Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan Qarabağda və Naxçıvanda təmas xəttinə gedərək baş nazir Nikol Paşinyanın göstərişi ilə yerli komandirlərə atəşkəs rejimini pozmamağı tapşırmışdı.