Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb
Şuşa - mənim doğma ata-baba yurdumdur! Haqqında yalnız kitablardan, evdə valideynlərimdən, məktəbdə isə müəllimlərimdən eşitmişəm. Üzünü görmədiyim doğma el-obama o qədər böyük məhəbbətim, həsrətim var ki, onu sözlə ifadə etmək çox çətindir. Şuşa-sanki, canlı bir təbiət möcüzəsidir.
Şuşa rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 289 kv. km-dir. 1 rayon tabeli şəhər, 1 qəsəbə, 37 kənd olmaqla 39 ərazi vahidi vardır. 08 may 1992-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Dağlıq Qarabağ hal-hazırda 4 rayondan ibarətdir : Şuşa, Xocalı, Xocavənd, Xankəndi.
Mən, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Qızıl-qum” sanatoriyasında körpəliyimi yaşamışam. Həmişə valideynlərimin, orda məskunlaşan insanların “Şuşa” kəlməsini dilə gətirdikdə, necə ağladıqlarını, həyəcan keçirdiklərini, yanıqlı-yanıqlı danışdıqlarını görmüşəm. Düşünürdüm ki, niyə belədir, Şuşanın adı çəkiləndə niyə hamı kövrəlir, gözləri dolur? Biz niyə sanatoriyada yaşayırıq? Niyə??? ...
Mənim 4 yaşım olanda valideynlərimin işi ilə əlaqədar olaraq Bakı şəhəri, Yeni Yasamal, 1 ünvanına köçdük. Biz yaşayan binanın qarşısında şuşalılar məskunlaşmışdılar. Anam hər dəfə bizi həyətə düşürəndə, mənə qəribə gəlirdi. O, bizi, yaşadığımız məhəlləyə deyil, şuşalılar yaşayan binanın həyətinə aparardı. Mən soruşanda isə deyərdi ki, indi məni başa düşməzsiniz, böyüyərsiniz, onda özünüz dərk edəcəksiniz.
Doğrudan da, böyüdükcə hiss edirdim - şuşalı uşaqların yanında olmağımızı anam ona görə istəyirdi ki, öz ləhcəmizi unutmayaq, adət-ənənəmizi yaşada bilək, əsl şuşalı kimi böyüyək...
Mən, Şuşa şəhər 1 nömrəli orta məktəbi bitirmişəm. Hal-hazırda tələbəyəm. Şuşalı olmağımla həmişə fəxr edirəm. Nə sanatoriyada göz açmağıma, nə də məcburi köçkün olmağıma görə heç vaxt çəkinməmişəm. Bu, el ilə gələn bir bəladır.
1750-ci ildə Qarabağın ən səfalı guşəsində bünövrəsi qoyulan Şuşa şəhəri Pənah xanın şərəfinə «Pənahabad» adlandırılır. Şuşa –Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də görkəmli və istedadlı şəxsiyyətlərin, sənətkarların, yazıçıların, bəstəkarların, xanəndələrin vətənidir. Şuşa Azərbaycan mədəniyyətinə Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Mir Möhsün Nəvvab, Xarrat Qulu, Sadıqcan, Seyid Şuşinski, Üzeyir Hacıbəyov, Bülbül, Zülfi Adıgözəlov, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov kimi dahi sənətkarlar bəxş etmişdir.
Şuşa ХХ əsrdə 3 dəfə еrməni təcavüzünün qurbanı оlmuşdur. 1905-1907-ci illərdə Şuşa şəhəri еrmənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə şəhərin хеyli hissəsi еrmənilər tərəfindən dağıdılmışdır.
3-cü dəfə isə Şuşa şəhəri 1992-ci may ayının 8-də erməni işğalçılarının hərbi təcavüzünə məruz qaldı. Müharibə nəticəsində Şuşa şəhərindən 195 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid o, 165 nəfər əlil olmuşdur.
Milli Qəhrəmanların sayı 4 nəfərdir. İşğala qədər şəhərdə bir sıra sənaye obyektləri, nəqliyyat və toxuculuq müəssisələri, kurort kompleksləri, təhsil ocaqları, tibb, mədəniyyət sahəsi üzrə müxtəlif idarə və müəssisələr fəaliyyət göstərirdi. Şərqdə yeganə olan “Şərq musiqi alətləri fabriki” də işğaldan sonra öz fəaliyyətini dayandırdı.
Şəhərin 300-ə qədər mədəniyyət və tarixi abidələri erməni vandalizminin qurbanı oldu. Eşitdiyimə görə, Şuşada 17 məhəllə, hər məhəllənin də öz bulağı və hamamı olub. Məhəllənin adları: Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dördlər Qurdu, Dörd Çinar, Çöl Qala, Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə, Xocamircanlı.
Möhtəşəm “Cıdır düzü” mənə sanki, əfsanəni xatırladır. Təbiətin gözəllik mücəssiməsi hesab olunan bu əsrarəngiz yerə baş çəkməyi bilsəniz necə arzulayıram. Şəkillərdən baxıb, tamaşasına doymadığım doğma yurduma qovuşmaq, dillər əzbəri olan havasını udmaq, suyundan dadmaq, əvəzsiz mədəniyyət nümunələrini, coğrafi relyefini, hətta, quruca daşını belə, görmək həyatda ən böyük arzumdur. Təəssüf ki, bu gün mənim doğma şəhərim-ana yurdum-Şuşam işğal altındadır.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün bərpa olunması, doğma yurd yerlərimizin erməni işğalçılarından azad edilməsidir. Şuşa həm də abidələr şəhəridir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar sarayları, məscidləri, tarixi abidələri, görkəmli şəxsiyyətlərin ev-muzeylərini, yaşayış binalarını dağıdıblar. Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın heykəlləri vəhşicəsinə güllələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmişdir.
Azərbaycanın qiymətli mədəni sərvətləri olan bu abidələrin erməni işğalçıları tərəfindən məhv edilməsi və qəsdən korlanması beynəlxalq Konvensiyalara ziddir. Beynəlxalq təşkilatların qətnamə və qərarlarına əhəmiyyət verməyən erməni vandalları bununla da kifayətlənməyərək Qarabağa məxsus yurd yerlərinin adlarını dəyişdirir, mədəniyyətimizə məxsus xalq nümunələrini, musiqilərimizi, xalçalarımızı, kulinariyamızı mənimsəyərək, öz adlarına çıxırlar. Bu gün hər birimiz əsl vətəndaşlıq mövqeyi göstərib Möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməli, öz əməli fəaliyyətimizlə, istər təhsildə, istərsə də, ictimai-siyasi həyatda ona dəstək olmalıyıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi vermək üçün, o yurdun mədəni irsini, mühitini öyrənmək bu yolda ən böyük amalımız, məqsədimiz olmalıdır. Qarabağın tarixi, onun zəngin mədəniyyəti haqqında daha geniş biliklərə yiyələnmək, öz doğma torpağımıza bağlılığımızın artırılması mənəvi tərbiyənin əsasını təşkil etməlidir. Biz inanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək, bütün məcburi köçkünlər, o cümlədən, biz şuşalılar da öz doğma, tarixi ata-baba yurdlarımıza qayıdacağıq!
09 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncam bir daha ermənilərin simasızlığını, təcavüzkarlğlını bütün dünyaya bəyan edəcəkdir. Mən öz yurduma, doğma şəhərimə qovuşmaq, xəyallarımda yaşatdığım, əvəzsiz mədəniyyət ocağı, muğamın beşiyi sayılan Şuşada gələcəyin psixoloqu kimi fəaliyyət göstərmək istəyirəm. Ulu öndərimiz həmişə Şuşaya böyük qayğı göstərmişdir, müxtəlif səfərlər etmişdir. Şuşaya olan sonsuz məhəbbətin təzahürü idi ki, ümummilli lider Heydər Əliyev demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Şuşa-Qarabağın mənəvi paytaxtı kimi öz sakinlərini ağuşuna alacaqdır! O gün gələcəkdir!
Fərhadlı Maviyə Vidadi qızı,
Azərbaycan Müəllimlər İnstitutunun
Təhsildə sosial-psixoloji xidmət fakültəsinin
III kurs tələbəsi: