Milli Məclisin deputatı Rasim Musabəyov dünən Facebook şəbəkəsində yazdığı statusla Azneft meydanındakı yeraltı keçiddə qarşılaşdığı mənzərəyə etiraz edib. Deputat yeraltı keçiddə pop-korn satanları ittiham etmiş, Bakının və Bakı sakinlərinin rahatlığını pozurlar deyə bildirmişdi. Eyni zamanda onların vergidən yayındığını qeyd etmişdi.
Deputatın iradları ciddi müzakirələrə səbəb olmuş, bir çoxları ona etiraz etmişdilər.
Modern.az xəbər verir ki, Rasim Musabəyov bu gün yenidən olaya münasibət bildirib. Onun sözlərinə görə, artıq Azneft meydanındakı yeraltı keçid pop-korn qoxusundan azad olub:
“Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərdi. Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.
Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə “Feysbuk” statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu”.
Deputat qeyd edib ki, buna nail olmasında sosial şəbəkə istifadəçiləri böyük rol oynayıb:
“Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın”.