Akif TƏVƏKKÜLOĞLU
Kəlbəcərlə bağlı uşaqlıq xatirələrimin bəzi məqamları
Kəlbəcər dağları, həm yaylaqları
Sirr dolu təbiət orda görmüşəm.
Yayın ortasında, isti çağında
Zirvədə bərq vuran qar da görmüşəm.
Nəğməkar çayların, gur şəlalənin,
Nazla göydə süzən qartalın səsin,
Kəkotu, qantəpər, nərgiz, laləsin
Mən orda seyr edib, orda görmüşəm.
Qürurlu dayanan Gəlin qayasın,
Lilpar zirvəsində qartal yuvasın,
Ceyran bulağının sərin havasın,
Pəri çınqılını orda görmüşəm.
Dəli dağın arxasından boylanan,
Səhər tezdən hamıdan tez oyanan,
Şəfəqləri qızıl zərə boyanan
Günəşi seyr edib, orda görmüşəm.
Uzun yaldı yaylaqların yaylağı,
Qoyun-quzu, çobanların oylağı.
Bulaq başı, təzə qatıq-qaymağı,
Dürmək dadın Kəlbəcərdə görmüşəm.
2 aprel 2019-cu il