"Şirvan-Muğan qrup su kəmərindən Neftçala rayonuna suyun verilməsi planlaşdırılır".
Modern.az xəbər verir ki, bunu "Azərsu" ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, artıq layihə işlənib yekunlaşdırılıb.
"Bunun üçün 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi planlaşdırılır. Layihə yekunlaşdırıldıqdan sonra Neftçala sakinləri növbəti ildən Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edir".
"Azərsu" ASC səhmdar cəmiyyəti sədrinin müşaviri Telman Ağayev qeyd edib ki, Azərbaycan ötən əsrin 70-ci illərinə qədər su qıtlığından əziyyət çəkib.
"Ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarmadasındakı digər yaşayış məntəqələri içməli su ilə "Şollar", İkinci Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su təminatında ciddi çətinliklər yaranıb. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır. Kür su kəmərləri sistemini birinci növbəsinin inşasına 1968-ci ildə başlanılıb, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndi. 2012-2013-cü illərdə 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəməri və kəmərin marşurutu boyunca Hacıqabul, Salyan və Biləsuvar su anbarları tikilib".
Ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq "Azərsu" ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27.5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından saniyədə 5 kubmetr həcmində suvarma suyu verilir.
Nuranə Daxilqızı