Qızmar yay günlərində hər kəsin sərinləşdirici içkilərə olan tələbatı artır. Susuzluğu yatırmaq üçün müxtəlif növ içkilər alırıq. Kimisi qazlı, kimisi sadə suya üstünlük verir. Şirin qazlı suları xoşlayanlar da var.
Hazırda ticarət obyektlərində müxtəlif çeşiddə sərinləşdirici içkilər satışa çıxarılıb. Bu da istehlakçılara rahat seçim imkanı verir. Amma narahat doğuran məsələlərdən biri odur ki, sərinləşdirici içkilərin saxlanması zaman lazımi qaydalara əməl olunurmu? Ümumiyyətlə, suların etiketində saxlanma müddəti düzgün göstərilibmi?
Təəssüf ki, heç də hər zaman bu şərtlərə əməl olunmur. Müşahidələr göstərir ki, bəzi ticarət obyektləri suları mağazanın qarşısında qızmar günəş altında saxlayırlar. Sonradan satış zamanı soyuducuya yerləşdirirlər. Halbuki, plastik qablardakı sular işıq və günəş şülarından qorunmalıdır.
Sərinləşdirici içkilərin qızmar günəş altında qalması onun keyfiyyət göstəricilərinin dəyişməsinə, bəzi hallarda isə istehlaka yararsız hala düşməsinə səbəb olur. Odur ki, xüsusi saxlama şəraiti tələb edən bu cür məhsulları alarkən diqqətli olmaq tövsiyə olunur. Əks halda problemlərlə üzləşə bilərsiniz.
Sərinləşdirici içkini gün altında saxlamaq olmaz
Qanunvericiliyin tələblərinə görə, sərinləşdirici spirtsiz içkilər temperaturda saxlanılmalıdır. Optimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir.
Ticarət şəbəkəsində qazlı içki dolu olan şşələr horzontal vəziyyətdə temperaturu 2-15 dərəcə olan anbarlarda saxlanmalıdır. Daha yüksək temperaturda butulkanın ağzı qazın təzyiqindən açılır. Ticarət şəbəkəsində bir gün ərzində satılacaq su butulkalarını yeşikdə saxlamaq lazımdır. Meyvə şirəsi və ekstraktları 0-10 dərəcədə, şəkər əlavə edilmiş şirələri isə 20 dərəcə Selsi temperaturda saxlamaq оlar. Şərbət, mors və quru kоnsentratları 12-20 dərəcədə saxlanmalıdır.
Оptimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir. Bu müddət stabilləşdiricilərin tətbiqindən asılıdır. Mineral su 5-12 dərəcə temperaturda saxlanılmalıdır. Təbii mineral suların saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral suların ticarət şəbəkəsində saxlanılma müddəti 15 gündür.
Susuzluğun yatırılmasında, orqanizmdə su balansının tənzimlənməsində böyük fizioloji əhəmiyyətə malik olan spirtsiz içkilər təbiətindən, xammalından və istehsal xüsusiyyətindən asılı olaraq təsnifləşdirilir. Mineral sular, qazsız spirtsiz içkilər, qazlaşdırılmış spirtsiz içkilər, meyvə-giləmeyvə, eləcə də tərəvəz şirələri, şərbətlər və s. qidaların içərisində əhəmiyyətli yeri tutur.
Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Spirtsiz içkiləri markaladıqda hər bir butulka, balon və çəlləklərə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir. Odur ki, sərinləşdirici içkilər alan zaman bu kimi amilləri nəzərə almaq lazımdır.
İçkinin dibində çöküntü olmamalıdır
Mütəxəssislər qeyd edirlər ki, keyfiyyətsiz içkilər insan orqanizmi üçün təhlükə mənbəyidir. Belə ki, bu məhsulları alarkən butulkaların dibində çöküntünün olmasına, şəffaflığına diqqət etmək lazımdır. Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir.
İctimai iaşə müəssisələrində verilən sərinləşdirici içkilərdən zəhərlənməmək üçün onların rənginə diqqət etmək lazımdır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova bildirib. O, qeyd edib ki, insanlar yalnız restoranlarda deyil, marketlərdə də diqqətli olmalıdırlar:
“İlk növbədə, müştəri məhsulu alan zaman onun vizual görünüşünə baxmalıdır. Qablaşdırmada hər hansı şişmə halı varsa, o məhsulu almaq lazım deyil. Eyni zamanda, tetra-pak qablaşdırmalarda olan sərinləşdirici içkilərin də qablaşdırılmalarına diqqət edib, daha sonra almaq lazımdır. Şəffaf şüşə qablarda isə rəng dəyişikliyini aydın şəkildə müşahidə etmək olur.
Bu kimi məhsulların istehlakı qida təhlükəsizliyi baxımından yanlışdır. Satıcılar bu məhsulların saxlanma şəraitinə riayət etməlidirlər. Sərinləşdirici içkilərin Günəş şüalarının birbaşa təsiri altında saxlanılması yanlışdır. Bundan başqa, küçələrdə açıq piştaxtalar üzərində meyvə şirələri və digər qablaşdırmalarda olan sərinləşdirici içkilərin saxlanması qida təhlükəsizliyinin kobud şəkildə pozuntusu deməkdir”.
Müxtəlif adlarda qazlı və qazsız suların satışına da münasibət bildirən A.Cəlilova məhsulların üzərində göstərilməli olan minimum məlumatlardan da danışıb:
“İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, hər bir məhsulun üzərində göstərilməsi vacib olan minimum məlumatlar var. Həmin məlumatlarda məhsulun tərkibi, saxlanma şəraiti qeyd olunur. Əgər bununla bağlı hər hansı məqamla rastlaşan istehlakçı varsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Qaynar xətt”inə müraciət edə bilər. Tez bir zamanda agentlik tərəfindən şikayət əsasında araşdırmalara başlanılır”.
İstifadə tarixi önəmlidir!
Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almaq olmaz. Spirtsiz içkilər qruplarına daxil olan meyvə-giləmeyvə şirələrinin kimyəvi tərkibi daha zəngindir. Onların tərkibində meyvədə olan şəkərlər, üzvi turşular, zülallar və s. maddələr olur. Başqa spirtsiz içkilərdən fərqli olaraq bu şirələr mineral maddələr və vitaminlərin mənbəyidir. Onların tərkibində 88-92 faizə qədər su var. Ona görə də bu içkilər enerjivermə qabiliyyətinə malik deyillər. Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərdə az olsa da minerallı maddələr, rəngləyici maddələr və digər bioloji fəal maddələr olur. Qidalılıq dəyəri hesablanarkən, onların tərkibində karbohidratlar suda həll olan bəzi vitaminlər və s. müəyyən edilir. Bu maddələrin miqdarı qüvvədə olan normativ-texniki sənədlərlə (NTS) normallaşdırılır və məhsulun enerji dəyəri (mineral sulardan başqa) ilə yanaşı etiket üzərində göstərilir. Mineral sular isə mənşəyindən asılı olaraq təbii suya və süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur. Təbii mineral sular süfrə və müalicəvi sulara ayrılır. Süfrə üçün mineral suyun tərkibində müəyyən miqdar faydalı minerallı maddələr vardır. Onlar sərinləşdirici xoşagələn dada malikdir. Müalicəvi sular müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir.
Qazlı içkilərin tərkibində istifadə edilən Aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanimzə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən Aspartam hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur. Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı” nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.
Soyuq halda içməyin!
Adətən qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan Aspartam əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və aspartamı, atsesulfam və aspartamı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur.
Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tətqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir. Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36%-i və gənclərin isə 17%-i şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbilə həddindən artıq piylənmədən əziyyət çəkirlər.
Qazlı içkilər daha da susuzluq yaradır
Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir. Framingham tədqiqatına cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, ümumiyyətlə şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.
Mütəxəssislər deyir ki, şirin, qazlı, energetik içkilər orqanizmin suya olan ehtiyacını ödəmir, əksinə, daha çox susuzluğa səbəb olur
Daha bir mühüm məsələ - səribləşdirici içkilərin soyuq halda içilməsi ilə bağlıdır. Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, yay aylarında insanlar daha çox içkiləri çox soyuq halda içməyə üstünlük verirlər. Əslində bu, düzgün deyil:
"Çünki qida borusuna birdən-birə aşağı temperaturlu maye, yaxud yad cisim düşdükdə orqanizmdə ciddi fərq yaranır. Nəticədə yuxarı tənəffüs yollarında bəzi infeksiyalar fəallaşmağa başlayır. Yay aylarında soyuqdəymə xəstəliklərinin artmasının əsas səbəbi də məhz budur. Ona görə də, sərinləşdirici içkiləri orta temperaturda qəbul etmək lazımdır. Dondurucudan çıxarılan buz kimi meyvə şirələrini, yaxud digər içkiləri qəbul etmək olmaz. Ümumiyyətlə, hesab edirəm ki, qazlı içkilərdən mümkün qədər az istifadə etmək lazımdır. Çünki bu içkilərin insan orqanizminə vurduğu zərər haqda xeyli müddətdir ki, danışırıq. Bu haqda mətbuatda həddən çox yazılar dərc olunub. Qazlı içkilər xüsusilə qadınlara daha çox ziyandır. Bu içkilər hamiləlik dövründə müxtəlif fəsadlara yol aça bilir. Ona görə d, yaxşı olardı ki, qazsız olan içkilərdən daha çox istifadə edilsin. Məsləhət görərdim ki, isti havalarda daha çox, adi sudan istifadə edilsin. Azərbaycanda istehsal olunan müxtəlif meyvə şirələrinin tərkibi heç də deyildiyi kimi təbii deyil. Bu şirələrin çoxunun tərkibi kimyəvi maddələrdən və konservantlardan ibarətdir. Yaxşı olar ki, ev şəraitində hazırlanan meyvə şirələrindən, yaxud kompotlardan istifadə olunsun. Çünki satışda olan şirələrin əksəriyyətinin tərkibində orqanizmə zərərli maddələr var. Bu məhsulların çoxu reklam edilir və geniş istifadə olunur. Kimlərinsə korporativ maraqlarına xidmət edir deyə, ölkənin genefonduna ziyan vurmaq olmaz. Düşünürəm ki, sağlam qidalanma ilə bağlı təbliğat və maarifləndirmə işlərini daha da gücləndirmək lazımdır”.
Uşaqları bu içkilərdən uzaq tutun
Pediatr Kənan Qarayev mətbuata açıqlamasında bildirib ki, yaş həddindən asılı olmayaraq, bütün uşaqlar sərinləşdirici içkilərin qəbul edilməsinə diqqət etməliirlər: "Həddən artıq soyuq şəkildə içkilərin qəbul edilməsi yolverilməz haldır. Yay aylarında uşaqlar bol maye qəbul etməlidir. Amma bu mayenin temperaturu otaq temperaturunda olmalıdır. Uşaqlara qazlı və rəngli içkilərin verilməsi məsləhət deyil. Valideynlər bu məsələyə diqqət etməlidir. Çünki bu içkilərin tərkibində müxtəlif kimyəvi qatqılar var. Həmin içkilərin tərkibində olan qarışıqlar uşaqların gələcəyinə və sağlamlığına mənfi təsir göstərir. Misal olaraq, müxtəlif allergik xəstəliklərini, dəri xəstəliklərini, mədə-bağırsaq problemlərini göstərmək olar. Bu içkilər orqanizmdə metobolizmanın pozulmasına səbəb olur. Nəticədə uşaqlarda piylənmə və kökəlmə halları geniş yayılır”.
Uşaqları qazlı və rəngli içkilərdən, həm də plastik qablarda olan içkilərdən uzaq saxlamaq lazımdır. Xüsusilə, plastik qabda olan içkilər soyuq və qazlıdırsa, bu, yolverilməz haldır. Uşaqlara içki alarkən onun şüşə butulkada olmasına diqqət etmək lazımdır. Energetik içkilər isə ümumiyyətlə, heç kimə tövsiyə olunmur.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.