Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın son oyunu keçirilib. Modern.az xəbər verir ki, son qarşılaşmada İngiltərə və Kolumbiya komandaları üz-üzə gəlib.
Oyunda hesabı ingilislər açıb. 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn komandasını hesabda önə çıxarıb.
Bu qoldan sonra hücumlarının sayını artıran Kolumbiya istəyinə 90+3-cü dəqiqədə çatıb. Künc zərbəsindən ötürülən topu tora göndərən Yerri Mina oyunu əlavə vaxta daşıyıb.
Əlavə vaxtda da komandaların heç biri fərqlənə bilmədiyindən oyunun taleyi penaltilərlə həll olunub.
Penaltiləri daha dəqiq yerinə yetirən İngiltərə 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, İngiltərə 1/4 finada İsveçlə qarşılaşacaq.