“Sağlam rəqabətdə uduzan namizəd qalib gələn rəqibini təbrik edə bilər. Bu, mədəniyyət əlamətidir”.
Bu fikri Modern.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı söyləyib. O, qeyd edib ki, Azərbaycanda seçkilərdən sonra heç kim öz məğlubiyyətini etiraf etmək istəmir:
“Bu, seçki mədəniyyəti baxımından çatışmayan cəhətdir. Düzdür, prezident seçkilərindən sonra bu cür iddialar demək olar ki, səslənmir. Daha çox prezidentə təbriklərin çatdırıldığını eşitmişik. Amma parlament və bələdiyyə seçkilərində belə seçki mədəniyyəti müşahidə edilmir”.
Məhərrəm Zülfüqarlı seçkilərdən sonra ən çox səsləndirilən “əslində mən qalib gəlmişdim” iddiasının səbəblərinə də toxunub. Seçki texnoloqu hesab edir ki, namizədlərin bu cür ittihamları siyasi partiyaların reallıqdan çıxış etməməsinin nəticəsidir:
“Hazırda Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. 5-6 partiyadan başqa qalan heç biri aktiv fəaliyyətdə deyil. Kimsə partiyalara desə ki, sədr və möhürdən ibarət partiyasınız, heç bir fəaliyyətiniz yoxdur, həmin şəxs hücumla qarşılaşar. Əksər partiyalar yalandan iddia edirlər ki, ən azı 10 min üzvü var. Bu cür iş görən siyasi partiyalar olduqca, sağlam rəqabətdən, seçki mədəniyyətindən söhbət gedə bilməz. Təklif edirəm, gələcəkdə qanunvericilik elə qurulsun ki, aktiv fəaliyyətdə olmayan partiyalar ləğv edilsin. O zaman ortada qalan partiyaların gücləri aydın olacaq”.