XXI əsrdə yaşamağımıza, hamilə qadınlar, təhlükəsiz ana olmağın yolları mövzularında mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi bölgələrdə evdə doğuş həyata keçirənlər var. Təsəllimiz odur ki, belə hallar təkcə Azərbaycanda deyil...
Amerikada 1989-2003-cü illər arasında evdə doğumların nisbəti 0,69-0,57 faiz arasında dəyişib. Bu nisbət 2011-ci ildə 0.84 faizə qədər artıb. İngiltərədə evdə doğuş halları 1989-cu ildə 1 faiz olduğu halda, 2011-ci ildə 2,4 faizə qədər yüksəlib. Hollandiyada 2009-cu ildə bu nisbət 23 faiz olub. Ümumiyyətlə, bu ölkə evdə doğuş hallarının artmasına görə ön sıralardadır. O cümlədən qonşu Türkiyədə də belə vəziyyət müşahidə edilir.
“Evdə doğuş zamanı ana ölümləri çox olur”
Uzman cərrah-ginekoloq Nərmin Qəribova Modern.az saytına bildirib ki, evdə doğuş prosesi həm ana, həm də uşaq üçün gələcəkdə ciddi fəsadlara yol aça bilər:
“Təbii ki, müasir dövrdə yaşamağımıza, böyük klinikaların mövcudluğuna, doğuş haqqında maarifləndirmənin olmasına baxmayaraq, hələ də ucqar bölgələrdə evdə doğuş edən xanımlar var. Əsas səbəb bölgələrdə xəstəxana şəraitinin olmamasıdır. Lakin bəzən ana namizədlərin yaşlılardan, yaxınlarından eşitdikləri də buna təsir edir. Həmin insanlar evdə doğuş təcrübəsi keçirib və bunun hər hansı ziyanı olmadığını bildirərək, ana namizədləri yönləndirir. Halbuki, evdə doğuş çox riskli haldır. Çünki doğuş istənilən halda qanaxma ilə gedə bilən situasiyadır.
Evdə doğuş zamanı qanaxmalara görə ana ölümləri çox olur. Eyni zamanda bu şəraitdə doğuş zamanı göbək ciyəsinin gigiyenik şəkildə kəsilməməsi, ümumiyyətlə doğuşun normal qaydada idarə edilməməsi iltihabi proseslərə səbəb olur. Eləcə də həm uşaq, həm də ana üçün gələcəkdə ciddi fəsadlar yarada bilir”.
Ginekoluqun sözlərinə görə, evdə doğuş hallarına Azərbaycanda demək olar ki, çox az rast gəlib. Amma Türkiyədə fəaliyyət göstərdiyi vaxtlarda belə situasiyarla çox qarşılaşıb:
“Evdə doğum edən qadınlarla rastlaşmışam. Ancaq müasir dövrdə bu çox nadir hallarda görülür. Azərbaycanda yox, Türkiyədə işlədiyim müddətdə evdə doğum edən qadınlarla tez-tez rastlaşırdım. Həmin xanımların üçüncü və ya dördüncü doğuşları olurdu. Əvvəlki doğuş prosesi isə ev şəraitində keçib. Bu, yolverilməz haldır. Ana namizədlər maarifləndirilməli, bunun qarşısı alınmalıdır”.
“Doğum anında hər şey dəyişə bilər”
N.Qəribova hazırda ana namizdələrin daha çox keysəriyyə əməliyyatına müraciət etdiyini bildirib. Onun sözlərinə görə, normal doğuşun müsbət tərəfləri daha çoxdur:
“Ananı hamiləlik boyunca ən çox düşündürən mövzu doğuşun formasıdır. Adətən onlar sual qarşısında qalırlar: normal doğuş, yoxsa keysəriyyə əməliyyatı?.
Bu qərarsızlıq dövrünə təsir göstərən əsas amillərdən biri ailə, dost çevrəsi, o cümlədən həkimin yanaşması və ananın ətrafında duyduqlarıdır. Hamiləliyin başlanğıcındakı bütün müayinələr normaldırsa, doğuş normal olaraq planlanmalıdır. Əgər hamiləlik müddətində və ya sonradan bir problem yaranarsa, keysəriyyə əməliyyatına müraciət edilməlidir. Yəni başlanğıcda xüsusi bir hal yoxdursa, ana namizədlər əməliyyata üz tutmamalıdır. Doğum anında hər şey dəyişə bilər. İlkin həkim müayinəsi zamanı doğuş adətən normal planlaşdırılır, lakin hamiləliyin gedişatında bu qərar dəyişə bilər. Ən son qərar isə hamiləliyin təxminən 36-37-ci həftəsində döl, çanağın ölçüsü dəyərləndirilərək verilir.
Normal doğuşun əsas üstünlüyü təbii və fiziolojik olmasıdır. Doğum sonrasında ana bir neçə saat ərzində özünə gəlir. Çox qısa müddətdə uşağını əmizdirməyə başlayır və hamiləlik öncəsi yaşamına tezliklə qayıda bilir. Eləcə də xəstəxanada qalma müddəti qısa olur. Normal yolla doğulan uşaqlarda vagina doğuş yolunun sıxılmasına bağlı olaraq ağ ciyərlərindəki maye tamamilə boşalır. Uşaq doğulandan sonra tənəffüsdə heç bir problem olmur. Gələcəkdə uşaqlıqda, uşaqlığın arxa divarında sallanma halları normal doğuş zamanı yarana biləcək problemlərdir”.
“Keysəriyyə əməliyyatında qan itkisi bir qədər yüksək olur”
Uzman cərrah-ginekoloq keysəriyyə əməliyyatının mənfi və müsbət tərəflərindən də söz açıb:
“Keysəriyyə nəticə olaraq bir əməliyyatdır. Bütün əməliyyatda olan risklər məsələn, qanaxma riski, bağırsaqların sinirlərinin, sidik kisəsinin yaralanması keysəriyyədə də var. Eyni zamanda keysəriyyə ilə doğum edən qadın təkrar hamiləliyində yenə həmin əməliyyata müraciət etmək məcburiyyətində qala bilər. Təkrarlanan əməliyyatlardan sonra qarın daxilində yapışıqlıqlar əmələ gəlir, bağırsaqların, sidik kisəsinin, damarların yaralanma ehtimalı artır. Müəyyən müddət sonra isə üç və daha çox əməliyyat keçirən ana həyatı üçün təhlükə yaradır. Keysəriyyə əməliyyatında qan itkisi normal doğuşdan bir qədər yüksək olur. Ana dərhal əməliyyatdan sonra normal həyat şəraitinə qayıda bilmir. Bir neçə gün yataq şəraitində olur. Əməliyyat sonrası təbii ki, ağrılar normal doğuşa nisbətdə daha çox olur. Bağırsaqlarla bağlı problemlər ortaya çıxır. İllər keçsə də, həmin yara nahiyəsində ağrılardan şikayətlər ola bilir.
Keysəriyyənin ən müsbət tərəfi uşaq üçün olan riskləri ən aza endirməsidir. Keysəriyyə əməliyyatı ana və döl üçün həyat qurtarıcı rol oynayır. Məsələn, ana çanağında darlıq, hamiləlikdə şiddətli təzyiq yüksəlməsi varsa, uşaqda inkişaf geriliyi, o cümlədən anada paralel gedən sistem xəstəlikləri, psixoloji problemlər müşahidə edilirsə, keysəriyyə əməliyyatı tövsiyə edilir. Həmçinin, irəli yaşlarda və xüsusilə süni mayalanma ilə əldə edilən hamiləlikdə bu əməliyyata üstünlük vermək olar”.
Həkimin sözlərinə görə, ana namizədlərin keysəriyyə əməliyyatına üstünlük verməsinin əsas səbəbi qorxudur:
“Hazırkı dünya statistikasına baxsaq, görərik ki, keysəriyyə əməliyyatında artım var. Ana namizədlərin bir hissəsi doğumun bu formasına üstünlük verir. Əsas səbəb isə çevrəsində eşitdiyi və gördüyü mənfi doğum təcrübələri, ana namizədlərin normal doğuşdan qorxması, onun sancı çəkmək istəməməsi, yaxud normal doğuş sırasında uşağın risk altında olduğunu düşünməsi, normal doğuşun bədənə qalıcı zərər vuracağından qorxmasındadır. Hamiləlik müddətində normal doğumla bağlı xəstənin maarifləndirilməməsi, onun haqqında təsəvrvürlərinin az olması da keysəriyyə əməliyyatına yönləndirən səbəblərdən biridir”.
Günay RƏSULQIZI