Modern.az

LAÇINIM

LAÇINIM

Aktual

18 May 2012, 10:15

Ürəkmi ürəyimiz dözür bu dağa, Laçınım?!

Əlimizdən aldı səni bir alçaq dığa, Laçınım!

****

Qoyduq ar edib papağı, günə verdik neçə il,

Sənsiz necə yaraşır bu baş papağa, Laçınım?!

****

 Neçə oğlun döyüşdü, tökdü qan, oldu şəhid,

Sənə dönük çıxanlar indi xan-ağa, Laçınım!

****

Düşdük  hərəmiz bir elə, könlü dağ, qəlbi yanıq,

Bizə “qaşqın” dedilər- gəldik qınağa, Laçınım!

****

Ruhumuz etdi pərvaz, qondu Qirxqız zirvəsinə,

Gözümüz Qaragölü çıxdı sorağa, Laçınım!

****

Həkəri qəlbimizdə ağladı qan, döndü Kürə,

Çırpındı, sığışmadı bəndə-dayağa, Laçınım!

****

Dedik dəli olarıq, şükür, yerində əqlimiz,

Çatdımı yetmiş min əql bir Dəlidağa, Laçınım?!

****

Ölmədik ki, yaşadıq, tapdıq hər  qazanc yolu,

Bulduqmu sənə yetən bir yol-yolağa, Laçınım?!

****

Baş, dil-ağız, əl-ayaq işlədi, cəm etdi ruzi,

Çiynimiz yadırğadı  amma qundağa, Laçınım!

**

Çəkdi çoxumuz dərdü-qəm, bir para zövqü-səfa,

Satdı səni rütbəyə, yala-yalağa, Laçınım!

***

Susduq, ama ki, verdik hər yetənə bolluca səs-

Yetmədi bir sədamız İşıqlı dağa, Laçınım!

***

Məhəbbət dərd elədi - qoşdu “Laçınım” oxudu,

Biz qol açdıq, oynadıq, cumduq arağa, Laçınım!

***

İçdik məclisdə hər şər ab, narzan, fanta, pepsi, kola-

Təşnə qaldı canımız Turşsu bulağa, Laçınım!

***

Bişdik hər yay aranda, gah çadırda, gah vaqonda,

Tapmadıq Çalbayırı – qalxaq yaylağa, Laçınım!

***

Könlümüz bumbuz bulaq, büllur hava, dağ istədi,

Yollandıq qəlbiqara Qubaya, Qaxa, Laçınım!

***

Hanı at üstdə gəzdiyin zümrüd quzey, boz güneyin?

“Mersedes”lə Bakıda düşdük bozağa, Laçınım!

***

“Atəşkəs” dövründə şou, pul, maşın qatdı başı-

Aldandıq Abşeronda beş sot torpağa, Laçınım!

****

İcad etdik hər cürə saxta sənəd, saxta məktəb,

Əslimiz dağda qaldı, döndük yaltağa, Laçınım!

****

Mədh etdik zülmkarı, qardaş olduq yem verənə -

Başladıq nəslimizdən “danos” yazmağa, Laçınım!

****

Bir dəfə hayqırmadıq var gücümüzlə adını –

Yardım üstə, ev üstə qalxdıq ayağa, Laçınım!

***

Saxlatdıq oğlumuzu əsgərlikdən rüşvət verib-

Vəzifə davasında döndük “qoçağa”, Laçınım!

****

Olduq nəfsin qulu, etmədik Allaha təzim,

Dözmədik  iyirmi il  sənsiz sınağa, Laçınım!

****

Tanrı əfv etsin bizləri, yetişsin imdadımıza,

Sarılaq eşqinlə bir gün topa-silaha, Laçınım!

***

Sultanın hər namazı bu duayla yetər başa,

Uğrunda o dağlarda düşə torpağa, Laçınım!

Uğrunda o dağlarda düşə torpağa, Laçınım!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı