Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.
O, qeyd edib ki, xəstələrdən 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub:
“Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cı il ərzində bu rəqəm 43 tondan artıq olub. Yalnız Məhərrəm Aşura günü ərzində 5809 nəfər insandan qan götürülüb və 2614 litr qan tədarük edilib.
Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”.
Onun sözlərinə görə, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır:
“Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib”.
Nazirlik rəsmisi deyib ki, hazırda Respublikamızda 1667 hemofiliyalı xəstə qeydiyyatdadır:
“Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən, əmək qabiliyyətli yaşda olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi”.