Modern.az

“Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır”

“Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır”

Aktual

9 Aprel 2019, 13:04

“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bildiyiniz kimi, bir müddət əvvəl Beynəlxalq Bank məsələsində bunu gördük”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əflatun Amaşov deyib.

Parlament üzvü bildirib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır:

"Birincisi, qurumun bilavasitə maliyyə nəzarəti funskiyasını vurğulamaq istərdim. Başqa bir cəhət palatanın dövlət qurumu kimi gördüyü digər işlərdir. Əlbəttə, bizim üçün daha vacib olan maliyyə nəzarətidir. Mən əvvəlki çıxışlarımın birində bildirmişdim ki, ölkəmizdə belə demək mümkünsə, maliyyə şokları yaşanmamalıdır. Necə ki, vaxtilə Beynəlxalq Bankla bağlı yaşanmışdı. Bu gün bu hesabatla tanış olanda bir daha əmin oluram ki, acı yaxın keçmiş təkrarlanmayacaq. Çünki Hesablama Palatası işinə məsuliyyətlə yanaşır. Qurum dövlət vəsaitlərinin qanunauyğun, səmərəli istifadəsini təmin edir, şəffaflığın yüksəldilməsinə, hesabatlılığın artırılmasına dəstək olur. Mən sadalamaq istəmirəm, düşünürəm ki, Palata ümumilikdə nöqsanları və çatışmazlıqları da yetərincə ortaya qoya bilir.

Daha bir müsbət məqam ondan ibərətdir ki, Hesablama Palatası öz fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verir. Bu o deməkdir ki, qurum fəaliyyətini təkmilləşdirir, əldə olunan nəticələrlə kifayətlənmir. Onun beynəlxalq əməkdaşlıq diapazonu genişliyi ilə diqqət çəkir.

Sonda məni narahat edən bir məqama da toxunmaq istərdim. Artıq neçə ildir ki, Palatanın hesabatlarını diqqətlə izləyirəm. Qurum hər dəfə öz hesabatında çoxsaylı nöqsanlar aşkarlayır, çox vacib təkliflər irəli sürür. Təəssüf ki, həmin dəyərli təklıflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır. Belə olsaydı, Palata növbəti hesabatında bir daha həmin nöqsanları yenidən qeydə almaz, məlum təklifləri təkrarən hesabata daxil etməzdi. Bu da məsuliyyət hissi ilə bağlıdır. Düşünməliyik, necə edək ki, bu məsuliyyətsizlik aradan qalxsın, qurumlar hesabatda göstərilən səhvlərini aradan qaldırsınlar. Bunu edə bilməsək, inanmıram ki, Palatanın dərin araşdırmaları, təhlilləri, təklifləri öz faydasını tam şəkildə verə biləcək.

Hesab edirəm ki, çıxışımın əvvəlində söylədiklərim Palatanın fəaliyyətinə dair hesabatı müsbət qiymətləndirmək üçün əsas verir. Arzu edirəm ki, biz qarşıdakı illərdə də qurumun gördüyü işləri müsbət qiymətlindirmək üçün əsaslar tapa bilək".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı