Modern.az

Nəsir  müəllimi xatırlarkən...

Nəsir  müəllimi xatırlarkən...

Aktual

20 Dekabr 2019, 19:52

22 dekabr Azərbaycan mətbuatının patriarxlarından biri Nəsir İmanquliyevin doğum günüdür.

 

 1875-ci ildə  “Əkinçi” qəzeti ilə Azərbaycan Milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi xalqın maariflənməsi yolunda böyük bir uğura imza atdı... Həsən bəyin “Əkinçi”sinin səpdiyi toxumlar uzun müddət şəraiti heç də yaxşı olmayan bir  zaman zəmisində çətinliklə cücərsə də, münbit olmayan mühitdə məhv olmadı, yaşadı, artdı, inkişaf etdi... təbii ki, bu yaşam hər dövrün öz Zərdabisini yetişdirdi və onların çiyinlərinə mətubatımızın ağır yükünü qoydu...  Söhbətimizi mətbuat tariximizdən salmaqda məqsəd uzun müddət elə həmin mətbuatın ağırlığını çiyinlərində çəkən, öz dövrünün Zərdabisi olan bir şəxsiyyətin  ömürlüyünə nəzər salmaqdı... Professor, Əməkdar jurnalist, böyük müəllim  Nəsir İmanquliyevin hamıya örnək olan mənalı həyatına... Hər ömür özlüyündə bir tarixdir... Elə ömür də var ki, o hamının bilməli olduğu tarixin özüdür...

 

Azərbaycanın əməkdar jurnalisti, görkəmli  elm xadimi, mətbuatımızın patriarxlarından biri, ustadım Nəsir Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Dövrü mətbuatda ilk yazıları hələ tələbəlik illərində çap olunub. Təhsil aldığı illərdə həm də “Kommunist”, “Yeni yol” və “Gənc işçi” qəzetlərində əmək fəaliyyəti göstərib. 1932-1952- ci illərdə bu qəzetlərdə ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. Nəsir İmanquliyev 1942-ci ildə  siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. O, burada, həm  “Vuruşan Krım” qəzetinin məsul katibi kimi, həm də hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib.
 
  

 

1943-cü  ildə Nəsir  müəllim “Kommunist” qəzetinə məsul katib təyin olunub və  bu qəzetdə o, vətənpərvərlik mövzusuna həsr edilən çoxsaylı məqalələrlə tez-tez çıxışlar edib. 1947-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində pedaqoji fəaliyyətə başlayan Nəsir müəllim Azərbaycanda jurnalist kadrlarının yetişməsində əvəzsiz xidmətlər göstərib. O, 1956-cı ildə 41 yaşında ikən Azərbaycan KP MK-da yüksək vəzifəyə: Təbliğat –təşviqat şöbəsinin müdir müavini  təyin olunub. Bir qədər sonra isə Azərbaycan Mədəniyyət Nazirliyinin Radio Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb...

 

1958-cı il yanvarın 10-da Azərbaycan mətbuat tarixində xoş bir hadisə baş verdi. “Bakı” axşam qəzetinin ilk sayı  işıq üzü gördü. Beş il sonra, 1963-cü il iyulun 1-də isə rus dilində olan  “Baku”  da şəhər qəzeti kimi fəaliyyətə başladı. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapdı və geniş oxucu kütləsinin rəğbətini qazandı...  “Bakı” və “Baku”  axşam qəzetlərinin böyük şöhrət tapmasında  onların yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin çox mühüm rolu olub. Nəsir müəllimin 60 il müddətində səmərəli fəaliyyət göstərdiyi Azərbaycan mətbuatının 30 ilini baş redaktor olaraq “Bakı” və “Baku”  axşam qəzetlərinə həsr edib. Buna görə idi ki,  “Bakı” və “Baku” qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrildi. Ustadın “Bakı”sında Azərbaycan mədəniyyətinin bütöv bir nəsli yetişib. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu və onlarla belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. 

 

Ustadın nəvəsi, Akademik Nərgiz xanım Paşayevanın dediyi kimi, "Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət  idi...”. Bu fikirlər Nəsir müəllimin fəaliyyətini, həyatını, özünəməxsusluğunu ifadə etməklə bərabər, həm də onun dönməz, mərdi-mərdanə xarakterini göstərir... Ustadımın nurlu şəxsiyyətini, haqqa söykənən fəaliyyətini Azərbaycanın görkəmli simalarının onun haqqında dediyi fikirlər də təsdiq edir:

 

Nəsir İmanquliyev o zamanlar çoxunda olmayan cəsarətin simvolu idi.

 

BƏXTİYAR  VAHABZADƏ,

 Xalq şairi 

 

O, mənim könül dostum, arxa-dayağım, yer üzündə  təmənnasızlıq,   xeyirxahlıq nümunəsi kimi tanıdığım, kübarlığı, müdrikliyi ilə öyündüyüm ən yaxın adamım idi. 

 

NƏBİ  XƏZRİ,

 Xalq şairi

 

Biz – o dövrün “Bakı”lıları sonralar müstəqil vəzifələrdə çalışanda, hər yerdə qürürla “Nəsir müəllimin yetirmələriyik” demişik.

 

CABİR   NOVRUZ,

 Xalq şairi

 

 

“Bakı” və “Baku” qəzetlərində peşəkarlığın zirvəsinədək uzanan taleh yollarını addım-addım keçib Nəsir müəllim... Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də olub, inadkar yolçunun dünyaya fərdi baxışları, cəsarətli addımları, qayğıkeşliyi və uğurları da. Sadiq əqidə, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan ziyalı obrazı və novator yaradıcılıq Nəsir İmanquliyevin   Azərbaycan jurnalistikasında açdığı cığırın, yolun konturlarını təşkil edir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, ustad redaktor, pedaqoq və ictimai xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. O, bütün fəaliyyəti boyu Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrinə sadiq qalıb, onları yaşadıb, cəmiyyət həyatının ən müxtəlif sahələrinə işıq salan yazıları ilə mətbuat tariximizə layiqli töhvələr verib. Nəsir müəllimi yaxından tanıyan bir insan kimi həmişə düşünürdüm ki, Nəsir müəllim işləməkdən yorulmur, ən çox sevdiyi sahədə olduğuna görə zəhmət çəkməkdən zövq alır... Müasir texnologiyaların olmadığı bir zamanda operativ xəbərləri “Bakı” və “Baku”axşam qəzetləri kimi çevik təqdim edən ikinci bir mətbuat orqanı yox idi...  Akademik   N. Paşayevanın təbirincə desək:  “Gün ərzində elə bir hadisə olmurdu ki, onun redaktə etdiyi qəzetlərdə işıqlandırılmasın. Mübaliğəsiz demək olar ki, o vaxt “Bakı” və “Baku” axşam qəzetləri bugünkü informasiya agentliklərinin, internetin funksiyalarını yerinə yetirir, gün ərzində baş vermiş hadisələr barədə oxuculara operativ məlumat verirdi. Bu, heç də asan məsələ deyildi. Jurnalist öz fəaliyyətində fasilə edə bilməz və Nəsir İmanquliyev də fasiləsiz işləyən peşəkar  jurnalist  idi...”

 

Nəsir İmanquliyevin ömür kitabının hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir. Mənəvi keyfiyyətləri və şəxsi dəyərləri Nəsir müəllimi öz örnək məktəbi olan müdrik insan və zamanın nəbzini tutan publisist kimi xarakterizə edir. O, dəyərli ziyalı, jurnalist, yüksək təşkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar pedaqoq olub. Azərbaycanın ictimai-mədəni mühitində klassik ənənələrə əsaslanan maarifçilik fəaliyyəti professor Nəsir İmanquliyevin şəxsiyyətini alim-publisist, mütərcim, redaktor kimi səciyyələndirir. Jurnalist adının məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr edən ustadın milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə verdiyi töhfələr misilsizdir. Nəsir müəllim dönə-dönə deyirdi ki, böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Ustada xalq məhəbbəti qazandıran onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqəti idisə, bir şəxsiyyət kimi onu fərqləndirən örnək məktəbi, xeyirxah əməlləri, fərdi xüsusiyyətləri, insani keyfiyyətləri idi. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, rəğbətini qazanmaq və insanları öz ardınca aparmaq kimi yüksək insani qabiliyyəti ilə həmişə seçilib... Nəsir müəllim universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan, “Bakı” və “Baku”nun redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrədən, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirən bir cəfakeş mətbuat fədaisi olub. Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli xidmətlərindən biri də  “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı əlaqə yaratmasındadır.

 

 

 

Nəsir müəllim sadə, sadə olduğu qədər də təvazökar insan idi... Onun qeyri –adi qayğıkeşliyi vardı... Tələbələri həmişə ondan ata qayğısı, övlad doğmalığı görürdülər... Evinin qapısı ilk növbədə tələbələrinin, işçilərinin üzünə həmişə açıq olub... Həyat yoldaşı Gövhər xanm da eyniylə Nəsir müəllim kimi insanpərvər, qayğıkeş bir insan olub.  Ustad həmişə evinə dəvət etdiyi tələbələrlə ilk növbədə zarafat edərdi ki, sıxılmasınlar... “...hə Gövhər xanımın çayını içibsinizsə, onda yarı jurnalistsiniz, hazırladığı yeməklərdən də dadsanız onda tam jurnalist olacaqsınız... “ deyib  zarafatlaşardı... bu doğmalığın şahidi olan akademik N. Paşayeva yazır ki, “Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir”. Nəsir müəllim ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə qalmayıb. O, nəcib insan, xeyirxah bir ziyalı olmaqla yanaşı, həm də olduqca etibarlı dost idi... Onun dostluğu da sədaqətlə yoğrulan, fərqli və qeyri-adi idi... Həmişə deyərdi ki, “həyatdır, dost ölə bilər, amma gərək dostluq ölməsin...” Süfrəsində çörək kəsdiyi ocaqları öz halal evi bilib, dostları dünyasını dəyişəndən sonra onların övladları ilə haqq-salamı davam etdirərək isti münasibətlərin yox olmasına imkan verməyib... Ona görə Nəsir müəllim təkcə övladlarına, yaxınlarına deyil, onunla yaxın münasibəti olanların hamısına eyni dərəcədə əzizdir... Nəsir müəllimə mən həmişə “əmi” deyə müraciət etmişəm... O, mərhum əmilərim: el ağsaqqalı Şamil və professor Əyyub İskəndərovlarla çox yaxın dost olub... Mən bu əbədi dostluğa həsr edilən çoxsaylı məqalələr qələmə almışam. Bircə onu deyə bilərəm ki, taleh mənə Nəsir İmanquliyev kimi bir ali şəxsiyyəti yaxından tanımaq, onu doğmalarım qədər sevmək və onun əzizlərindən biri olmaq səadəti, xoşbəxtliyi bəxş edib...    

...Nəsir müəllimin Gövhər xanımla qurduğu ocağın sönməyən çırağı olan yeganə övladı, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva dünya şöhrətli elm xadimi olub... Nəsir müəllimin “on oğlana dəyişmədiyi iki qız nəvəsi, məni yüksəklərə qaldıran qoşa qanadım” dediyi, Azərbaycan elminə və mədəniyyətinə sonsuz töhfələr bəxş edən,  xeyirxahlıq mələkləri, ata- baba yolunun sədaqətli məsləkdaşları olan Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və akademik Nərgiz xanım Paşayeva ustadın  örnək məktəbinin davamçılarıdır...

 

 

 

...Bu dünyada hər şey, eləcə də insan ömrü ötəridir... fəqət, insan dünyasını dəyişəndən sonra yalnız əməllərində yaşaya bilir. Məktəb içində məktəb yaradan və bu məktəbi örnəklərələ, həyat dərsləri ilə dolu olan görkəmli jurnalist, özünəməxsus rəhbərlik üslubu ilə seçilən peşəkar redaktor, ictimai-siyasi xadim, qayğıkeş insan, mərhum Nəsir İmanquliyevi də əbədiləşdirən, qəlblərdə yaşadan onun xeyirxah əməlləri, xidmətləri, gələcək nəsillərə örnək olan şərəfli ömür dastanıdır. Buna görədir ki, Nəsir müəllim zaman-zaman xatırlanır, yad edilir... Mənim Sizə bir övlad, bir davamçı borcum var, ustad... Hər il doğum gününüz ərəfəsində nurlu xatirənizə həsr etdiyim yeni yazı ilə Sizi yad edib ehtiramımı ifadə edirəm... Ruhunuz şad olsun!   

Eldar  İskəndərzadə
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, telejurnalist

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı