Son illər qonşu Dağıstanda gənələrin yayılması və xüsusilə Krım-Konqo hemorragik qızdırması (KKHQ) ilə bağlı narahatlıqlar artır. İsti hava şəraiti, rütubət və kənd təsərrüfatı ilə məşğul olan əhalinin çoxluğu regionda gənələrin aktivliyini artıran əsas amillərdən hesab olunur. Bu vəziyyət Azərbaycanda da mümkün risklər və qabaqlayıcı tədbirlərlə bağlı müzakirələri gündəmə gətirib. Xüsusilə sərhədyanı bölgələrdə və kənd təsərrüfatının geniş yayıldığı ərazilərdə təhlükənin olub-olmaması maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, kənd təsərrüfatı sahələri təbii şəraitdən asılı olduğu üçün müxtəlif ziyanvericilər və xəstəliklərlə qarşılaşmaq qaçılmazdır:
“İstilərin artması, yağışların yağması, torpaqda nəmliyin çox olması müəyyən xəstəliklərin və ziyanvericilərin yaranmasına səbəb olur. Hazırda Dağıstanda müəyyən ziyanvericilər təsərrüfatlara ciddi ziyan vurur. Xüsusilə gənələr təsərrüfat üçün təhlükəli hesab olunur”.
Deputat qeyd edib ki, Azərbaycanda ziyanvericilərlə bağlı mütəmadi mübarizə tədbirləri həyata keçirilir:
“Azərbaycanda ziyanvericilərə qarşı daimi mübarizə aparılır və qabaqlayıcı tədbirlər görülür. Müvafiq qurumlar vəziyyəti nəzarətdə saxlayır və xəstəliklərin, ziyanvericilərin ölkəyə keçməməsi üçün tədbirlər planlaşdırırlar”.
Tahir Rzayevin sözlərinə görə, ölkədə mövsümi olaraq müxtəlif zərərvericilər kənd təsərrüfatına təsir göstərir:
“Bəzən sovkalar, mənənələr və digər xəstəliklər taxıl, pambıq və başqa kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurur. Buna qarşı müxtəlif vasitələrlə mübarizə aparılır. Əsas məsələ ziyanvericilərin vaxtında aşkarlanmasıdır ki, onların yayılması genişlənməsin”.
Komitə sədri bildirib ki, gənələrin konkret hansı bölgələrdə yayıla biləcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir:
“Bu il havalar daha yağmurlu keçdi. Yağışlar bəzi təsərrüfat sahələrinə ziyan vursa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri də oldu. Torpaqda su ehtiyatı artdı, bu isə taxılçılıq, yemçilik və heyvandarlıq üçün müsbət təsir göstərdi. Ona görə də hansı bölgələrdə gənə probleminin yayıla biləcəyi barədə dəqiq fikir söyləmək çətindir”.
Deputat vurğulayıb ki, əsas məsələ aidiyyəti qurumların vəziyyətə qarşı hazırlıqlı olmasıdır.