeyə malikdir.
Elektrik enerjisi istehsalında da Rusiya amili mühüm rol oynayır. "Metsamor" Atom Elektrik Stansiyası ölkənin elektrik istehsalının təxminən 30-40 faizini təmin edir. Stansiyanın yanacaq təchizatı və texniki təminatı da Rusiya tərəfindən həyata keçirilir.
İqtisadiyyat və ticarət: yüksək asılılıq səviyyəsi
Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ermənistan ixracının böyük hissəsi Rusiya bazarına yönəlib. Eyni zamanda, ölkəyə daxil olan birbaşa xarici investisiyaların təxminən 70 faizinin Rusiya kapitalına bağlı olduğu bildirilir.
Ermənistanın xarici ticarətinin 1/3-i Rusiya ilə bağlıdır və 2023-cü ilin ilk 9 ayında ixrac-idxal əməliyyatlarının əhəmiyyətli hissəsi(müvafiq olaraq 51% və 30%-red) Rusiya ilə həyata keçirilib. Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistanın Rusiyaya təkrar ixracı (avtomobil, məişət texnikası və s.) 3 dəfəyə qədər artıb, bu da iqtisadiyyatı daha da asılı vəziyyətə salıb.
Bununla yanaşı, Rusiyada çalışan erməni miqrantların göndərdiyi pul köçürmələri Ermənistan iqtisadiyyatında mühüm rol oynayır. Xüsusilə 2022-ci ildən sonra Rusiyadan Ermənistana köçən vətəndaşların sayının artması xidmət və İT sektorunda da müəyyən canlanma yaradıb.
Hərbi təhlükəsizlik: KTMT və Rusiya bazası
Ermənistanın təhlükəsizlik sistemi hələ də Rusiya ilə sıx inteqrasiya olunmuş vəziyyətdədir. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası və KTMT çərçivəsində əməkdaşlıq bu asılılığın əsas göstəricilərindəndir.
Eyni zamanda, Ermənistan ordusunun silahlanmasının mühüm hissəsi Rusiya istehsalı texnikaya əsaslanır. Bu isə həm texniki, həm də logistik baxımdan Moskva asılılığını gücləndirir.
Sərhəd nəzarəti: FTX-nın rolu
Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərinin mühafizəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları tərəfindən həyata keçirilir. Bu fakt ölkənin sərhəd təhlükəsizliyində xarici aktorun birbaşa iştirakını göstərir.
İnfrastruktur və nəqliyyat: strateji idarəçilik
Dəmir yolu sistemi daxil olmaqla bir sıra strateji infrastruktur obyektlərinin idarəçiliyində Rusiya şirkətləri uzun illərdir aktiv rol oynayır. Nəqliyyat-logistika sahəsində isə Ermənistan əsasən Rusiya və Gürcüstan üzərindən keçən marşrutlardan asılıdır. Bununla yanaşı Ermənistan Dəmir Yolları Rusiyanın idarəsindədir. Və bu idarəçiliyin hələ 2044-cü ilə qədər müddəti qalır.