Modern.az

Vasif Talıbov ön cəbhədəki Günnüt kəndinə getdi  

Vasif Talıbov ön cəbhədəki Günnüt kəndinə getdi   

Aktual

3 İyul 2018, 21:33

İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonun işğaldan azad edilmiş Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirildiyinə görə, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlayıb, Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə şəxsi heyəti təbrik edib.

V.Talıbov Günnüt əməliyyatıbıb həyata keçirilməsində iştirak edən hərbi hissələrin şəxsi heyətinə təşəkkür edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev deyib ki, Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilər işğaldan azad olunub. Şəxsi heyət əməliyyatlar keçirilən zaman rəşadət göstərərək böyük bir ərazini nəzarətə götürüb. Qazanılan uğur Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılıb, bu əməliyyatda xidməti olanlar təltif olunmuş və onların göstərdikləri qəhrəmanlıqlar yüksək qiymətləndirilib.

Ali Məclisin Sədri Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Sonra Ali Məclisin Sədri Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarda olub, əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.

O, Günnüt kəndində müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri Qızılqaya yüksəkliyində və müşahidə məntəqəsində olub, mövqelərimizin vəziyyəti ilə tanış olub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib.


Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilib. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb, yeni səngərlər qazılıb. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılıb.

Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı