Parisdə baş verən bir hadisənin iştirakçısı - balkondan yıxılmaq ərəfəsində olan uşağı xilas edən qaradərili şəxs prezident tərəfindən mükafatlandırlıb.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, evdə tək qalan 4 yaşlı uşaq balkondan yıxılmaq ərəfəsində olarkən xilas edilib. Uşaq balkondan asılı vəziyyətdəykən, təhlükəni görən insanlar əlacsız durumda onun dördüncü mərtəbədən yerə yıxılacağı anı gözləyirmişlər...
Yoldan keçən 22 yaşlı gənc “Spider-man” kimi bir göz qırpımında özünü uşağın yanına çatdırıb və onu xilas edib...
Ətrafdakılar prosesi çəkib və sosial şəbəkələrdə yayımlayıb. Milyonlarla insan o gərgin anları təkrar yaşayıb...
Məlum olub ki, xilaskar oğlan Fransaya Qərbi Afrikada yerləşən müsəlman ölkəsi Malidən gəlib. Mali bir vaxt Fransanın müstəmləkəsi olub...
Fransa prezidenti Emmanuel Makron gənci şəxsən qəbul edib. Ona təşəkkür edib.
Fransada qeyri-qanuni yaşayan gəncə vətəndaşlıq verilib. Üstəlik, onu yanğınsöndürən kimi işə götürüblər...
Uşağın atası isə məsuliyyətsizliyə görə ya 2 il müddətinə həbs olunacaq, ya da 30 min avro cərimə ödəyəcək...