Bu gün Azərbaycan estradasının superstarı Aygün Kazımovanın doğum günüdür. Müğənni 40 yaşını tamam edib.
Modern.az-ın məlumatına görə, Aygün Kazımova 1971-ci il yanvarın 26-da anadan olub. Azərbaycan pop musiqisi janrında ən parlaq ifaçılardandır. Aygün ilk dəfə professional səhnəyə 1988-ci ildə "Bakı Payızı" yarışmasında çıxıb. Elə ilk mükafatı da orada qazanıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub.
Dəfələrlə müxtəlif nominasiyalar üzrə “Qrand” milli mükafatına layiq görülüb. 15-dən çox diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb. Onun sevimli müəllimləri Vaqif Gərayzadə, Eldar Mansurov, Cavanşir Quliyev olub.
Aygün Kazımova dəfələrlə həm Azərbaycanda, həm də ölkədən kənarda konsertlər verib. Onlardan ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir.
Aygün Kazımova 1989-cu ildə ailəsindən xəbərsiz İlqar İbrahimov adlı sevdiyi oğlana qoşulub qaçıb. A.Kazımovanın bu evliliyindən İlqarə adında bir qızı dünyaya gəlib. Lakin müğənni sonradan İlqardan ayrılıb.
Daha sonra onun keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşadığı bildirilir. Məhz R.Quliyevin qadağalarına görə, həmin müddətdə A.Kazımova sənətdən ayrı düşüb. Bir neçə illik qeyri-rəsmi nikah ayrılıqla nəticələnib.
Sonra müğənni meyxana ustası Namiq Qaraçuxurlu ilə birlikdə olub. Onlar lap bu yaxınlaradək qeyri-rəsmi yaşayıblar. Amma bu cütlüyün də ömrü uzun olmayıb və onlar ayrılıblar.
A.Kazımova bu yaxınlarda mətbuata verdiyi açıqlamada yeni sevgisini tapması barədə etiraf edib.
A.Kazımovanın qızı İlqarə anasının yolunu davam etdirərək müğənniliklə məşğuldur. İlqarə “Eurovision 2011” müsabiqəsinə qatılmaq üçün Azərbaycanda keçirilən milli seçim turlarında iştirak edərək finala çıxan 5 nəfərdən biridir.
|
|
|
|
|