“Bu gün terrorizm dünya ölkələri üçün kədərli bir həqiqətə çevrilib. Son illər ərzində Avropa Şurasının bir neçə ölkəsi terrorla üzləşib və indi biz terroru məğlub etmək üçün antiterror siyasətimizi əlaqələndirməliyik. Terror qurbanlarının qorunması bu insanların ləyaqətini və insan haqlarını müdafiə edən vacib bir addımdır. Bu baxımdan Avropa dövlətləri terror qurbanlarının hüquqları ilə bağlı Avropa xartiyasının qəbul edilməsi imkanını yekdilliklə dəstəkləməlidirlər".
Modern.az xəbər verir ki, bunu AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov deyib.
O bildirib ki, Azərbaycan, Avropa Şurasının bir sıra digər dövlətləri kimi, terrora məruz qalıb:
“1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələri və terror qruplaşmaları Dağlıq Qarabağı və Azərbaycanın ətraf rayonlarını işğal etdilər. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20% -i işğal edildi, 1 milyona yaxın insan qaçqın və köçkün vəziyyətinə düşdü. Bu gün terror qurbanlarının problemi Azərbaycanın müasir tarixinin bir hissəsidir. Bu insanlar illərdir ləyaqətləri və insan hüquqları uğrunda mübarizə aparırlar. Bununla əlaqədar, “Çıraqov və digərləri Ermənistana qarşı” adlı məhkəmə prosesini xatırlatmaq istərdim. 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi bu işlə bağlı qərarını açıqladı. Müraciət edən şəxslər terrora məruz qalmış, Dağlıq Qarabağdan olan azərbaycanlılardır. 1992-ci ildə onlar öz yurd-yuvalarından qaçmağa məcbur oldular. O vaxtdan bəri erməni işğalı və terroru səbəbindən onlar evlərinə və mülklərinə dönə bilmədilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz yekun hökmündə Ermənistanın Dağlıq Qarabağ üzərində tam nəzarəti həyata keçirdiyini və bəzi təməl hüquqları, o cümlədən şəxsi və ailə həyatına hörmət və məhkəmədə müdafiə olunmaq hüququnu pozduğunu bildiridi. Biz Avropa Məhkəməsinin qərarını alqışlamalıyıq, amma təəssüf ki, iddiaçıların öz vətənlərində yaşamaq hüququ hələ də bərpa olunmayıb.Biz onların məhkəmədə müdafiə olunmaq, kompensasiya və dəstək xidmətlərindən faydalanmaq hüququna təminat verməliyik".
Elşad Həsənov qeyd edib ki, Azərbaycan hökuməti terror qurbanlarını qorumaq və dəstəkləmək üçün əlindən gələni edir:
"Məcburi köçkünlər və terror qurbanları üçün bir çox sosial, təhsil və iqtisadi layihələr mövcuddur. Azərbaycan hökuməti terror qurbanlarına həyatlarının hər sahəsində dəstək olur. Millət vəkilləri olaraq biz terror qurbanlarının tam müdafiəsini təmin etmək üçün daha uzunmüddətli öhdəliklər göstərməliyik. Cəmiyyəti hər cür zorakılığa, separatizmə və terrorizmə qarşı mübarizəyə və effektiv antiterror siyasətini təmin etməyə təşviq etmək üçün müvafiq təşəbbüsləri dəstəkləməliyik. Bizim terror qurbanlarını qorumaq və dəstəkləmək üçün təkcə hüquqi deyil, həm də mənəvi bir borcumuz var".