Modern.az

“Bu yaşda döyüşə getməyə hazırıq” - Partiya sadrlərindən BƏYANAT

“Bu yaşda döyüşə getməyə hazırıq” - Partiya sadrlərindən BƏYANAT

Aktual

11 Aprel 2016, 11:02

Aprelin 2-dən sonra cəbhə bölgəsində atəşkəsin ermənilər tərəfindən pozulması, düşmənlə aparəlan dördgünlük mahirəbə nəticəsində Azərbaycan 90-dan çox şəhid verdi, xeyli sayda insan yaralandı. Düşmənin itkiləri isə bundan qat-qat çox oldu.

Aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Lələ təpə, Talış və Seysulan kəndləri ətrafındakı yüksəkliklər ermənilərdən təmizləndi.

Atəşkəs razılığının əldə olunmasına baxmayaraq, ermənilər yenə də cəbhədə nisbi sakitliyi pozur.

22 ildən sonra cəbhədə qaynar hərbi əməliyyatların başlaması ilə Azərbaycan xalqında yenidən böyük ruh yüksəkliyi yarandı. İctimaiyyətin ayrı-ayrı kəsimləri könüllü şəkildə cəbhədə döyüşmək üçün müraciətlər etdilər.

Ölkədəki siyasi partiyalar  necə, döyüş əmri verilərsə, səfərbərliyə hazırdırlarmı?

Modern.az saytı siyasi partiyaların rəhbərlərinin mövqeyini təqdim edir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyir ki, əgər müharibə əmri verilsə, deputatlıqdan imtina edib döyüşməyə hazırdı:

“Yeni Azərbaycan Partiyasının gənclər birliyi cəbhədəki vəziyyətlə əlaqədar tədbir keçirib və hər an cəbhədə döyüşməyə hazır olduğunu bildirib. YAP-ın nəinki gəncləri və ümumiyyətlə bütün üzvləri vətənin müdafiəsinə və torpaqlarımızın düşməndən azad edilməsinə hazırdır. Kimliyindən və Milli Məclisdə, dövlət qulluğunda tutduğu vəzifəsindən asılı olmayaraq, Ali Baş Komandanın əmrinə tabeyik. Əgər bu gün döyüş əmri verilsə, mandatı yerə qoyub cəbhəyə getməyə hazırıq”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Güalağa Aslanlı bildirib ki, partiya üzvlərinin əksəriyyəti artıq səfərbərlik xidmətinə müraciət edib:

“Müsavat Partiyası Azərbaycanın müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etməyə hər zaman hazırdır. Bununla bağlı həm bizə, həm də səfərbərlik xidmətinə müraciətlər edilib. Lakin hələ ki, könüllülərə ehtiyacın olmadığı bildirilib. Gərəkdirsə, partiyamızın hər bir üzvü, 64 yaşlı Gülağa Aslanlı da daxil olmaqla döyüşməyə hazırdır”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə hesab edir ki, əgər ehtiyac olsa, partiyada üzvləri döyüşə gedəcəklər:

“Bizim partiyamızın üzvlərinin əksəriyyəti orduda xidmət etmək yaşlarını ötüblər. Cavanlarımızın da hamısı təhsillərini başa vurub və universitetə girə bilməyənlər də hərbi xidmətə gedirlər. Təxris olunanlar isə hamısı ehtiyatda olan əsgərlərdir və nə zaman ehtiyac olarsa, onları çağıracaqlar”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, övladları şəhid olmaq üçün böyüdürük:

“Bizim partiyanın gəncləri cəbhədəki vəziyyətlə bağlı Şəhidlər xiyabanına yürüş təşkil ediblər. Bütün Azərbaycan xalqı, təkcə siyasətdə olanlar deyi,l bütün gənclər cəbhədə döyüşməyə hazırdır. Təki iqtidar buna əmr versin. Qarabağın azad olunması üçün Azərbayan xalqı hər şeyi qurban verməyə hazırdır. Mən şəhid ailəsi kimi deyirəm ki, biz yenə də şəhid verməyə hazırıq. Torpağı azad etmək üçün gərək şəhid verəsən. Erməni də torpaqlarımızı işğal edəndə itki verib. Biz uşaqlarımızı vətən və xalq yolunda şəhid olmağa böyüdürük”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli partiyadan olan insanların döyüş əmrini gözlədiklərini və hər an cəbhəyə yollanmağa hazır olduqlarını deyib:    

“Mən partiyamızın Tərtər rayon şöbəsinin sədri Nizami İsmayılovla tez-tez əlaqə saxlayıram. Regionlarda gənclərimizin orduya könüllü getmək və döyüşmək istəkləri var. Bakıda olan partiya üzvlərimiz, yaxın qohumlarımız da belə bir təşəbbüslər irəli sürürlər. Partiyazmıdan olan insanların bir çoxu hətta bununla bağlı Səfərbərlik Xidmətinə də müraciət ediblər. Amma biz bilirik ki, Azərbaycan ordusu çox güclüdür, hələ ki, könüllərə ehtiyac yoxdur.
Populizm çıxmasın, hətta mənim özüm də bu yaşımda müharibədə döyüşməyə hazıram”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi, sədr əvəzi Arzuxan Əlizadə bildirib ki, partiyadan olan veteranlar da döyüşməyə hazırdır: 

“Cəbhədə baş verənlərlə əlaqədar AMİP aprelin 3-də Azərbaycan xalqına müraciət ünvanladı. Müraciətdə Milli Ordumuza şərəfli missiyasını yerinə yetirməkdə başarılar diləməklə yanaşı, hər an istənilən dəstəyi verməyə hazır olduğumuzu da bəyan etdik. Bu müraciət partiya üzvlərinin istəyi nəzərə alınmaqla verilib. Belə ki, partiyanın istər gənc, istərsə də veteran üzvləri sırasından könüllü olaraq ön cəbhədə düşmənə qarşı vuruşmaq üçün yüzlərlə müraciət edənlər vardır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı müharibə başlayan kimi özünün də döyüşməyə gedəcəyini bildirib: 

“Partiyamızın sıralarında olan insanlardan, xüsusən də gənclərdən orduya könüllü getmək haqqında çoxlu təşəbbüslər , istəklər var. Səfərbərlik olsa, yaşından asılı olmayaraq hamılıqla bu prosesə qoşulmağa hazırıq. Bu yaşımda mənim özümdə gərəksə vuruşmağa gedərəm”.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı