Goranboy rayon İcra Hakimiyyəti Göygöl rayonu Pənahlılar kənd sakini Həsənov Eldar İbrahim oğlunun sosial şəbəkələrdə yerləşdirilən video material ilə bağlı məlumat yayıb.
Modern.az-a daxil olan məlumatda bildirilir ki, Eldar Həsənovun sosial şəbəkələrdə yerləşdirdiyi video materiallarda Goranboy rayon İcra Hakimiyyətinin ünvanına səsləndirdiyi fikir və iddiaları həqiqəti əks etdirmir, tam əsassızdır və böhtandır:
"Belə ki, bu məsələ ilə bağlı müraciətləri dəfələrlə rayon İcra Hakimiyyəti tərəfindən qanunamüvafiq qaydada araşdırılmış və cavablandırılıb.
Goranboy rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2004-cü il tarixli 101 nömrəli sərəncamı ilə Eldar Həsənova 1355,0 hektar qış, 232,0 hektar yay otlaq sahəsi icarəyə verilib. Həmin dövrdə verilmiş otlaq sahələrinə baxış zamanı məlum olub ki, Eldar Həsənovun icarəsində olan sahədə saxlanılan heyvanlar ona məxsus olmayıb. Onun həmin otlaq sahələrini həmişə müxtəlif vətəndaşlara müəyyən haqq müqabilində mövsümi istifadəyə verdiyi barədə rayon İcra Hakimiyyətinə məlumatlar daxil olub.
Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 39S nömrəli Sərəncamı ilə, dövlət ehtiyaclarının ödənilməsi məqsədi ilə, «Bozdağ» massivində yerləşən 1755,0 hektar torpaq sahəsinin, o cümlədən Eldar Həsənovun icarəsində olmuş 1355,0 ha örüş sahəsinin 723,25 hektarı əkinə yararlı olduğu üçün təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilməsi və gələcəkdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin ediməsi məqsədi ilə istifadə edilməsi üçün dövlət tərəfindən yaradılmış xüsusi müəssisələrin istifadəsinə verilib. Ərazidəki qoyun yatağının və mövcud primitiv tikililərin dəyəri Eldar Həsənova ödənilmiş, tikililər özü tərəfindən sökülərək kənarlaşdırılıb.
Kəpəz dağ massivində yerləşən “Xan bulağı” adlanan ərazidə 232,0 ha yay otlaq sahəsi isə, əvvələr rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş Komissiyanın iştirakı ilə dəfələrlə yerində yoxlanılıb, icarəçi Eldar Həsənov tərəfindən möhtəkirliyə yol verildiyi aşkar edilmiş, bu bərədə müvafiq akt tərtib edilib. Göstərilən torpaq sahələrinin Eldar Həsənovun icarəsində olmasına dair rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqavilələrinin müddəti də 2019-cu ildə başa çatmışdır. Əvvələr icarə müddətində kobud qanun pozuntularına yol verdiyinə görə həmin torpaq sahəsinin Eldar Həsənova təkrar icarə verilməsi məqsədəmüvafiq hesab edilməyib.
Həmin torpaq sahəsinin Azərbaycanda xüsusi ənənəsi olan milli “qaradolaq” qoyun cinsinin elmi əsaslarla inkişaf etdirilməsi məqsədi ilə Goranboy rayonunda yaradılmış damazlıq heyvandarlıq təsərrüfatına icarəyə verilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, Göygöl rayonun Pənahlılar kəndində Eldar Həsənova məxsus fərdi yaşayış evinin həyətində təqribən 40-50 kv.metr sahəsi olan tövlənin olduğu və belə bir tövlədə onun iddia etdiyi sayda (2 min baş) xırda buynuzlu heyvanların saxlanmasının real olmadığı müəyyən edilib. Göygöl rayonu Pənahlılar kənd İcra nümayəndəliyinin 09 iyun 2020-ci il tarixli, 36 nömrəli rəsmi arayışına əsasən məlum olur ki, Həsənov Eldar İbrahim oğlunun inventarizasiya zamanı 8 baş iribuynuzlu, 570 baş xırda buynuzlu heyvanı qeydiyyatda olduğu halda, Eldar Həsənov əvvəlki torpaq iddialarından əl çəkməyərək, başqa vətəndaşlara məxsus, təxminən 2 ( iki) min başa qədər heyvan sürülərini qanunsuz olaraq, icarə müddəti bitmiş həmin yaylaq sahəsinə yerləşdirilib.
Eldar Həsənov uzun müddət həmin torpaq sahələrini şantaj yolu ilə öz istifadəsində saxlamağı bacarmış, bu gün də həmin üsuldan istifadə etməklə qanunsuz əməllərini davam etdirməyə çalışır".
Bildirilib ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, aidiyyəti məsul şəxslər, mütəxəssis və ictimaiyyət nümayəndələrinin iştirakı ilə, “Rayon ərazisində yay və qış otlaq sahələrindən istifadə vəziyyətinin yerində araşdırılması” məqsədi ilə yaradılmış Komissiyanın rəyi əsasında bu məsələnin qanunamüvafiq qaydada və hüquqi müstəvidə araşdırılması ilə bağlı, aidiyyəti dövlət orqanlarına müraciət ünvanlanacaqdır.