Orxan Əli
1992-ci il fevral ayının sonu idi. 6 yaşım vardı. Bağçaya gedirdim. Aidə adlı müəlliməmiz var idi. Bəlkə də başqa uşaqlar fikir verməmişdi, amma tez-tez bağçaya gələn Nadir adlı polisin müəlliməmizlə oturub söhbətlər etdiyinin şahidi olmuşdum. O zaman bunu tam dərk etməsəm də, iki gəncin məhəbbəti olduğunu hiss edirdim.
Nadiri o qədər görməyə öyrəşmişdik ki, bir müdddət gəlməyəndə darıxırdıq. Əynindəki forma və tapancası xoşuma gəlirdi. Tez-tez döyüş bölgəsinə gedib-gələrdi.
3-4 gün olardı ki, Nadiri görmürdük. Hiss edirdim ki, müəlliməmiz də narahatdır. Həmin gün günortaya az qalmış Nadir gəldi. Üzündə dəhşətli bir ifadə var idi. Oturdu. Su istədi. Stəkanı dodağına uzadıb bir qurtum içdi. Müəlliməmiz təkidlə ona "nə olub sənə, niyə beləsən" sualını verdi. O isə bir cümlə dedi: "Səhərə kimi meyit daşımışıq".
Əslində evdə danışılanlardan Xocalı adlı yerdə nəsə olduğunu eşitmişdim. Amma mahiyyətini bilmirdim. Nadirin bu sözləri isə bir anlıq uşaq ağlımla düşünməyə vadar etdi məni. Gecədən səhərə kimi mənim üçün çox uzun müddət idi. Üstəlik müharibə dövrü olduğundan meyit mənim üçün o qədər də qorxulu deyildi. Çünki tez-tez şəhid gəlirdi və buna vərdiş etmişdik. Müharibə uşaqlarının güllə, cəsəd, atəş, ağlaşma qorxusu olmur.
Gözümün önündə daşınan meyitlər gəldi. Nadir bir cəsədin ayaqlarından tutmuşdu, başından da kimsə aparıdı. Ardınca biri, sonra digəri... 10-a qədər saydım... Çox az vaxt getdi. Düşündüm ki, əgər 10 meyiti bu qədər az vaxtda apara biliblərsə, onda gör nə qəddər adam ölüb. Bu adamların niyə öldüyünü təbii ki, dərk etmirdim.
İllər sonra Xocalıda baş verən qətliam barədə kadrları görəndə Nadirin səhərə kimi daşıdığı meyitlərin kimlər olduğunu anladım. Bu gün də Xocalı, Qarabağ, müharibə sözlərini eşidəndə beynimdə bir cümlə dolaşır. "Səhərə kimi meyit daşımışıq..."