Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 1-də qida zəncirində mühüm əhəmiyyət kəsb edən ət və ət məhsullarının istehsalat sahəsinə baxış keçirib.
Agentlikdən Modern.az-a verilən məlumata görə, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirdə AQTA sədri “AzProtein Foods Group” MMC-nin fəaliyyəti ilə tanış olub.
Q.Təhməzli qida təhlükəsizliyi sahəsində dövlət siyasəti və qarşıya qoyulan tələblər haqqında müəssisə əməkdaşlarına geniş məlumat verib. Müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
Müəssisədəki iri və xırdabuynuzlu heyvanların kəsim sahəsi, laboratoriya otağı, dondurucu sahə, qablaşdırma sahəsinə baxış keçirən Q. Təhməzli iş prosesini müşahidə edib, kollektivi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib, onların istək və arzularını dinləyib.