Xəbər verdiyimiz kimi, dünən Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclası keçirilib.
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında görüşün detalları barədə məlumat verib.
O, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun müzakirə etdiyi məsələlər barədə danışıb:
“Dünənki görüş geniş tərkibdə keçirildi. Demək olar ki, bütün məsələlərə toxunuldu. Həm Azərbaycanda insaq haqları, həm cənab prezidentin Əfv sərəncamı, həm də məhkəmə sistemində aparılan işlər müzakirə olundu. Qeyri-dövlət təşkilatları insan haqları ilə bağlı konkret məsələlər, konkret hadisələr ətrafında fikirlərini bölüşdülər. Hətta, konkret, adlarla bağlı açıq müzakirə aparıldı”.
Komitə sədri bildirib ki, bu cür görüşlərin müntəzəm keçirilməsi qərarı verilib:
“Qərara alındı ki, müntəzəm olaraq bu formatda görüşlərimizi keçirək. Əlaqələrimizi davam etdirək. Hesab edirəm ki, İşçi Qrupun iclası effektiv, səmərəli və Azərbaycanda insan haqları ilə bağlı məsələlərin inkişaf olunmasına öz mühüm töhfəsini verəcək toplantı kimi qiymətləndirilməlidir”.
Dünən keçirilən iclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, şöbənin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı və Arzu Abdullayeva iştirak ediblər.