Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə iqtisadiyyatında neft amilindən asılılığın azaldılması istiqamətində davamlı şəkildə aparılan islahatlar digər sahələrin, o cümlədən aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradıb. Respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda kənd təsərrüfatı sahələri arasında özünəməxsus yeri olan, qədim ənənələrə malik baramaçılıq və ipəkçiliyin inkişafı bu baxımdan xüsusi önəm daşıyır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda baramaçılığın tarixi çox uzaq bir dövrə, 5-ci əsrə təsadüf edir. 12-ci əsrdən isə Azərbaycan ipəyi tarixi Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmağa başlanılıb.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Sovetinin 1971-ci il 3 mart tarixli 106 nömrəli qərarı baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermiş, görülən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş, barama tədarükü xeyli artmışdı.
Təəsüf ki, 1990-cı illərdən sonra ölkədə barama istehsalında problemlər yaranmış və bu sahənin inkişafı arxa plana keçmişdi. Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması, Ordubad Baramaaçma Fabrikinin bağlanması və ölkədə yeganə olan Şəki İpək Kombinatının fəaliyyətində çətinliklərin yaranması sonrakı dövrlərdə ölkədə barama istehsalının kəskin azalması ilə nəticələnmişdir. Statistik göstəricilər də ölkədə barama istehsalının tənəzzülünü ifadə edir. Əgər barama istehsalı 1970-ci ildə Azərbaycanda 3.2 min ton idisə, getdikcə artaraq 1991-ci ildə 5.9 min tona çatib. Sonradan istehsal azalıb, 2015-ci ildə isə cəmi 236 kiloqram yaş barama istehsal olunub.
Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alan Prezident İlham Əliyev bu geriliyi aradan qaldırmaq məqsədilə 2016-cı il sentyabr ayının 15-də “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında”, həmin ilin noyabrın 16-da “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və s. sərəncamlar imzalayıb. Həmçinin dövlət başçısının “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli sərəncamları da bu sahənin inkişafı üçün yeni imkanlar yaradıb.
Prezident İlham Əliyevin ipəkçiliyin inkişadı ilə bağlı sərəncamları, göstərişləri bu gün Zərdab rayonunda uğurla icra olunur. Statistik göstəricilərə nəzər yetirək. Əgər barama istehsalı 2016-cı ildə 5710, 2017-ci ildə 27055, 2018-ci ildə 53880 kq olubsa, bu rəqəm 2019-cu ildə 65321-ə yüksəlib. Beləliklə son 4 ildə rayon üzrə barama tədarükü 11.4 dəfə artıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə yay baramasının yetişdirilməsi kimi təcrübəyə də Zərdab rayonunda start verilib. Belə ki, Zərdabda mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının şəxsi vəsaiti hesabına ikinci mərhələdə Çin Xalq Respublikasından 300 qutu barama qurdu gətirilərək iyunun 26-da pulsuz olaraq kümçülərə paylanılıb.
Kümçülər tərəfindən onlara paylanılmış barama qurdunun yay yemləməsi normal aparılıb. Hətta 30-32 dərəcə temperaturda bəzi kümçülərin, o cümlədən rayonun Əlvənd kənd sakini İbrahimov Mənsur Təhməz oğlunun götürdüyü 57 qram barama qurdunun yay yemləməsi 22-ci gün başa çatıb, bəsləmənin 23-cü günü ipəkqurdunun 70 faizi barama sarımağa başlayıb.
Mütəxəssislərin ilkin proqnozlarına görə, rayon üzrə ikinci mərhələdə paylanılmış barama qurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir.
Son illər barama istehsalında liderliyi əldən verməyən zərdablılar bu sahədə daha yüksək göstəricilərə nail olacaqlarına əminliklərini də söyləyiblər. Təbii ki, bu əminliyin arxasında da dövlətin dəstəyi və halal zəhmət durur.
İlham Cəmiloğlu