Bu gün 27-28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 100 il keçir.
Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi. 1920-ci il aprelin 27-28-də Azərbaycanı işğal etdilər.
Modern.az-ın məlumatına görə, XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı.
Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 100 il qabaq Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan cümhuriyyəti" əsərində Qırmızı Ordunun işğalı barədə yazıb:
“İşğalın ilk günlərində, rus ordusunun kəndisinə yapdığı təntənəli bir istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, «Tazə pir» meydanında xalqa xitabən söylədiyi nitqində deyordu ki, “Məxsusi bir komision təşkil etdik. Bu komision əski hökumətin fəaliyyətini tədqiq ediyor. Bir kaç gün sonra nəticəyi elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər sizi idarə ediyormuş!”
Kaç gün deyil, kaç sənə keçdi, o komision bu nəticəyi hələ elan etməmişdir. Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı, deyə ittiham olunan hökumətin bir zərrə belə olsun hüquqi-millətdən əcnəbilərə tərk etdiyini bir Nəriman deyil, bütün bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər! Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə varsa həpsini təslim etdilər. Top əndaxtları ilə müftə göndərdikləri petrolun yüzdə 15 faizini Azərbaycana alıb verdirmək üçün aylarla yalvarırdılar. Hissələrinə düşən petrola sərbəst bir bazar təmini üçün dəxi nə dərəcə kiçildilər, nə qədər alçaldılar. Nəhayət, bu surətlə hasil olan sərvəti də, son nəticədə, məmləkəti istila edən Qızıl ordunun şərəfinə israf etdilər”.
A.Qorxmaz