2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726693 ümumi müraciət daxil olub.
Səhiyyə Nazirliyindən (SN) Modern.az-a verilən məlumata görə, müraciətlərdən 66 600-dən çoxu xəstəxanalara yerləşdirilib:
“Uşaqlar üçün edilən çağırışların sayı 80 000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13 200 olub ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 3600 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 78540, hospitalizasiya 13300, miokard infarktı ilə müraciətlərin sayı 870, hospitalizasiya 814, insultla müraciətlərin sayı 3600, hospitalizasiya 3200 olub”.
Rəsmi məlumata görə, hesabat dövründə sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artıb:
“Belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil edilib.
Doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya olunanlar 2670 nəfər olub. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub”.
Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 26700, hospitalizasiya 18300-dür:
“Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21718, hospitalizasiya olunanlar 13 833 nəfər təşkil edib”.
Təcili tibbi yardıma ehtiyacı olan 170 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
BŞT və TTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2019-cu il ərzində 7000-ə yaxın laborator daşınma icra edilib.
Təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır:
“Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞT və TTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır”.