“Ötən gün Prezident İlham Əliyev yanan ticarət mərkəzi ilə bağlı müşavirə keçirdi və sığorta ilə bağlı göstəriş verildi. Hesab edirəm ki, Milli Məcslidin İqtisadiyyat və sahibkarlıq komitəsində bununla bağlı layihələr hazırlanmalıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bəzi hallarda insanlar öz əmlaklarını sığorta etmir. “Qanun layihəsində insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş verərsə, sığorta şirklətləri məsuliyyəti öz üzərlərinə götürürlər”.
S. Novruzov təəssüflə qeyd edib ki, Azərbaycanda baş verən hər hansı belə hadisələrdən süi-istifadə edənlər var:
“Bəziləri insanları mitinqlərə çağırır, müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra dövlət başçısı söylədi ki, bütün deatları dinləyib və bütün məsələr onun diqqətindədir. Ümumxalq səsverməsindən sonra Prezident elan etdi ki, problemlər həllini tapacaq. Artıq hər kəs görür ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Problemlərin həllinə milyardlarla vəsait ayrılır. Amma təəssüf ki, mitinq keçirmək, üç- beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatlardan çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir”.
Deputat vurğulayıb ki, həmin qüvvələr hələ 90-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün süi istifadə ediblər:
“Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanalara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır”.
Cənab Prezident tərəfindən imzalanan əfv sərəncamının hər hansı təzyiqlər əsasənda imzalanmasına dair yalnız fikirlərin irəli sürüldüyünü pisləyən S. Novruzov vurğulayıb ki, Əfv sərəncamı kimlərinsə təzyiq vasitəsilə həyata keçirilməyib.
“Bu ölkə başçısının humanist addımı və vətəndaşların müraciəti əsasında həyata keçirilir. Sərəncamın qəti şəkildə kimlərinsə bəyanatı ilə əlaqəsi yoxdur. Azərbaycan demokratik dövlətdir, heç kimin daxili işlərinə qarışmır və kimsə də bizim işimizə qarışa bilməz. Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün keçirilən müşavirədə də söylədi ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə başçısı onların yanında olub. Bu cür məsələləri baykot edənlər erməni xislətində olduğunu göstərirlər. Bu cür addımları puç etməliyik”.