Müxtəlif media qurumlarının Qarabağ bölgə müxbirləri iş fəaliyyətində maraqlı anlar yaşayır.
Modern.az AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri Tahir Ağaməmməmədovun Olkem.info-ya müsahibəsini təqdim edir.
O, təvazökarlığı və səmimiyyətiylə hörmət qazanıb və həmkarları arasında peşəkar və məsuliyyətli jurnalist kimi tanınır. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində əldə etdiyi uğurlar da sübut edir. Ağdamın cəbhə xəttinə yaxın Qaradağlı kəndində, özünün dediyi kimi, “atəşkəs olsada, müharibə qanunlarıyla” yaşayır və cəbhə bölgəsinin gərginliyini Qarabağ müxbirlərinin hamımısından daha çox hiss edir. Elə ilk sualımız da bu çətinliklərlə bağlı oldu.
– Belə bir bölgədə işləməyin çətinlikləri nələrdir?
– Jurnalistika dinamik, məsuliyyətli, çətin bir peşədir. Bu sahə dünyada ən çətin və təhlükəli peşələrdən hesab olunur. Bu baxımdan cəbhə bölgəsində yaşayan və fəaliyyət göstərən media nümayəndələrini xüsusi qeyd etmək lazımdır. Təbii ki, bu peşəyə könüllü olaraq gəlmişik. Gələndə bilirdik ki, çətinliklərimiz də olacaq. Bəzən çox yoruluruq. Çünki digər peşələrdən fərqli olaraq bizim iş saatımız yoxdur, çox vaxt şənbə, bazar, bayram günlərini də işləməli oluruq. Gündəlik fəaliyyətimizi təxmini olaraq üç hissəyə bölmək olar. Onun bir neçə saatı yollarda keçir. Sonra tədbir və ya çəkilişlər, daha sonra isə materialı emal etmək, hazırlamaq. Bu isə sutkanın çox hissəsini təşkil edir. Çox vaxt axşam evə qayıdandan sonra da gecəyədək kompüter arxasında olur, sabahkı mövzular üzərində işləyirəm. Bəzən real təhlükə ilə də üz-üzə qalırıq. Lakin bu bizi qorxutmur. Bu cür iş rejimi cəbhə bölgəsi jurnalistlərinin həyat tərzinə çevrilib.

– Jurnalistikaya gəlişiniz necə olub?
– Düzünü desəm, uşaqlıq və yeniyetməlik dövründə jurnalist olmaq barədə düşünməmişəm. Müxtəlif dövrlərdə geoloq, şərqşünas və politoloq olmağı arzulamışam. 1997-ci ildə orta məktəbi bitirib ali məktəblərə keçirilən qəbul imtahanına sənədlərimi təqdim edərkən yazdığım ixtisaslar içərisində jurnalistika da var idi. Topladığım bala və ixtisasların sıralanmasına uyğun olaraq jurnalistika fakültəsinə qəbul oldum. Universitetdə Şirməmməd Hüseynov, Famil Mehdi, Aqşin Babayev, Yalçın Əlizadə, Əfqan Əsgərov, Nəsir Əhmədli kimi müəllimlərimiz bizə jurnalistikanın sirləri ilə yanaşı bu sahəyə sevgi də aşıladılar. Beləcə, tale özü məni jurnalistikaya gətirdi.
Tələbəlik illərində “Açıq söz”, “Zaman”, “İqtisadiyyat”, “Maarifçi”, “Bərdə” kimi qəzetlərdə yazılarım dərc olunurdu. Universiteti bitirib hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqduqdan sonra publisistik jurnalistika ixtisası üzrə magistr təhsili aldım. Bu illərdə də müxtəlif mətbu orqanlarla əməkdaşlıq edirdim.

– Bəs necə oldu ki, AZƏRTAC-ın bölgə müxbiri kimi işləməli oldunuz?
– 2008-ci ilin əvvəli idi. Həm özümün Qarabağ bölgəsində yaşadığımı, həm də dövlət agentliyi olaraq AZƏRTAC-da böyük təcrübə qazana biləcəyimi düşünərək müraciət etdim. Bir aylıq təcrübə dövrü keçdikdən sonra Qarabağ bölgəsinə müxbir təyin edildim.
Bir haşiyə də çıxım. Universitetin sonuncu kursunda təhsil alanda “diplom işi”min mövzusu “Azərbaycanın kütləvi informasiya vasitələri müstəqillik illərində” idi. Mövzunu işləyərkən daha geniş məlumat əldə etmək üçün müxtəlif redaksiyalara, informasiya agentliklərinə də gedirdim. O vaxt AZƏRTAC-da olarkən nə vaxtsa burada işləmək arzusu yaranmışdı məndə. Sonra tale elə gətirdi ki, AZƏRTAC kimi mötəbər bir agentliyin əməkdaşı oldum.
– Hansı xəbəriniz yadınızda çox qalıb?
– Hazırladığım xəbərlərin, reportajların, demək olar ki, hamısı yadımdadır. Bunları unutmaq olmaz. Çünki hər bir yazını hazırlayarkən müəllif mövzunun içərisinə girir, onu yaşayır, baş verənərin bir növ iştirakçısı olur. Odur ki, hər bir yazım mənim üçün doğmadır və yaddaşımda özünə möhkəm yer alıb.
Ən yaddaqalan, maraqlı yazılardan Qarabağın mətbəxini, tarixini, mədəniyyətini əks etdirən yazılar, o cümlədən Qarabağ motal pendiri, Tərəkəmə yeməkləri, Hədik mərasimi, Qarabağın atüstü oyunları, 2016-cı ilin aprel zəfəri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin və xarici jurnalistlərin cəbhə bölgəsinə səfəri, Cocuq Mərcanlıdan, həmçinin təmas xəttinə yaxın məsafədə yerləşən digər kəndlərdən hazırladığım reportajları göstərmək olar.
- Fəaliyyətinizdə jurnalistikanın hansı janrlarından daha çox istifadə edirsiniz?
– Mətbu janrlar üç növə bölünür: informasiya, analitika və bədii publisistika. İnformasiya agentliyində işlədiyim üçün təbii ki, mən də daha çox informasiya janrlarından – xəbər, müsahibə və reportajdan istifadə edirəm. Lakin bəzən analitik janrlara da müraciət edirəm. Qarabağın mədəniyyəti, bu bölgəyə məxsus milli adətlərimiz, xörəklər barədə hazırladığım yazılar, 2016-cı ilin aprel döyüşləri zamanı düşmənin artilleriya atəşi nəticəsində təmas xəttinə yaxın kəndlərdəki dağıntılar barədə xəbərlər, erməni işğalçılarının silahlı təxribatların qarşısının alınması zamanı igidlik göstərmiş Azərbaycan ordusunun hərbi qulluqçularından aldığım müsahibələr, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindən, eləcə də təmas xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrindən reportajlar oxucular tərəfindən daha çox maraqla qarşılanıb.

– Yəqin ki, jurnalist fəaliyyətiniz zamanı maraqlı anlar çox olub…
– Əlbəttə. Bəzən iş vaxtı maraqlı hadisələr də baş verir. Onlardan birini deyim. Beyləqan rayonunun Günəşli kəndində keçirilən Novruz şənliyində iştirak edib çəkiliş aparırdım. Bu kənddə Novruz bayramı zamanı “Padşah oyunu” adlı mərasim keçirilir. Keçən əsrin ortalarında Cəbrayıl rayonunun Sirik kəndindən Beyləqana gələn ailələrdən ibarət olan bu kəndin bütün sakinləri bayram şənliyində iştirak edir. Adətə görə “Şah” musiqi sədaları altında, “vəzir-vəkil”in, “fərraş”ların əhatəsində məclisə daxil olur. Novruz tonqalı qalanır, kənd sakinləri dövrə vurub yallı gedirlər. Mərasimdə “şah” danışmır, “vəzir” isə müəyyən “əmr”lər verir, başındakı adamlar onun “əmr”lərini icra edirlər. Əmrlərə tabe olmayan, qaydaları pozanlar “fərraş”lar tərəfindən tutularaq “padşah”ın hüzuruna aparılır və “cəzalandırılır”. Cəza verilən adamı şallaqlayır və ya kəndirə bağlayaraq “dar ağacı”ndan asırlar.
Çəkiliş zamanı vəzir operatorla məni nəzərdə tutaraq, “kənddə şübhəli adamlar var, çəkiliş aparırlar”, – deyib fərraşlara bizi tutmalarını göstəriş verdi. Bunu eşidəndə operator çəkilişi saxlayıb arxasına baxmadan qaçdı. Fərraşlar onu tuta bilmədilər. Çox maraqlı səhnə alınmışdı. Mən isə könüllü təslim oldum. Amma qonaq olduğumuzu nəzərə alıb bizi nə şallaqladılar, nə də asdılar. Kənd camaatı ilə rəqs etməklə canımızı qurtardıq. Təbii ki bunlar xoş bir Novruz zarafatları idi.
– Nələri Qarabağ bölgəsindən xəbərin özəllikləri hesab edirsininiz?
– Qarabağ respublikamızın digər yerlərindən fərqli olaraq daha həssas, daha qaynar bölgədir. Bura münaqişə zonasıdır, atəşkəs tez-tez pozulur və bundan təmas xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrindəki sakinlər əziyyət çəkir. İşğalçı Ermənistanla müharibə təkcə hərb meydanında deyil, həm də informasiya sahəsində aparılır. Bu baxımdan cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Cəbhə bölgəsinin jurnalistlərini həm də informasiya müharibəsinin əsgərləri adlandırmaq olar. Ermənistanın işğalçı siyasəti, düşmən ordusunun cəbhədə törətdiyi təxribatlar və bu təxribatların təmas xəttinə yaxın kəndlərin sakinləri üçün yaratdığı çətinliklər, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyaların ölkə auditoriyası ilə yanaşı, dünya ictimaiyyətinə çatdırılması Qarabağ bölgəsində fəaliyyət göstərən media nümayəndələrinin əsas fəaliyyət istiqamətlərindəndir. Bütün bu sadaladıqlarımı Qarabağ bölgəsində xəbərin özəllikləri hesab edirəm.

– Bu gün ölkəmizdə ənənəvi media ilə yanaşı, informasiya agentlikləri və portallar, eyni zamanda sosial şəbəkələr sürətlə inkişaf edir. Təbii ki, Qarabağ bölgəsində də televiziyaların, xəbər agentliklərinin və portalların nümayəndələri fəaliyyət göstərir. Belə bir şəraitdə AZƏRTAC-ın bölgə müxbiri kimi işinizi necə qurursunuz?
– AZƏRTAC nəinki Azərbaycanda, eləcə də dünya informasiya məkanında öz yeri, nüfuzu və çəkisi olan agentlikdir. Respublikamızın aparıcı informasiya agentliyi olan AZƏRTAC ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatı barədə informasiya toplayan, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycanın dövlət orqanlarına, ictimai birliklərə operativ surətdə çatdıran dövlət orqanıdır. Məlumatın dəqiqliyi, dürüstlüyü AZƏRTAC-ın əsas prinsiplərindədir. Təbii ki, belə bir qurumda işləmək çətindir və jurnalistdən olduqca məsuliyyətli olmağı tələb edir.
Bölgə müxbiri olaraq mənim də əsas vəzifəm dəqiqliyi, dürüstlüyü, obyektivliyi ilə izləyicilərin, oxucuların etibarını qazanmış AZƏRTAC-ı layiqincə təmsil etməkdir. Təbii ki, hamının sosial şəbəkələrdən istifadə etdiyi, xəbər agentliklərinin və portaların sayının çoxaldığı, informasiya-kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə operativlik də əsas şərtlərdəndir. Bu gün xəbərin daha tez çatdırılması uğrunda rəqabət gedir. Bir bölgə müxbiri kimi mən də xəbərin, baş verən hadisənin operativ şəkildə oxuculara çatdırılmasına çalışıram. Elə olur ki, daha vacib hadisə və ya tədbirlər barədə faktı dəqiqləşdirib qısa operativ xəbər veririk. Daha sonra isə həmin xəbəri yeniləyib daha geniş formada oxuculara çatdırırıq.
Hər hansı faktı dəqiq olmadan operativlik xatirinə verməkdənsə, onu dəqiqləşdirib doğru-dürüst vermək daha doğrudur. Təəssüf ki, bu gün bir çox xəbər saytları buna əməl etmir, İP (baxış sayı) yığmaq üçün gurultulu sərlövhələrdən, yoxlanılmamış, qeyri-dəqiq faktlardan istifadə edirlər. Bu isə oxucunu aldatmaqdır. Halbuki ən düzgün yol dəqiqləşdirilmiş, yalnız təsdiq olunan faktlara istinad etməklə xəbərin çatdırılmasıdır.

– Hər xəbər tarixin hansısa bir məqamını əks etdirir. Jurnalist kimi hansı tarixin yazılmasında rolunuz olub?
– Mətbuatı dövrün aynası adlandırırlar. Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi yazırdı ki, “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”. Əgər tarixçilər illərin, qərinələrin, əsrlərin, minilliklərin tarixini yazırlarsa, jurnalistlər də günün tarixini yazır, baş verən hadisələri, ictimai-siyasi prosesləri, sosial-iqtisadi inkişafı öz yazılarında əks etdirirlər.
AZƏRTAC-ın Qarabağ müxbiri kimi mənim də hazırladığım xəbərlərdə, reportajlarda cəbhəyanı rayonların müasir tarixi əks olunub. Mən 2016-cı ilin aprel döyüşlərini xüsusilə vurğulamaq istəyirəm. Həmin vaxt AZƏRTAC-ın bölgə müxbiri kimi Ermənistan silahlı birləşmələrinin atəşi nəticəsində zərər çəkmiş kəndlərdən, dağılmış, yanmış evlərdən hazırladığım xəbərlər, çəkdiyim fotolar həmin dövrün yazılmış tarixidir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndindən hazırladığım xəbər və reportajları da “Cocuq Mərcanlının Aprel zəfərindən sonra yazılmış tarixi” adlandırmaq olar. Düşmən tərəfindən dağıdılmış, daşı daş üstə qalmayan Cocuq Mərcanlı gözümüz önündə qədəm-qədəm ucalıb, gözəl, abad qəsəbəyə çevrilib. AZƏRTAC-ın bölgə müxbiri kimi bütün bu prosesləri daim diqqət mərkəzində saxlayır, Cocuq Mərcanlının tikinti-quruculuq dövrü, 24 il köçkünlük həyatından sonra sakinlərin doğma yurda qayıdışı, kəndin sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr barədə vaxtaşırı xəbər, müsahibə və reportajlar hazırlamışam.
Təmas xəttinə yaxın məsafədə yerləşən Füzulinin Alıxanlı, Ağcabədinin Yuxarı Qiyaməddinli, Ağdamın Evoğlu, Tərtərin Qapanlı və Borsunlu kəndlərindən hazırladığım reportajlarda Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində yaranan fəsadlar, dinc insanların hədəfə alınması, sakinlərin yaşadıqları çətinliklər, əhalinin məişəti, gündəlik qayğıları, dövlətin qayğısı öz əksini tapır. Bütün bunlar müasir dövrümüzün yazılmış tarixidir.
– Qarabağ bölgəsində çalışan müxbir kimi ən böyük istəyiniz nədir?
– Qarabağ müxbiri kimi ən böyük istəyim işğal altında olan bütün torpaqlarımızın azad edilməsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olduğu kimi, Ağdamdan, Şuşadan, Laçından, Xankəndidən, Kəlbəcərdən və adını çəkmədiyim digər yerlərdən tikinti-quruculuq, məcburi köçkünlərin qayıdışı ilə bağlı reportajlar hazırlamaqdır. Əminliklə deyə bilərəm ki, bu arzu Qarabağ bölgəsinin bütün jurnalistərinin içindən gələn ən böyük arzusudur. Allah bizi bu arzumuza çatdırsın!