Bakıda Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forumun keçirilməsi nəzərdə tutulur.
ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Modern.az-ın Forumun əhəmiyyəti barədə sorğusunu cavablandırıb:
“Mətbuatdan ovla bağlı beynəlxalq forumun keçiriləcəyi barədə məlumat aldıq və açığı deyim ki, ov məsələsi cəmiyyət tərəfindən, Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Yəni böyük bir toplum bunu tamamilə qeyri-düzgün, təbiətə ziyanlı, anti-humanist bir fəaliyyət sayır və ovun ümumiyyətlə qadağan olunmasını düzgün hesab edir, digər tətəf isə sübut etməyə çalışır ki, bu bizim keçmişdən qalma adət-ənənəmizin bir hissəsidir, ən əsası hüquqlarımızdan, istirahəti təşkil etmə sferamızdan biridir. Ona görə də bu sahənin daimi olmasını istəyirlər. Odur ki, belə bir mövzuda geniş forumların, fikir mübadiləsinin təşkili, bir-birinə zidd fikirləri dinləmək və nəticə etibarı ilə uyğun bir fikrə gəlmək, düşünürəm ki, çox vacibdir və belə bir forumun keçirilməsi aktualdır. Bilirsiniz ki, bizim bu sahədə rolumuz çox funksiyalıdır, bir tərəfdən nazirlik vəhşi təbiətin mühafizəsini, növlərin artırılmasını dəstəkləyir, bu sahədə davamlı tədbirlər həyata keçirir. Digər tərəfdən, ovçuluq fəaliyyətinin tənzimlənməsini həyata keçirir. Yəni həm qoruyuruq, həm də ova icazə veririk. Ona görə biz də bu məsələdə qızıl bir ortanın tapılmasının marağındayıq, baxmayaraq ki, mən ürəyimdə ovun əleyhinəyəm. Bildiyimizə görə bu forumda, beynəlxalq səviyyəli tanınmış mütəxəssislərin də iştirakı gözlənilir. Onların fikirlərinin dinlənilməsi və o fikirlər nəticəsində hansısa bir rəyə gəlinməsi çox vacibdir. Biz çox böyük bir həvəslə bu tədbirdə iştirak edib öz fikirlərimizi səsləndirəcəyik.”
Nazirlik rəsmisi ölkədə nə vaxt ova icazə verilib-verilməməsinə də aydınlıq gətirib:
“Azərbaycanda ov mövsümü heyvanların bioloji xüsusiyyətlərindən asılı olaraq tənzimlənir. Hazırda mövcud ov mövsümünün sonuna yaxınlaşırıq. 2019-2020-ci ilin ov mövsümü açıq elan edilib. 2019-cu ilin may ayının sonunda ilk növbədə məməli heyvanların, payız aylarından isə quşların ovuna icazə verilib. Fevral ayının sonu və martın ilk həftəsində ova qadağa qoyulacaq. Bir də növbəti ov mövsümünə mayın sonu, iyun ayının əvvəlində başlanılacaq. Bir çox növlər var ki, onların ovlanmasına icazə yoxdur. Eyni zamanda, normadan çox ovlayanlar və qadağan olunan vaxtda və yerdə ova çıxanlar da brokonyerlərdir. Bunlarla bağlı ciddi cəza nəzərdə tutulub, hətta həbs cəzası da var”.