“Hesablama Palatasının işini yüksək qiymətləndirirəm. Qanunvericilik çərçivəsində öz işini daha da gücləndirib”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı deyib.
Deputat vurğulayıb ki, müsbət məsələləri qeyd etməklə yanaşı, bir sıra məqamları da diqqətə çatdırmaq lazımdır:
"Hesablama Palatası öz işini elə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar tərəfindən büdcə vəsaitinin dağıldılmasına və mənimsənilməsinə imkan verilməsin. Elə etməliyik ki, başqa qurumların Hesablama Palatasına təsiri sıfıra endirilsin. Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil. Hesabatda qeyd olunur ki, Bakı şəhərində Mənzil İstismar Sahəsi, eləcə də Bakıda fəaliyyət göstərən Yaşıllaşdırma idarələri tərəfindən mənimsənilən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə “qaşın üstə gözün var” deyən olmayıb”.
Parlament üzvü bildirib ki, vəzifədən gedən qurum rəhbərləri barədə vaxtında araşdırma aparılmalıdır:
“Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq- mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.