Azərbaycan hökuməti ölkəyə ekoloji, iqtisadi və siyasi baxımdan böyük ziyan vuran hərbi bazanın zərərlərini necə kompensasiya edə bilər?
Azərbaycan ərazisində Rusiyanın yeganə hərbi obyekti olan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı Bakı və Moskva arasında başlanan yeni müzakirələr başa çatmamış şimal qonşunun ölkəmizdə daha bir analoji funksiya yerinə yetirən stansiya yaramaq niyyəti üzə çıxdı. Moskva daha modern hərbi texnika əsasında hazırladığı yeni stansiyanı növbəti dəfə məhz Qəbələ rayonu ərazisində inşa etməyi düşünür. Bunu Rusiya müdafiə naziri Anatoli Serdyukov da etiraf edir. O, deyib ki, Rusiya Qəbələdəki radiolokasiya stansiyasını tamamilə yenidən qurmağı və eyni zamanda RLS-in ehtiyacları üçün icarəyə götürülmüş ərazini kiçiltməyi planlaşdırır: "Biz bunu necə edəcəyimizi bilirik. Yəqin ki, bu böyük zavod hazırlığına malik stansiya olacaq və bilavasitə Qəbələdə quraşdırılacaq".
O əlavə edib ki, Qəbələnin imkanlarının istənilən həddə artırılması faydalı və çox vacibdir. Lakin bu halda rusiyalı hərbçilər sadəcə bu stansiyanı "tamamilə başqa, yeni parametrlərlə" müasirləşdirmək istərdi.
Qeyd edək ki, Rusiya tərəfindən icarəyə götürülmüş Qəbələ Radiolokasiya Stansiyasının təmiri yaxın iki il ərzində başa çatacaq.
Azərbaycan Kreml üçün xüsusi əhəmiyyət kəsb edir
Beləliklə, yaranan vəziyyət göstərir ki, Rusiya RLS-lərlə bağlı tamamilə yeni bir siyasətə başlayır və bu kontekstdə Azərbaycan Kreml üçün xüsusi əhəmiyyət kəsb edir. Elə bunun nəticəsidir ki, Rusiya mövcud Qəbələ RLS-i 2025-ci ilə qədər istismar etməyi, eyni zamanda buna paralel olaraq 2019-cu ildən etibarən Azərbaycan ərazisində fəaliyyət göstərəcək daha bir stansiya quraşdırmağı düşünür. Bu isə ondan xəbər verir ki, Rusiya generaliteti, siyasi rəhbərliyi yeni və əhatə coğrafiyası kifayət qədər geniş olan yeni hərbi siyasətə start verir. Bu siyasətin həyata keçrilməsi üçün isə Azərbaycan əraziləri Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Moskva ölkəmizdə iki RLS-in eyni vaxtda fəaliyyət göstərməsinə qədər yeni planlar cızıb. Təbii ki, Rusiyanın bu istəklərinin həyata keçrilməsi əhəmiyyətli dərəcədə Azərbaycandan asılıdır. Hər halda Moskvanın RLS planlarının baş tutması üçün Azərbaycanın razılığı əsas şərtdir. Azərbaycanın razılığını ala bilmək üçün isə Moskva Bakının bəzi istəklərini nəzərə almaq məcburiyyətindədir.
Birinci, ona görə ki, Qəbələ RLS və Azərbaycanda inşa etmək istədiyi yeni stansiya Rusiya ücün cox vacibdir. İkincisi, bu stansiyaların Rusiyanın istismarına verilməsi Azərbayanın bəzi siyasi, ekoloji, geopoliktik maraqlarına zərər verə, tərəfdaşları ilə münasibətinə müəyyən təhlükə törədə bilər.
Qəbələ RLS-in Rusiya ücün əhəmiyyətini artıran faktorlar
Başlayaq birincidən. İlk növbədə qeyd edək ki, Rusiya Qəbələ ərazisində "Voronej-VP" yeni radiolokasiya stansiyası tikməyi düşünür. Bu stansiyanın inşasının 2019-cu ildə başa çatdırılması planlaşdırılır. "Akademik Mints adına Radiotexnika İnstitutu" Açıq Səhmdar Cəmiyyətin baş direktoru Vladimir Savçenko isə bildirib ki, bu stansiya hazırda Qəbələ ərazisində fəaliyyət göstərən "Daryal" tipli RLS-i əvəz edəcək: "Söhbət metrlik diapazona malik zavodda yığılmış yüksək potensiallı stansiyadan gedir. Stansiyanın quraşdırılması 2017-2019-cu illərə planlaşdırılsa da, hər şey qonşuların iradəsindən asılıdır. Yekun razılaşmalar siyasi səviyyədə möhkəmləndiriləcək".
Savçenko bildirib ki, "Daryal" stansiyasının sökülməsindən söhbət getmir, çünki bu stansiya Azərbaycanın mülkiyyətindədir: "Yeni quraşdırılacaq stansiya Rusiyanın mülkiyyəti olacaq, bir daha xatırladıram, bu, modul tipli stansiya olacaq. Yəni, bu stansiyanı istənilən vaxt sökərək başqa yerə aparmaq və yenidən quraşdırmaq mümkündür". Yeni radiolokasiya stansiyası Rusiyaya regionda, eləcə də ərəb ölkələrində və Hindistanda təyyarələrin, raketlərin uçuş trayektoriyasını izləmək imkanı verəcək. Bu isə Moskva ücün cox vacibdir.
İkinci tərəfdən, Qəbələ RLS təkcə Bakı və Moskva arasında münasibətləri müəyyən etmir və o, daha qlobal müstəvidə müzakirə predmetinə çevrilib. Belə ki, Qəbələ RLS ABŞ-Rusiya münasibətlərində, ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirməsi məsələsində diqqət yetirilən əsas obyektlərdən biridir. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə ABŞ-a baş tutan səfərində də toxunulan əsas mövzulardan biri məhz Qəbədə RLS-lə bağlı olub. Bu da onu göstərir ki, stansiya Moskva üçün daha çox önəm daşımağa başlayır.
Mokva stansiyanı ABŞ-a uduza biləcyindən də qorxur
Ücüncü maraqlı məqam isə Rusiya Qəbələ RLS ətrafınada Azərbaycanla razılığa gələ bilməyəcəyi təqdirdə bu stansiyaın ABŞ-a uduza biləcəyidir. Ekspertlərin fikrincə, Qəbələ RLS-ə ABŞ böyük maraq göstərir. Birləşmiş Ştatlar üçün bu stansiya olduqca cəlbedici görünür. Çünki bu region üzərində nəzarəti ələ keçirmək, perspektivdə özünün raket əleyhinə müdafiə vasitələrini mümkün təhlükələrə qarşı yönəltmək ABŞ-ın maraq dairəsindədir. Bu halda, Azərbaycan razılıq verərsə, ABŞ təşəbbüsü ələ keçirməyə çalışacaq. Yəni, Rusiyanın "Daryal" stansiyasından əl çəkməsindən sonra Qəbələ RLS-i ABŞ icarəyə götürə bilər. Çünki Vaşinqton da yaxşı bilir ki, RLS yaranmış vəziyyətdə bu regionda daha etibarlı və effektiv informasiya mənbəyidir. Xüsusən də nəzərə alınsa ki, stansiya İranın lap yaxınlığında yerləşir.
Digər tərəfdən, Rusiya olmadan ABŞ stansiyanı istismar edə bilərsə, onu müasir hərbi texnika ilə də modernləşdirə bilər. Elə ABŞ faktoru da Rusiyanı bu stansiyadan daha bərk yapışmağa vadar edir. Hər halda ABŞ və NATO-nun fəaliyyətinin izlənməsi baxımından Qəbələ RLS mühüm əhəmiyyətə malikdir. Rusiyanın Hərbi-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-leytenant Oleq Ostapenko bildirib ki, Hərbi-Kosmik Müdafiə Qoşunlarının formalaşdırılması prosesi başa çatıb və bu qoşunlar dekabrın 1-dən döyüş növbəsində dayanır. Azərbaycan ərazisindəki Qəbələ RLS də həmin qoşunların tabeliyinə daxil edilib. Generalın bildirdiyinə görə, Kalininqrad vilayətində bütün Avropa və Şimali Atlantikaya nəzarət edə bilən radilokasiya stansiyası qurulub. Bu regionda operativ-taktoki "İsgəndər" raketləri yerləşdirilib. Onun bildirdiyinə görə, Hərbi-Kosmik Müdafiə Qoşunlarının tərkibində kosmik komandanlıq, hava və raket hücumlarından müdafiə komandanlığı, hərbi kosmodrom, radar stansiyaları yer alacaq. Bu qoşunlar birbaşa silahlı qüvvələrin Baş Qərargahına tabe olacaq. Rusiya ərazisində yerləşən radar kompleksləri ilə yanaşı, Bakı və Moskva arasında razılıq əldə olunrasa, Qəbələ RLS-in də onun tərkibinə veriləcəyi gözlənir. Yəni Qəbələ RLS Rusiyanın gələcək siyasi və hərbi planlarında önəmli yer alır.
Bu sırada xüsusı olaraq qeyd edək ki, Rusiya NATO əleyhdarı olan dövlətlərin yardımından faydalanmağı da özünün yeni planlarına daxil edib. Məlumdur ki, Rusiya Tehran və Pekinlə alternativ birgə raket əleyhinə müdafiə sistemlərinin yaradılması ilə bağlı danışıqlar aparır. Artıq tərəflər arasında bu mövzuda bir sıra məsləhətləşmələr keçirilib. Bu dövlətlərin hamısı belə hesab edir ki, NATO əslində RƏM sistemlərini onlara qarşı yönəldib. İran, Rusiya və Çinin birgə alyans yaratması fonunda Qəbələ RLS-in də buraya daxil ediləcəyi heç bir şübhə doğurmur. Nəzərə alsaq ki, Qəbələ RLS böyük imkanlara malikdir, onda onun bu imkanlarından faydalanmağa, Rusiya ilə yanaşı, Çin və İranın da maraqları böyük olacaq. Bu isə o deməkdir ki, İran, Rusiya və Çin birgə RƏM alyansı formalaşdıracağı halda Qəbələ RLS-dən Qərb dövlətlərinə, o cümlədən NATO-ya, ABŞ-a qarşı istifadə olunacaq. Bu isə Rusiyaya Qərblə münasbətlərində “bazarliq” ücün əlavə imkanlar acır.
Moskvanın təkbaşına da stansiyadan NATO-ya qarşı istifadə edəcəyi gözlənir və Qəbələ RLS-in modenrləşdirilməsinin əsas səbəblərindən birinin də məhz bununla bağlı olduğu ehtimal edilir. Xatırladaq ki, Rusiya Şanxay Əməkdaşıq Təşkilatı kimi tanınan regional alyansa üzvdür. Bu alyansın başqa üzvləri Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Çindir. Bəzi mütəxəssislər deyir ki, Rusiya bu təşkilatı Şimali Atlantik Müqavilə Təşkilatı və ya NATO-ya qarşı potensial qüvvə kimi görür. Ona görə də Qəbələ RLS-dən əl cəkmək Mockva ücün arzuolnmazdı. Bütün bu qeqd olunan, eləcədə digər hərbi-siyasi faktorlar Qəbələ RLS-in və Azərbayanda inşa etmək istədiyi yeni stansiyanın Rusiya ücün nə qədər vacib oduğunu ortaya qoyur.
Qəbələ RLS-in Azərbayana verdiyi zərərlər
İndi isə Qəbələ RLS-in yenidən Rusiyanın istismarına verilməsinin və ölkədə daha modern hərbi texnika əsasında yeni stansiyanı quraşdırılmasına icazə verməsinin Azərbayanın bəzi siyasi, ekoloji, geopoliktik maraqlarına verdiyi zərərə diqqət edək. İlk növbədə qeyd edək ki, bu RLS Azərbaycan ekologiyasına və insanların sağlamlığına böyük zərər vurur. Qəbələ və ətraf rayonlarda bəzi meyvə ağaclarının məhv olmasında (şabalıd, qızı əhmədi alma və sair), xərcəng, sonsuzluq kimi xəstəlıklərin genış yayılmasında RLS-in rolununu yüksək olması mütəxəssislər tərəfindən də təsdiqlənir. Qəbələ RLS-in fəaliyyəti üzündən Qəbələ, Ağdaş, Göyçay, Ucar, Ismayıllı, Zərdab və Kürdəmir rayonlarının əhalisi arasında onkoloji (xərçəng) xəstəliklər digər rayonlara nisbətən 9, əsəb xəstlikləri 14, böyrək çatışmazlıqları 13, ürək-damar xəstəlikləri 7 dəfə artıb. Şüalanma nəticəsində şikəst doğulan uşaqların sayı isə 19 dəfə artıb. Stansiyanın faliyyətini davam etdirməsi bunu daha da artıra bılər.
Eyni zamanda həmin region Azərbaycanını turizm potensialı böyük olan ərazisidir. Burada Qəbələ RLS və gələcəkdə bunun yerində oxşar dıgər stansiyanın quraşdırılması istə-istəməz regiona turistlərin axınını azaldacaq. Bu isə ölkə və regon ücün böyük maliyyə itkisı deməkdir.
Digər vacib bir məqam Azərbaycanın gesiyasi maraqları ilə bağlıdir. Azərbaycan regionda balanslaşdırılmış siyasət yürütsə də, öz milli maraqlarına uyğun hərbi-siyasi prioritetləri var və Bakı Qərbə inteqrasiyaya meyl etdiyini gizlətmir. Belə bir şəraitdə ərazisində Rusiya məxsus hərbi obyektin mövcudluğu Azərbycan üçün sərfəli deyil. Hər halda NATO ilə əməkdaşlıq kursu götürən Azərbaycanda faktiki olaraq bu qurumun əleyhinə olan bir stansiyanın qurulması rəsmı Bakının manevr imkanlarını azaldir.
RLS Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına təhlükə yarada bilər
Onu da nəzərə almaq lazımdır ki, Rusiya Qəbələdə öz mülkiyyətinə aid olacaq daha modern stansiya quraşdırmaq istəyir ki, bu da faktiki qonşu ölkənin Azərbaycanda hərbi baza anlamına gəlir. Başqa ölkənini hərbi bazasının öz ərazisində yerləşdirilməsinə icazə vermək isə Azəbaycanın beynəlxalq aləmdəki nüfuzuna müəyyən zərər gətirəcəyi şübhə doğurmur.
Digər ərəfdən, həmin stansıyadan Azərbaycanın iki müttəfiqi Türkiyə və Pakistanın daha çox nəzarət altında qalacağı şəksizdir. Əslində Rusiyanın Qəbələdə yeni modul stansiya quraşdırmaq istəyi NATO-nun Türkiyədə yeni radar sisteminin yerləşdirməsi planına cavab olduğu bildiilir. Ancaq Moskvanın bu “cavabı” Azərbaycanda verməsi həm NATO ilə, həm də strateji müttəfiqimiz olan Türkiyə ilə münasibətlərə zərər vura bilər. Təsadüfü deyil ki, Qəbələdə yerləşdirilməsi planlaşdırılan yeni stansiyanın Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına kölgə salmaq mahiyyəti də daşıdığına dair fikirlərə rast gəlinir. Rusiya Müdafiə Nazirliyinin Qəbələdəki RLS-in yerinə modul tipli yeni stansiya quraşdırmaq istəyinin Ankarada ciddi müzakirə predmetinə çevrildiyinə dair də məlumatlar var.
Digər tərəfdən, Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı da Azərbaycanı bu məsələdə ehtiyatlı mövqe tutmağa vadar edir. Təsadüfü deyil ki, Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib ki, Rusiyanın bu radiolokasiya stansiyasından istifadə etməsi Ermənistanın təhlükəsizlik maraqlarına zidd deyil və regionda vəziyyətin yaxşılaşmasına kömək edir. "Ermənistanla Rusiyanın müttəfiqlik münasibətlərinin strateji xarakterini nəzərə alaraq, biz RF-nin Qəbələ RLS-dən istifadə etməsinə Ermənistanın təhlükəsizlik maraqlarına zidd hərəkət kimi baxmırıq" - nazir müavini qeyd edib. Bu dolaysiyla məmunluğun ifadə edilməsidir.
Bütün by qeyd olunan və dıgər faktorlar həm Qəbələ RLS-in, həm də gələcəkdə onun əvəzinə quraşdırilacaq yeni stansiyanın Azərbaycanın maraqlarına cavab vermədiyini söyləməyə tam əsaslar verir.
İcarə haqqının 100 milyon dollara qədər artırılması mümkündür
Belə bir şəraitdə Rusiya ücün cox vacib olan, Azərbaycanın isə imtina etməsinə kifayət qədər əsaslar olan Qəbələ RLS-in fəaliyyətini davam etdirmək ücün Moskvanın Bakını razı salmaq ücün ciddi addımlar atması zərurətə cevrilir.
Bunlardan biri kimi hələlik Qəbələ RLS-in icarə haqqını qaldirilması qabardılr. Rəsmi Bakı icarə müddətinin və haqqının artırılması üçün Kreml qarşısınnda kifayət qədər tutarlı faktlar qoyur. Bildirilir ki, Rusiya Federasiyasının Qəbələ RLS-in icarəsinə görə ödədiyi məbləğ stansiyanın dəyəri və Azərbaycanın risklərinə qeyri-adekvatdır. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın mövqeyini kifayət qədər əsaslandırıb: "Bu gün Rusiyanın informasiya-analitik mərkəz statusuna malik Qəbələ RLS-in icarəsinə görə hər il ödədiyi 7 milyon dollar məbləğində vəsait qeyri-adekvatdır. Ödənilən məbləğ, bir tərəfdən, RLS-in Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik üçün dəyəri və vacibliyinə adekvat deyil. Digər tərəfdənsə, bu məbləğ stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə icazə verən Azərbaycanın riskləri və təhlükələrinə uyğun deyil".
Nazir müavini bildirib ki, deyilənləri nəzərə alaraq, RLS-in icarə haqqı bir neçə dəfə artırılmalıdır: "Digər ölkələrin, həmçinin Rusiyanın başqa ölkələrdə belə obyektlərlə bağlı təcrübəsi ödənişlərin dəfələrlə artırılmasının zəruri olduğunu deməyə əsas verir".
Ancaq Azərbaycan Qəbələ RLS-in icarə haqqını qaldırılmasını təklifi Moskva təfindən qəbul olunmur. Bunu Rusiya müdafiə naziri Anatoli Serdyukov bəyan edib: "Onlar icarənin dəyərini kəskin artırmaq istəyir, biz isə, əvvəlki qiyməti saxlamaqla, icarəyə götürdüyümüz ərazini kəskin azaltmaq istərdik. Stansiya yeni görünüş aldıqdan sonra bizə belə həcmdə kommunikasiyalar artıq lazım olmayacaq. Su, elektrik enerjisindən istifadə indiki kimi böyük həcmdə olmayacaq".
Ancaq Mockvanın rəsmi Bakının icarənin dəyərini kəskin artırmaq tələbnə etira etməsi ücün hec bir əsası yoxdur. Bakının nə qədər tələb etdiyi dəqiq məlum olmasa da, yuxarıda qeyd etdiyimiz ekoloji, iqtisadi və siyasi faktorlar Azərbaycanın Qəbələ RLS-in icarə haqqını 100 milyon dollara və daha cox qədər artırmasına imkan verir. Bunu elə Rusiyadan olan siyasi ekspertlər də etiraf edir. Məsələn, rusiyalı siyasi şərhçi Andrey Rayevski qeyd edib ki, Azərbaycan bu məsələdə sərtlik göstərə bilər: “Bu RLS İrandan, Pakistandan və Hindistandan ballistik raketlərin mümkün buraxılışı haqqında xəbərdarlıq məqsədilə Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Bakı cəsarətlə hazırda ildə 14 milyon dollar təşkil edən icarə haqqını 140 milyon dollara qədər artıra bilər".
A.Rayevskinin sözlərinə görə, burada Azərbaycan Rusiya tərəfindən icarəyə götürülən "Baykonur" kosmodromunun icarə haqqını ildə 115 milyon dollar səviyyəsinə qədər qaldıran Qazaxıstandan nümunə götürə bilər: "Bütün əlavə xərcləri nəzərə alaraq Rusiya hər il öz dövlət büdcəsindən "Baykonur"a 315 milyon dollar vəsait ayırır. Bu, hətta Rusiya kimi elə də yoxsul olmayan ölkə üçün böyük məbləğdir. Buna görə də Azərbaycan məsələni qəti şəkildə qoymalıdır: ya biz Rusiya üçün Qəbələ RLS-in icarə qiymətini 10 dəfə artırırıq, ya da Moskva bizə Qarabağ məsələsini həll etməkdə kömək edir, o zaman icarə haqqı əvvəlki səviyyədə qalır və ya hətta aşağı düşür".
Qəbələ RLS-in özünü belə turizm obyektinə cevirmək olar
Qeyd edək ki, Azəbaycnın Qəbələ RLS-in icarə haqqını 100 milyon dollara və daha cox qədər artırmasına imkan verən səbəblərdən biri də stansiyanını fəaliyyətinə görə, turizmdən itərəcəklədir. Hər halda Qəbələdə və ətraf rayonlarda istirahət etmək istəyən turistlər İnternetdə bu regionla maraqlandıqda ilk qarşılarına cıxan RLS və onun insan sağamlığına vurduğu ziyanlar olacaq. Bunun isə sağlamlıqlarına xüsusi diqqət yetirən əcnəblərin əksəriyyətini secimlərini dəyşməyə vadar edəcəyi şübhə doğurmur. Bu da hər il milyonlar bəlkə də 10 milyonlarla dollar itki deməkdir.
Yeri gəlmişkən, qeyd edək ki, Qəbələ RLS-in özünü belə turizm obyektinə cevirməklə Azərbaycan hər il burdan 10 milyonlarla dollar gəlir götürə bilər. Qəbələ RLS Azərbaycanın mülkiyyəti olduğundan, icarə müqavıləsi başa catdıqdan sonra onu kecmiş SSRİ-dən qalma möhtəşəm bir hərbi baza kimi turizm obyektinə cevirmək, bura turlar təşkil etmək olar. Hər halda düyada belə təcrübələrə rast gəlinir. Rəsmi Bakı bu təklıfı gündəmə gətirməklə “Qəbələ RLS-i Rusiyaya icarəyə verməyib neyləyəcəksiz” sualını təkrarlamağı xoşlayanların da cavabını vermış olar.
Qəbələ RLS-in icarə müddətini 2025-ci ilədək uzatmaq olmaz
Ancaq fikrimizcə, Qəbələ RLS-in icarəyə verilməsini hansısa məbləğlə bağlamaq düzgün deyil. Onsuz da Rusiyanın verəcəyi istənilən məbləğ RLS-in Azərbaycana zərərərlərini qarşılamaq iqtidarinda deyil. Şübhəsiz ki, Qərb də RLS bazarlığının necə başa çatacağını maraqla izləyir. Bu baxımdan, sövdələşmənin nüfuz tərəfi də var.
Ancaq Moskvanın təkliflərini birmənalı rədd etmək də mümkün deyil. Hazırda Rusiya qlobal supergüc olmasa da, regional güc olaraq qalır və onun təzyiqlərini sərf-nəzər etmək siyasi baxımdan yanlışlıq olardı. Odur ki, Bakının RLS-i icarəyə verməkdən birmənalı imtina etmək imkanı olmasa da, yaranmış situasiyadan istifadə edərək həm siyasi, həm də iqtisadi baxımdan maksimum faydalanmalıdır.
İlk növbədə qeyd edək ki, Rusiyanın istədiyi kimi Qəbələ RLS-in icarə müddətini 2025-ci ilədək uzatmaq da regionda və dünyada sürətlə dəyişən geosiyasi duruma qeyri-adekvatdır. Bu baxımdan rəsmi Bakı Qəbələ RLS-in icarə müddəti daha az müddətə bağlamağa calışmalıdır.
Rusiyadan Qarabağ münaqişəsinin həlində konkret addimlar tələb edilməlidir
Ən önəmlisi isə Qəbələ RLS-in Rusiya ücün xüsusi əhəmiyyəti nəzərə alınaraq, Moskvadan qısa müddətdə Qarabağ münaqişəsinin həllində konkret addımlar atmasına dair üzərinə öhdəlik götürməsinə nail olunmalıdır. İlk baxışda Qəbələ RLS-lə Dağlıq Qarabağ münaqişəsi arasında hansısa qarşılıqlı əlaqəninin olmasını görmək çətindir. Lakin Qəbələ RLS-dən istifadəni davam etdirməyin Moskvanın indi xüsusi maraq dairəsində olduğu aydın görünür.
Belə bir şəraitdə Azərbaycan öz maraqlarının ziddinə olaraq Qəbələ RLS-i Rusiyaya uzunmüddətli icarəyə verəcəksə, hətta Azərbaycanda hərbi baza yaratmasına razılaşacaqsa, Moskvadan da müttəfiqi olan Ermənistanı Dağlıq Qarabağ və onun ətrafında işğal altında saxladığı 7 rayondan çıxarmağa vadar etməyi tələb etməlidir. Qeyd edək ki, bu rusiyalı ekspertlər tərəfindən də kifayət qədər haqlı hesab olunur.
Məsələn, rusiyalı siyasi şərhçi Andrey Rayevski qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi üçün RLS-lə bağlı danışıqlardan istifadə edə bilər.
Rusiyalı hərbi ekspert Aleksandar Felqenhauer isə məsələ ilə bağlı bildirir: "Qarabağ münaqişəsinə görə hər iki tərəf - Azərbaycan və Ermənistan Moskvanı öz tərəfinə çəkmək istəyir. Bu yaxınlarda bir erməni hərbçi Moskvada mənə deyirdi ki, Moskva axır ki, müəyyənləşdirməlidir - o kimin tərəfindədir: Azərbaycanın, yoxsa Ermənistanın. Bu baxımdan "Daryal" Azərbaycanın lehinə olan arqumentdir. Bununla Azərbaycan Moskvanı Qarabağ məsələsində bir qədər özünə tərəf çəkə bilər. Buna görə yeni stansiya ətrafında danışıqlar Azərbaycan tərəfdən məhz Qarabağ problemilə bağlı aparılacaq - Moskvanın Qarabağ məsələsində mövqeyilə bağlı".
Yəni Moskvada da başa düşürlər ki, mövcud şəraitdə Qəbələ RLS Azərbaycanın Rusiyadan daha ciddi güzəştər əldə etməsinə səbəb ola bilər. Azərbaycan da bu imkandan istifadə etməlidir. Rusiya Ermənistana təzyiq göstərməsə, Azərbaycanın Qəbələ RLS-in icarə müddətinin uzadılmasından imtina etmək hüququna malik olduğunu başa salmalıdır. Mövcud şəraitdə isə Rusiya BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olan Azərbaycanın Qarabağ şərtləri ilə razılaşmalı, ya da özünün yeni hərbi siyasi planlarından vaz keçməlidir.
İkinci yol, NATO-ya Rusiyanı növbəti məğlubiyyəti, Moskvanın geosiyasi-hərbi maralarına ciddi zərbə olardı. Bu isə Rusiyanın birinci variant secməsi ehtimalnı artırır. Elə bu baxımdan indi əsas nəzərlər bu kontekstdə Bakı və Moskva arasında müzakirələrin hansı nəticələrlə yekunlaşacağına yönəlib.
“AzMedia” Analtik qrupu