Modern.az

Fəzail Ağamalı Pənah Hüseynə CAVAB VERDİ:  “Fikirlərində diqqətli olsun!”

Fəzail Ağamalı Pənah Hüseynə CAVAB VERDİ:  “Fikirlərində diqqətli olsun!”

Aktual

15 Oktyabr 2019, 14:58

“Pənah Hüseyn həmişə olduğu kimi öz təxəyyülünü işə salıb. Hərəkatdan ona bəlli olmalıdır ki, mən heç zaman öz fəaliyyətimi təzyiq üzərində qurmuram”.

Bu fikirləri Modern.az-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı səsləndirib. Deputat Xalq Partiyasının rəhbəri Pənah Hüseynin onun təzyiqlərə məruz qalması haqqında iddialarını təkzib edib:


“Pənah Hüseynin dediklərinin heç bir əsası yoxdur. Mənə təzyiq olmayıb. Həmin partiyaların iştirakı ilə dəyirmi masanı keçirəndə də dünyada, ölkədə gedən proseslərin məntiqinə söykənərək, təhlillər apardıq. İqtidar və müxalifət nümayəndələri, o cümlədən Pənah Hüseynlə məsləhətləşmələr etdikdən sonra “dəyirmi masa”nı keçirdik, bəyanat qəbul etdik. Belə tədbirlərin keçirilməsi davamlı olmalıdır. Cəmiyyətimizin aktuallaşdırdığı, eyni zamanda dövlətimizə qarşı yönələn təhdid və təzyiqlər təhlükəli olduğu təqdirdə, yenə də bir yerə toplaşmalıyıq. Siyasi mövqeyimizdən asılı olmayaraq, iradəmizi ortaya qoyub, Azərbaycan dövlətçiliyinə, xalqımıza xidmət etməliyik.

Pənah bəyə bir daha xatırlatmaq istəyərdim ki, arqumentə söykənmədən, nəyin baş verdiyini dəqiqləşdirmədən qərəz, böhtan dolu fikirlərdən uzaq olsun. Onun səviyyəsinə bu cür yanaşmalar uyğun gəlmir”.

Fəzail Ağamalı uzun müddətdir qaranlıq qalan “Siyasi partiyaların iştirakı ilə növbəti dəyirmi masa nə zaman keçiriləcək” sualını da cavablandırıb:

“Bu mənim planlarımdan asılı deyil. Amma belə tədbirin keçirilməsi istisna olunmur. Ola bilsin, lap yaxın zamanda yenidən dəyirmi masa keçirdik. Amma bu “hökmən bir həftə, bir ay, beş ay sonra keçirilməlidir” deyib, təqvim çərçivəsinə salınmalı məsələ deyil. İstənilən anda, istənilən vəziyyətdə biz “dəyirmi masa” keçirə bilərik, keçirməliyik. Siyasi partiyalar bir yerə yığışaraq, ölkəmiz üçün vacib olan məsələlər ətrafında fikir mübadiləsi aparıb, vahid iradələrini ortaya qoymalıdır. Bu birdəfəlik, yaxud bir neçə dəfəlik kampaniya deyil.

Pənah bəyə və onun həmkarlarına tövsiyə edərdim ki, belə tədbirlərin keçirilməsini bəribaşdan kampaniya adı altında kölgəyə almasınlar. Fikirlərində diqqətli olsunlar”.

Deputat onu da qeyd edib ki, ötən dəyirmi masadan sonra bu barədə ona etirazını bildirənlər olmayıb:


“Sadəcə, dəvət etmədiklərimiz dedilər ki, çağırsanız belə gəlməyəcəkdir. Bu fikir AXCP sədri Əli Kərimliyə məxsusdur. ReAl Partiyası Məclisinin sədri isə mənimlə debatda belə tədbirə ehtiyac olmadığını söylədi. Hesab edirəm ki, onun fikri partiyanın mövqeyi deyil. Ümumilikdə isə çağırıldığına görə etiraz edən, gələn dəfə həmin tədbirə çağırılmamağını xahiş edən siyasətçi olmayıb”.

Qeyd edək ki, Xalq Partiyasının rəhbəri Pənah Hüseyn bir müddət əvvəl siyasi partiyaların iştirakı ilə keçirilən tədbirlə bağlı təşkilatçı Fəzail Ağamalıya təzyiq olunduğunu söyləyib:

“Fəzail Ağamalının təşkilatçılığı ilə siyasi partiyaların diskussiyası təşkil olundu. Ona necə təzyiq olubsa, bu barədə danışmaqdan belə çəkinir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada