Ötən gecə Şamaxı-İsmayıllı bölgəsində baş vermiş yeraltı təkanlardan sonra 130-dən çox avterşok qeydə alınıb.
Modern.az xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında bildirib.
Q.Yetirmişli bildirib ki, zəlzələnin əvvəlcədən xəbər verilməsi hələ ki bütün dünyada mümkünsüzdür:
“Biz ortamüddətli proqnozlar vermişik. Amma bunu əhaliyə çatdırmaq olmaz. Çnüki əlavə təşvişə səbəb ola bilərdi. Necə ki, dünənki zəlzələ nəticəsində vətəndaşlar panikaya düşüb, qaçıb, qolunu-ayağını əzib”.
Seysmoloq deyib ki, hazırda ərazidə təqiqatlar davam etdirilir:
“Zəlzələnin gücünün 6 baldan 2 bala qədər enənədək tədqiqatlar davam edəcək. Biz ocaqda sönməni gözləyirik. Bu da enerji boşalması ilə bağlıdır. Litosferdə gedən parçalanma vasitəsilə enerji boşalır”.
Q.Yetirmişlinin sözlərinə görə, hazırda hiss olunan zəlzələnin baş verməsi mümkündür:
“Amma daha 6 baldan güclüsünün olması gözlənilmir”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən axşam respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.