Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyanla panel müzakirələri artıq neçə gündür ki, ölkəmizin, eləcə də Ermənistanın kütləvi informasiya vasitələrinin əsas mövzularından biri kimi gündəlikdədir. Bizim mətbuat, telekanallar, saytlar haqlı olaraq dialoq prosesində ölkə Prezidenti İlham Əliyevin müzakirələr zamanı nümayiş etdirdiyi böyük siyasi mədəniyyət və yüksək diplomatik məharəti, onun sərrast, sərbəst, dərin məntiq və tarixi qaynaqlara söykənən cavablarını, tutarlı, təkzibolunmaz arqumentlərini, obyektiv, qərəzsiz, eyni zamanda prinsipial və qətiyyətli mövqeyini təqdir etməkdədir. Böyük tarixi həqiqətlər qarşısında aciz, əli-qolu (dili) bağlı qalan Paşinyanın situasiyadan çıxmaq üçün mənasız cəhdləri isə erməni saxtakarlığının növbəti iflası kimi tarixə düşdü...
Diskussiya zamanı Paşinyanın kölə, əlacsız, məğlub görkəmi, yalan, saxtakarlıq, miflər və uydurmalar üzərində qurulmuş çıxışı və cavabları erməni ictimaiyyətinin, mətbuatının, diplomatlarının qınağına tuş gəlmiş və onları qəzəbləndirmişdir. Onların bir qismi Paşinyanı savadsızlıqda, bir qismi səriştəsizlik və zəiflikdə günahlandırır, bir qismi isə Paşinyana həmin vəziyyətdən çıxış yolu kimi necə hərəkət etmək lazım olduğunu məsləhət bilirlər.
Paris Siyasi Elmlər İnstitutunun eksperti Kaytsem Minasyan da sonuncuların yolunu tutmuşdur. Onun tert.am saytına müsahibəsi (19 fevral 2020) zamanı irəli sürdüyü fikirlər əsl və ənənəvi erməni saxtakarlığının növbəti nümayişidir. Üzdəniraq ekspert Paşinyanı dialoqa hazırlıqsız getməkdə ittiham edir və sonra qeyd edir ki, Paşinyan fürsətdən istifadə edib ermənilərin beynəlxalq ictimaiyyətin xəbərdar olduğu 1915-ci il soyqırımını ritorik pafosla xatırlatmalı idi.
K.Minasyan bunları Paşinyana tövsiyə edərkən unudur ki, tarixi sənədlər ermənilərin “soyqırımı” ilə bağlı onların söylədiklərinin heç bir əsası olmadığını sübut edir. Qərbi Azərbaycanda (Ermənisanda), Qarabağda-əzəli dədə-baba torpaqlarında azərbaycanlıları qanına qəltan edən, türk düşmənçiliyini dövlət siyasətinə çevirən ermənilər 100 ildən çoxdur ki, uydurma “erməni soyqırımı” yalanını addımbaşı dilə gətirir, erməni millətini “məzlum”, “əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar. K. Minasyan da Paşinyandan tələb edir ki, gərək sən də erməni saxtakarlığına sadiq qalaraq Münhen tribunasından istifadə edib “soyqırım” fəryadı, şivən qoparıb, ah-nalə ilə dünya ictimaiyyətini növbəti dəfə aldatmağa çalışaydın. Erməni ekspert Paşinyanı qınayır, amma heç cürə qəbul etmir, anlamır ki, saxtakarlıqda sələflərindən heç nə ilə fərqlənməyən Paşinyanın dəmir məntiqin, möhkəm iradənin, yüksək intellektin, qətiyyətin, tarixi həqiqətin qarşısında maymaqcasına vurnuxmaqdan başqa çarəsi yox idi!
Abid Tahirli