Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurası dövlət başçılarının fövqəladə Zirvə toplantısı və orada qaldırılan məsələlər hələ də gündəmin əsas mövzularından biridir. Millət vəkili Cavanşir Feyziyev Turkustan.info-ya müsahibəsində həm Türk Şurasının sonuncu Zirvə toplantısı, həm də postpandemiya dönəmində ümumtürk coğrafiyasında və dünyada yeni konfiqurasiyalarla bağlı məsələləri dəyərləndirib:
AC – Cavanşir müəllim, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Türk Şurasının fövqaladə Zirvə toplantısı nə ilə yadda qaldı?
CF – 10 aprel tarixində Azərbaycan Prezidentinin təşəbbüsü əsasında video-konfrans vasitəsilə Türk Şurasının fövqəladə toplantısının keçirilməsi hazırkı pandemiya dövründə dünyaya bir nümunə idi. Son aylarda Pandemiya dünya gündəmində ən çox müzakirə olunan məsələ olsa da, bu Zirvə toplantısına qədər digər beynəlxalq təşkilatlardan bu örnəyi görmədik. Ona görə örnək deyirəm ki, bu toplantıdan bir həftə sonra Avrasiya İttifaqının üzvləri də eyni şəkildə, on-line rejimdə pandemiya mövzusunda müzakirələr apardılar.
Türk Şurasının toplantısı göstərdi ki, belə bir fövqəladə vəziyyətdə, pandemiya kimi qlobal təhlükə dövründə ölkələr öz milli sərhədləri çərçivəsinə çəkilməli deyillər, əksinə öz səylərini birləşdirməlidirlər. Biz hər zaman deyirik ki, qlobal dünyada yaşayırıq. Amma fövqəladə bir durumda, qlobal bir təhlükə qarşısında ölkələr özlərinə qapanırsa, onda bu, qloballaşma prinsipləri ilə uzlaşmır. Təəssüf ki, pandemiyanın ilk həftələrində dünyada məhz bu mənzərənin şahidi olduq. Lakin, buzun əriməsi İlham Əliyevin təşəbbüsü ilə başladı. Türk Şurasının müzakirələrinin gedişində aydın oldu ki, mediaya çıxmasa da, hələ pandemiyanın ilk günlərindən Türk dövlətlərinin başçıları və müvafiq dövlət qurumları arasında intensiv rabitə olub. Koronavirusla mübarizənin ilk günlərindən ölkələrimiz arasında qarşılıqlı texniki yardımlar, metodik tövsiyələr şəklində məsləhətləşmələr həyata keçirilib. Bu qarşılıqlı əməkdaşlığın gözəl bir örnəyidir. Biz ən çətin anlarda bir-birimizə yardım etməklə, səylərimizi birləşdirməklə problemlərimizin həllinə daha tez nail ola bilərik. Qarşılıqlı əməkdaşlıq vasitəsilə tək pandemiyaya qarşı deyil, istənilən qlobal problemə qarşı mübarizəmiz daha səmərəli ola bilər. Bu bir nümunədir və özəlliklə də türk ölkələri arasında bu nümunənin çox böyük əhəmiyyəti var.
AC – Qloballaşmanı xatırlatdınız. Sizcə dünyanın pandemiya təhlükəsi ilə üzləşməsi qloballaşmanın sonrakı gedişinə necə təsir edəcək, bu proses daha da sürətlənəcək yoxsa zəifləyəcək ?
CF – Pandemiyanın olub-olmamasından asılı olmayaraq qloballaşma artıq yarım əsrdir ki, planetar miqyas alıb və proses gedir. Bu qaçılmaz bir prosesdir və yeni reallıqlar ortaya çıxarır. Beynəlxalq mühitdə yeni bir rəqabət meydanı açılır. Bu rəqabətdən faydalanmaq da mümkündür, itirmək də. Hazırda dünya siyasətçilərini düşündürən məsələ bu prosesə qoşulub-qoşulmamaq deyil, əsas məsələ bu proseslərdən necə faydalanmaqdır. Çünki qloballaşma müstəqil dövlətlər üçün həm yeni imkanlar yaradan və həm də eyni zamanda müstəqilliyin özünün qorunub saxlanması ilə bağlı təhlükələri qarşıya çıxaran mürəkkəb bir prosesdir. Bir tərəfdən milli dövlətlər öz müstəqilliyini qoruyub saxlamaq istəyir, digər tərəfdən bütün siyasi, iqtisadi, sosial, mədəni və s. fəaliyyətlər birləşdirilir.
Bu prosesdə qlobal güc sahibləri digər dövlətlərə necə qloballaşmağı diktə etmək və nəticədə dünyanın idarə olunmasında öz hegemon rollarını qoruyub saxlamaq istəyirlər. Məhz onların diktə etdiyi kimi qloballaşmaya qoşulmaq digər dövlətlərə heç bir fayda gətirməyəcək. Avropa İttifaqının misalında da bunu sezmək olar. Məsələn, biz görürük ki, Aİ-na daxil olan ölkələrdən hər hansı birində baş verən iqtisadi sarsıntılar İttifaqın aparıcı dövlətinin bundan qazanc əldə etməsi ilə nəticələnir və bir çox hallarda bu vəziyyət açıq-aşkar tənqid olunur. Biz hesab edirik ki, əgər qloballaşma bu meyarlar əsasında baş verərsə, bu daha çox fəsadlar ortaya çıxarar, nəinki faydalar. Bu baxımdan, Azərbaycan və digər Türk dövlətləri üçün qloballaşma prosesinin yol xəritəsinin konturlarını əvvəlcədən dəqiq müəyyən etmək zəruridir. Biz istənilən qloballaşma modelini qəbul edə bilmərik. Öncə proses olaraq qloballaşmanın qanunauyğunluqlarını müəyyənləşdirmək lazımdır və daha sonra bu prosesin bizim maraqlarımıza uyğun ssenarilərini aydınlaşdırmalıyıq.
AC – Ölkəmizin bu prosesdə hansı şəkildə iştirak etməsi haqqında aydın bir yol xəritəsi varmı?
CF – Müasir dövrdə heç bir dövlət təklikdə uğurlu ola bilməz. Qloballaşmanın fəlsəfəsi də məhz bu postulata əsaslanır. Bizim və digər qardaş türk dövlətlərinin qloballaşmada iştirakı Türk dövlətləri arasında inteqrasiyanın daha da gücləndirilməsindən başlanmalıdır. Bu baxımdan, Türk dövlətləri arasında inteqrasiya bizim üçün qloballaşmanın birinci mərhələsi sayılmalıdır.
AC – Türk dövlətlərinin, toplumlarının yaxınlaşmasında tarixi, sosioloji, psixoloji problemlər, baryerlər varmı?
– Əslində yoxdur. Amma bu daha çox məsələnin təqdimatından asılıdır. Məsələn, beynəlxalq politologiyada tez-tez məqsədli şəkildə belə mülahizələr önə çəkilir ki, Türk xalqları tarixən bir-birinə yaxın olmayıb, aralarında ciddi qarşıdurmalar olub və s. Ona görə də müasir dövrdə türk dövlətləri arasında birliyə nail olmaq mümkün deyil. Amma bu doğru deyil və bilərəkdən saxta məlumatlar dövriyəyə buraxılır. Həqiqət isə ondan ibarətdir ki, Türk ölkələri arasında tarixi müharibələr xalqlar arasında deyil, idarəçilik, sülalələr, klanlar arasında olub və bu həmin dövrün, yəni orta əsrlərin siyasi rəqabət üsulu idi. Bu ziddiyyətlər türk xalqları arasında qohumluğu heç zaman səngitməyib. Türk milləti dünyanın hər yerində türkdür və onlar tarixən özlərinin sivilizasiyasını yaradıblar. Bu gün dünyanın siyasi xəritəsində 6 müstəqil Türk dövləti var. Onlar arasında inteqrasiya təkcə siyasi-iqtisadi maraqlara deyil, həm də sivilizasiya birliyi ideyasına söykənməlidir. Bütün türk xalqları vahid türk sivilizasiyasının tarixən bir-birindən ayrılmış hissələridir. Ayrı-ayrılıqda yox, yalnız tarixi zamanlarda bir-birindən qopmuş hissələri bir yerə toplamaqla biz güc mərkəzinə çevrilə bilərik və öz xalqlarımızı bu vahid gücün hesabına irəli apara bilərik. Qloballaşmanın bu günə qədərki təcrübəsi göstərir ki, bu prosesin ən önəmli elementi və etibarlı platforması mədəniyyət birliyi və sivilizasiya mənsubiyyətidir. Ona görə də qloballaşan dünyada biz də öz sivilizasiyamızın təmsilçiləri olaraq birlikdə öz yerimizi tutmalıyıq. Lakin ora gəlib çatanadək Türk ölkələri əvvəlcə öz aralarında sıx inteqrasiyaya nail olmalıdırlar.
AC – Prezidentlərin video-konfransında təcili tədbirlər kimi daha çox gömrük keçidlərinin açıq saxlanılması, tranzit xəttlərinin aktivliyinin vurğulanması onu deməyə əsas verir ki, artıq Türk dövlətləri arasında münasibətlər sentimental dövrdən praqmatik maraqlar müstəvisinə keçir. Bu mənada, yeni dövrdə – postpandemiya dövründə dünyada gücün Avrasiyaya keçəcəyi ilə bağlı gözləntilər nə dərəcədə realdır?
– Fəlsəfənin daimi problemi olan Avropa-Asiya qarşılıqlı müqayisəsi bugünkü pandemiya dövründə də aktualdır. Qlobal problemə – yəni koronavirusa qarşı mübarizə yenidən politoloqlara, sosioloqlara Avropa və Asiyanın sərgilədiyi yanaşmaları müqayisə etmək üçün yeni fürsətlər verdi. Məsələn, Avropa dövlətləri Avropa İttifaqı adlı bir qurumda birləşiblər. Bu ittifaqın yaranmasının əsas prinsiplərindən biri ölkələr arasında sərhədlərin qaldırılması olmuşdu. Artıq Avropa dövlətləri onilliklər ərzində aralarında sərhədlər olmadan yaşayırdılar. Lakin, pandemiya onları bir neçə gün içərisində öz milli sərhədlərini bərpa etməyə vadar etdi. Asiya nümunəsinə baxaq. Türk ölkələri arasında Avropa İttifaqı səviyyəsində razılaşma olmamışdı, milli sərhədlər hələ də qalmaqdadır. Lakin, pandemiya ortaya çıxanda Türk dövlətləri daha yaxın işbirliyi nümunəsini sərgilədilər. Onlar özlərini bir-birindən təcrid etməyə cəhd göstərmədilər, əksinə ölkələrimiz arasında gömrük prosedurları daha da asanlaşdırıldı, yükdaşımalar daha da artırıldı. Bu faktlar öz-özlüyündə qlobal fors-major şəraitində Avropa mentaliteti ilə Asiya mentalitetinin müqayisəsini aparmağa imkan verir. Bu təcrübədən çıxış edərək deyə bilərik ki, Türk ölkələri arasında inteqrasiya daha çox səmimiyyətə, sabitliyin və təhlükəsizliyin qorunmasına, insanların rifahına xidmət etdiyi halda, Avropa ölkələrində tarixən də mövcud olmuş öz maraqlarını hər şeydən üstün tutmaq təcrübəsi hələ də qalmaqdadır…
AC – Hətta bir ölkəyə göndərilən humanitar yardımın başqa bir ölkə tərəfindən yağmalanması kimi utancverici nümunələr də oldu…
CF – Bəli, bu nə müttəfiqliyə, nə də bəşəri dəyərlərə uyğun gəlir… Ancaq onu deyə bilərəm ki, pandemiya özünün fəsadları ilə yanaşı həm də bəzi pozitiv anlayışları meydana gətirdi. Inanıram ki, post-pandemiya dövründə dövlətlərarası, bölgələrarası münasibətlərdə, həmçinin hökumət-vətəndaş münasibətlərində böyük dəyişikliklər yaranacaq. Bütün bunlar göstərir ki, Türk ölkələri arasında inteqrasiyanın dərinləşməsinə möhkəm bir zəmin var. Bu, böyük birliyə gətirib çıxara bilər. Bunun üçün yeni qərarlar qəbul olunmalı, inteqrasiyanın sürəti artırılmalıdır. Bütün bölgə dövlətləri də bu birlikdən yararlana bilər. Türk dövlətləri arasında yaradılmış nəqliyyat infrastrukturu, sadələşdirilmiş gömrük prosedurları hamı üçün mühüm rol oynaya bilər. Bu proseslərdə Azərbaycan Türk dünyasının qərbi ilə şərqini birləşdirən körpü kimi əvəzedilməz rola malikdir.
AC – Türk ölkələrinin əksəriyyəti neft-qaz ölkəsidir. Dünyada neftin qiymətinin düşməsi, pandemiyanın yaratdığı iqtisadi problemlər üzündən qarşıdakı bir ildə ərzaq təhlükəsizliyi prioritet olacaq. Bu sahədə Türk dövlətləri arasında qarşılıqlı ehtiyacların təmin olunması potensialını necə qiymətləndirmək olar?
CF – Türk cümhuriyyətlərində mövcud olan resursların miqdarı elmi araşdırmalardan məlumdur. 6 Türk respublikasında mövcud olan təbii resursların həcmi 28 Avropa ölkəsində mövcud olan təbii resursların həcmindən iki dəfə çoxdur. Əhaliyə gəldikdə isə Avropada əhali sayı 500 milyondan artıqdırsa, Türkdilli ölkələrdə bu rəqəm cəmi 160 milyondur. Yəni, Türk ölkələrində adambaşına düşən təbii resursların həcminin xüsusi çəkisi Avropa ölkələri ilə müqayisədə 6 dəfə daha çoxdur. Bu baxımdan, ümumtürk coğrafiyasında ərzaq qıtlığı və ya hansısa təbii resurs qıtlığından söhbət gedə bilməz. Əgər Avropa dövlətləri öz vətəndaşlarını yüksək rifah səviyyəsinə çatdıra biliblərsə, onlardan 6 dəfə artıq təbii resurslara malik olan türk dövlətləri öz vətəndaşlarını daha yüksək rifah səviyyəsinə gətirib çatdıra bilərlər. Lakin burada müstəqillik tarixlərini də müqayisə etmək lazımdır. Avropada ölkələr 200 il və daha artıq müstəqilliyə malik olduğu halda, Türkiyə istisna olmaqla, digər Türk dövlətlərinin müstəqillik tarixinin cəmi 30 ilə yaxın yaşı var. Ona görə əminəm ki, qarşılıqlı əməkdaşlığımızın güclənəcəyi şəraitdə, qısa bir müddətdə Türk dövlətlərinin vətəndaşlarının rifah halının Avropa standartlarına çatdırılması mümkün olacaqdır.
AC – Türk Şurasının fövqəladə toplantısı sonrakı günlərdə qarşılıqlı simvolik dəstək jestləri ilə müşayiət olundu. Əvvəlcə, Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının əks olunması, ardınca, Ankarada – Atakuledə “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan bayrağının dalğalandırılması, buna görə Birinci Vitse-prezident Mehriban Əliyevanın Türkiyəyə təşəkkür mesajı… Qarşılıqlı yardımlaşmalar, məsələn, Özbəkistanın “Qardaş Macarıstan” deyə bu ölkəyə tibbi yardım göndərməsi kimi nümunələr oldu. Bu jestləri necə qiymətləndirirsiniz?
CF – İndiki təlatümlər fonunda bu jestlərin çox böyük əhəmiyyəti var. Bu jestlər həm dövlətlərin, həm də o dövlətlərin xalqlarının iradəsinin göstəricisidir. Türk ölkələri arasında bu cür təzahürlər bayaqdan danışdığımız birliyə nə qədər ictimai zəmin və sifariş olduğunun göstəricisidir. Bu, dövlətlərin siyasətinə dəstəkdir. Mən bu jestləri alqışlayıram. İstərdim, bu cür jestlər yalnız pandemiya dövründə deyil, daim olsun.
AC – Dünyada yeni dönəm Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün hansı perspektivlər vəd edir? Hazırda, “dünyanın başı koronavirusa qarışmışkən, fürsətdi, savaşa başlayıb torpaqlarımızı azad edək” mülahizələri də səsləndirilir…
CF – Dünyanın bütün mütərəqqi dövlətləri anlayırlar ki, bəşəriyyət qloballaşmanın elə bir mərhələsini yaşayır ki, burada torpağın kimin əlində olmasının elə bir fərqi yoxdur. Getdikcə hər bir fərd özünü Yer kürəsinin vətəndaşı hesab etməyə daha çox meyllənir. Tarixi yaddaşını, ənənələrini və eləcə də tarixi varisliyi qoruyub yaşatmaq üçün hər millət öz tarixi torpağında və sülh şəraitində yaşamalıdır. Hazırda görünən odur ki, dünyada bu həqiqəti dərk etməyən yalnız Ermənistan hakimiyyətidir. Ermənistan hətta pandemiya şəraitində sərhəd bölgəsində gərginliyi artırmağa davam edirsə işğal olunmuş ərazidə qondarma seçki şousu yaradırsa, demək, Ermənistan hakimiyyəti və siyasətçiləri dünyanın haradan gəlib, haraya getdiyini anlamırlar. Onların dünyanın gələcəyi haqqında təsəvvürləri yoxdur. Müharibə yolu ilə torpaqların azad edilməsindən danışırıqsa, bu aydındır ki, kənar müdaxilə olmasa, Azərbaycan bir neçə günə öz torpaqlarını işğaldan tam azad edə bilər. Təəssüf ki, Ermənistanın bu destruktiv fəaliyyətinin arxasında duran qlobal güclər də var. Bu güclərin mövqeyi Azərbaycanı maksimum təzyiq altında saxlamaq və bölgədən yararlanmaqdan ibarətdir. Ona görə, bu cür siyasi-iqtisadi maraqların kəskin olduğu bir vaxtda, müharibəyə başlamaq dünya tərəfindən doğru qarşılanmaz. Bu baxımdan, Azərbaycan hökuməti hərbi yolu da hər zaman vurğulamaqla, hələ ki, münaqişənin dinc yolla çözülməsinə üstünlük verir. Ermənistan isə xaricdən idarə olunur. Onları erməni xalqının durumu, taleyi maraqlandırmır. Bu isə bizə də problemlər yaşatmaqla bərabər, Ermənistana sonu görünməyən fəlakətlər vəd edir. (Turkustan.info)