Modern.az

AQTA spirtli içkilərlə bağlı məlumat yaydı

AQTA spirtli içkilərlə bağlı məlumat yaydı

Aktual

28 Dekabr 2019, 18:18

“Son günlər insan həyatının itirilməsi ilə nəticələnən küstar üsulla hazırlanmış “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı məlumatları, yəqin ki, hamınız oxudunuz. Məncə, «Baku City» və «Everest» restoranlarının işbazlarla əlaqəyə girib bu cür cinayəti törətməsi hər bir vətəndaşın etirazına və ictimai qınağa səbəb olacaq”.

 

Bu barədə Modern.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirib. O qeyd edib ki, həmin hadisənin kompleks araşdırılması zamanı bir sıra detallar üzə çıxıb:

 

“Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

 

Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olunub”.

 

AQTA rəsmisi qeyd edib ki, metil spirti güclü zəhərli maddədir:

 

“İlk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir. Dostlar, bu stastusu hər kəsin paylaşmasını xahiş edirəm ki, yuxarıda adları qeyd olunan saxta içkilərdən insanları qoruyaq. Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Özümüzü və yaxınlarımızı bu cür dələduzların, işbazların, insanlıqdan uzaq əməllərindən qorumaq üçün son dərəcə ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara - Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı