Modern.az xəbər verir ki, Qəbələdə keçiriləcək həlledici qarşılaşmada eyniadlı komanda ilə “Keşlə” üz-üzə gəlir.
Bunadək nə “Qəbələ”, nə də “Keşlə” Azərbaycan kubokuna sahib çıxıb. Əyalət təmsilçisi daha əvvəl 2 dəfə finalda meydana çıxıb. Amma “Qırmızı-qaralar” həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub.
“Keşlə” isə əvvəlki adı “İnter” kimi 4 dəfə final həyəcanı yaşayıb. Paytaxt klubu bütün hallarda meydanı məğlub tərk edib və kuboka həsrət qalıb. Komanda “Bakı”ya, “Qarabağ”a və 2 dəfə “Xəzər Lənkəran”a yenilib.
Final qarşılaşmasından sonra növbəti mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların siyahısı tam dəqiqləşəcək. Belə ki, “Keşlə” kuboku qazanmaqla yanaşı, həm də Avroliqaya vəsiqə qazanacaq.
“Qəbələ” isə finaldakı nəticədən asılı olmayaraq artıq Avroliqaya vəsiqə qazanıb. Kuboku Roman Qriqorçukun komandası qazansa, bu halda çempionatda dördüncü yerin sahibi kimi Avroliqaya üçüncü vəsiqə “Zirə”yə qismət olacaq.
28 may (bazar ertəsi)
Azərbaycan Kuboku
Final
20:00. “Keşlə” - “Qəbələ” - 0:0 (Birinci hissə)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu