Qarabağ-Qeyri Hökumət Təşkilatları Koalisiyasının koordinatoru, Üçüncü Sektor Mərkəzinin rəhbəri, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov fəaliyyət sahəsilə bağlı Modern.az-ın suallarını cavablandırıb.
- Vüqar bəy, uzun illərdir Qarabağ-Qeyri Hökumət Təşkilatları Koalisiyasının koordinatoru, Üçüncü Sektor Mərkəzinin rəhbərisiz. Bu yaxınlarda mədəniyyət naziri Əbülfəs Qarayevin əmrilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olundunuz. Bir-birindən fərqli sahələrdə fəaliyyət göstərmək çətin deyilmi sizə?
- Mən təkcə qaçqın və məcburi köçkün gənclərlə bağlı sahədə deyil, ümumiyyətlə müxtəlif qeyri-hökumət təşkilatlarında çalışmışam. 8 ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olmuşam. Uzun illər ərzində həyata keçirdiyimiz layihələrdə ən çox üstünlük təşkil edən məsələlər mədəniyyət, elm, təhsil sahələrini əhatə edib. “Qarabağ təranələri” I və II respublika baxış müsabiqələri, eyni zamanda işğal olunmuş rayonların gənc şairlərinin müxtəlif illərdə almanaxlarının nəşr olunması, işğal olunmuş tarix, diyaşünaslıq muzeylərilə bağlı işlərimiz olub. Bir sözlə, işğal olunmuş rayonların ədəbiyyatını, mədəniyyətini, incəsənətini, musiqisini və s.-ni əhatə edir. Mən həmçinin, 2017-ci ildə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini olmuşam. İki il mədəniyyət idarəsinin rəisliyinə gedən yol üçün az müddət deyil. Bu məsələləri nəzərə alsaq, mənim çün hər hansı çətinlik yoxdur.
- Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi olaraq, yəqin rayonda yaşayırsınız. Paytaxtdan uzaqda yaşamaq digər fəaliyyətləriniz üçün mane olmur?
- Bəli, İdarəsinin rəisi olduğum üçün təbii ki, Ağstafadayam, burada fəaliyyət göstərirəm. Siz dediyiniz məsələ ilə bağlı heç bir çətinliyimiz yoxdur. Bakı da elə uzaqda deyil, ehtiyac yarandıqda paytaxta da gəlib-getmək mümkündür.
- Maraqlı fəaliyyət yolunuz var. Hətta 2006-2007-ci illərdə Bakı Asiya Universitetində politologiya və sosiologiya müəllimi kimi çalışıbsınız. Nə vaxtsa yenidən müəllimliyə davam etmək niyyətindəsinizmi?
- Bəli, Bakı Asiya Universitetində dərs demişəm. Mənim atam uzun illər müəllim, məktəb direktoru olub. Nəslimiz ziyalı nəsildir, müəllimlik bizdə gendən gələn peşədir. Müəllim adı şərəfli bir addır. Eyni zamanda, müəllimlik məsuliyyətli bir sahədir. Təbii ki, nə zamansa yenidən müəllim kimi fəaliyyət göstərə bilərəm. Bunu istisna etmirəm.
- Hədəfləriniz nədən ibarətdir?
- İlk növbədə bizə göstərilən etimadı doğruldub, vəzifəmizin öhdəsindən layiqincə gələk. Eyni zamanda, Azərbaycan mədəniyyətini təbliğ etməyi bacarmaq, tarixi əhəmiyyətli abidələrimizin ermənilər tərəfindən dağıdılmasını dünya ictimaiyyətinə çatdırmaq, layihələr reallaşdırmaq və s. Qalanını da yaşayarıq, görərik. Sabah həyat bizi hara atacaq bilmirik çünki...