“Bildiyiniz kimi, cənab prezident Novruz bayramı öncəsi böyük bir əfv sərəncamı imzaladı. Təxminən 400 -ə yaxın məhbus bu sərəncamla azadlığa buraxıldı. Bu, Azərbaycan dəyərlərnə xas olan humanist bir addım idi”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.
Deputat həbsdən azad olunan keçmiş səhiyyə naziri Əli İnsanovun ölkə başçısına deyil, Qərb dövlətlərinə təşəkkür etməsini kəskin qınayıb:
“Bilirik ki, cənab prezident bu günə kimi bir neçə belə sərəncam imzalayıb. Müxtəlif sayda insanlar əfv sərəncamına uyğun olaraq azadlığa buraxılıb. Azərbaycan xalqı tərəfindən bu addım çox dəstəklənir və cənab prezidentin apardığı siyasət yüksək qiymətləndirilir. Təəssüflər olsun ki, vaxtilə dövlət çevrilişində ittiham olunan Əli İnsanov azadlığa çıxdıqdan sonra ölkə başçısına deyil, Qərb dövlətlərinə təşəkkür etdi. Belə bir saxta bəyanatla da çıxış etdi ki, məhz onların dəstəyi ilə azadlığa çıxıb. Təbii ki, bu belə deyil. Cənab prezident müstəqil siyasət yeridir və heç bir təsir olmadan əfv sərəncamı imzalayır. Əli İnsanovun Qərb dövlətləri ilə bağlı bəyanatı tamamilə yalandır. Əgər doğru olsaydı, o, 13-14 il həbsdə qalmaz və əvvəldən azadlığa buraxılardı”.
Cavid Osmanovun sözlərinə görə, Əli İnsanovun fikirləri dövlətə qarşı yönəlmiş çağırışlardır.
“Xalqımız yaxşı bilir ki, Əl İnsanov bu sözləri deyərək özünün bəzi Azərbaycanı sevməyən qüvvələrlə işləməsi üçün hazır olduğunu bildirib. Təbii ki, o, 2005-ci ildə buna cəhd etsə də, alınmamışdı. Bu gün də etdiyi cəhdlər cəfəngiyyatdır. Ölkədə xaosun yaranması üçün verilən bəyanatdır. Ona görə də bu fikirləri bir millət vəkili kimi pisləyirəm. Bu Azərbaycan millətinə, dölətinə, dövlətçiliyinə qarşı yönəldilmiş çağırışlardır. Xalqımız daim cənab prezidentin ətrafındadır. Bu, hər zaman da belə olacaq”.