Gənclər mərkəzi ictimai birliyinin icraçı direktoru Kənan Qubadzadə Modern.az-ın suallarını cavablandırıb.
-Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru olaraq fəaliyyət göstərən təşkilatları necə xarakterizə edərdiniz?
-Bildiyiniz kimi, Azərbaycanda 200-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları ixtisaslaşmış gənclər təşkilatlarıdır. Bundan əlavə, Azərbaycan gəncliyi günü-gündən müasirləşir. Bu gün Azərbaycanda gənclərin ideya və layihələrini gerçəkləşdirməsi üçün cənab prezidentin yaratdığı Prezident Yanında Gənclər Fondu fəaliyyət göstərir. Bu fondun digər qurumlardan fərqi odur ki, gənclər təşkilatları ilə bərabər fərdi şəxslərə də qrant ayırır. Gənclər öz ideya və təkliflərini layihə formasında təqdim edirlər. Bu layihə rayonlarda və digər yerlərdə həyata keçirilir.
Bu yaxınlarda Gənclər və İdman Nazirliyinin 22 illiyi qeyd olundu. Bu nazirlik 1994-cü ilin 26 iyul tarixində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu nazirliyin yaradılması, dövlətin gənclər siyasətinə verdiyi dəyər oldu. Bundan sonra Gənclər və İdman Nazirliyi günü-gündən inkişaf etdi. Bu inkişaf özünü gənclər təşkilatlarında da göstərdi.
-Eyni zamanda, son dövrlərdə könüllülərdən ibarət gənclər ordusu da fəaliyət göstərir.
-Əlbəttə. Birinci Avropa Oyunları və Formula-1 yarışlarından sonra Azərbaycanda könüllülük ordusu yaradıldı. Könüllülük ordusunda yer alan gənclər həm asudə vaxtlarını səmərəli keçirdilər, həm ə iş prosesinin içində olub iş öyrənirdilər . Fikrimcə, gəncliyin uğurlu inkişaf etməsi üçün bu, çox uğurlu bir işdir. Cənab prezidentin dediyi kimi, Azərbaycan brendi olan “ASAN xidmət” kimi bir qurumda gənclərin, xüsusən də, könüllülərin ön planda olması, onların bu işi daha dərindən öyrənməsi uğurlu inkişafa aparır.
-Bir gənc olaraq təşkilatınızda nə kimi layihələr icra olunur?
-Təşkilatımızda “Sağlam ailə yaradaq” adlı bir layihəmiz var. Hal-hazırda davam edir. Bu layihənin məqsədi Azərbaycanda sağlam ailə formalaşmasını təbliğ etməkdir. Bu gün Azərbaycanda nümunəvi ailələrimiz həddindən artıq çoxdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, zərər çəkmiş ailələrimiz də var. Təşkilatımızda bu layihənin yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycanda ailə institutlarının formalaşması nümunəvi ailələrin problemsiz ailələrə nümunə göstərilməsi, erkən nikahla qurulan ailələrin tez bir zamanda zərər çəkmələri və onların ailələrində problemlərin yaranmasını göstərməkdir. Bununla bağlı Bakı və ətraf rayonlarda silsilə tədbirlər həyata keçiririk. Tədbirlər zamanı maarifləndirici əşyalar paylayırıq.
Milli Məclisdə yeni Ailə, qadın və uşaq məsələləri komitəsi yaradılıb. Bu da gələcəkdə də yaxşı ailələrin formalaşmasına və qanunvericilik bazasının daha da dərinləşməsində özünü göstərəcək. Gənclər mərkəzi İctimai Birliyi olaraq bir çox layihələr, kampaniyalar təşkil etmişik.
-Gənc olaraq üzərinizə düşən vəzifənin çətinliyini hər halda dərk edirsiniz? –
-Əlbəttə, gənc olaraq üzərimizə düşən məsuliyyəti dərk edirik. Ölkədə gənclər siyasəti durmadan inkişaf edir. Cənab prezidentin rəhbərliyi ilə bütün gənclərə diqqət və qayğı göstərilir. Biz də o diqqət və qayğıdan yararlanırıq. Ona görə də biz gənclər dövlət başçımıza hər zaman sadiq olmalıyıq. Böyük bir gənclər ordusu ilə çalışırıqsa, regionlarda layihələr icra ediriksə, bu işdə daha əzmkar olmalı işimizin öhdəsindən uğurla gəlməliyik. Mənə elə gəlir ki, gənclər enerjili, pozitiv daima axtarışda olmalıyıq.
-Bu işdə ailəniz sizə yardımçı olurmu?
-Təbii ki, bu işdə bizə yardımçı olan ailəmizin də üzərimizdə zəhməti çoxdur. Bəzi məqamlarda gərgin oluruq. Bilmədən tələsik qərar verməyə çalışırıq. O zaman böyüklərimizin, ailə üzvlərimizin məsləhətlərinə ehtiyacımız olur. Müəyyən məsələlərdə valideynlərimizin fikirlərindən yararlanırıq. Azərbaycanda gənclər ordusunun gənclər təşkilatlarının əksəriyyəti işgüzardırlar. Daima öz işlərinin başındadırlar. Həmçinin, Azərbaycanda gəncliyə istər özəl, istərsə də dövlət sektorlarında bu qədər diqqət və qayğı varsa, biz də durmadan fəaliyyətimizi inkişaf etdirməli, beynəlxalq müstəviyə çıxmağı bacarmalıyıq. Ən yaralı yerimiz olan Qarabağ məsələsidir. İnanırıq ki, cənab prezidentimizin səyi nəticəsində torpaqlarımız azad olunacaq və biz oralara qayıdacağıq. Şuşada, Xankəndidə, Laçında gənclərlə daha böyük layihələr icra edəcəyik. Ona görə də biz gənclərə ümid sonsuzdur.
-Gənclərin dilini, nə istədiklərini rahat şəkildə anlaya bilirsiniz?
-Gənclərin dilini anlamaq çox asandır. Çünki biz özümüz də gəncik. Regionlarda layihələr icra edərkən müxtəlif fikirli gəncləri dinləyirik. Çalışırıq ki, onların istəklərini gerçəkləşdirək. Bu yaxınlarda “Sağlam ailə yaradaq” adlı layihəmiz zamanı gənclərə səsləndim ki, siz bizə yeni təkliflər verin. Biz də bilək ki, regionda hansı sahəyə daha çox maraq var. Bu cür məsələlərlə bağlı fikirlərimizi bölüşdük. Eyni zamanda, regionlarda yaşayan gənclərimiz aktiv və enerjilidirlər. Ali məktəblərə yüksək balla qəbul olunan gənclərimiz var. Regionlarda yaşayan gənclərimiz heç də şəhərdə yaşayan gənclərimizdən geri qalmır. Gəncləri belə görəndə bu bizə zövq verir. Bu da o deməkdir ki, biz gələcəkdə daha böyük layihələr icra edə biləcəyik.
Namidə BİNGÖL