Milli Məclisin iclasında millət vəkilləri 2012-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin hər birinin 600 milyon manat artırılmasına səs veriblər.
Modern.az-ın məlumatına görə, 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manat, dövlət büdcəsinin xərcləri də 600 milyon manat artırılaraq 17 milyard 678 milyon manata çatdırıldı.
Qeyd edək ki, bir müddət öncə ölkənin şimal-qərb bölgəsində dəhşətli zəlzələ nəticəsində ziyan çəkən Zaqatala, Şəki, Qax, Balakən rayonlarına ilkin olaraq dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Eyni zamanda 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində ölkənin bir sıra rayonlarına dəyən ciddi ziyanın aradan qaldırılmasına 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Həmçinin, bu il təbiətin şıltaqlığı nəticəsində Azərbaycanın bir sıra rayonları –Saatlı, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Kürdəmir, Şamaxı rayonlarına ciddi ziyan dəyib. Bununla bərabər, Bakı şəhərinin bir neçə bölgəsində sürüşmə problemi mövcuddur. Bu problemi həll etmək üçün Azərbaycana xarici məsləhətçilər dəvət olunur. Yəni, bu yöndə də təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var. Bu yerdə onu da əlavə edim ki, Bakının Maştağa və Zabrat qəsəbələrində qurunt sularının artması ilə ciddi problemlər ortaya çıxıb. Bu baxımdan da bütövlükdə sadaladığım bu məsələləri və digər problemləri həll etmək üçün bizə əlavə 690 milyon manat tələb olunur.
İclasda çıxışı zamanı millət vəkili Vahid Əhmədov Azərbaycanda dövlət büdcəsinin icrasına, büdcədən ayrılan vəsaitlərin necə xərclənməsinə ciddi nəzarətin artırılmasına ehtiyac olduğunu deyib.
Millət vəkilinin qeyd etdiyinə görə, vaxtilə Azərbaycanın dövlət büdcəsi təxminən 300 mln. civarında idi ki, ona nəzarət etməyə bir o qədər ehtiyac duyulmurdu. Lakin millət vəkilinin fikrincə, son illər Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artaraq təqribən 20 milyard manata yaxınlaşıb və bu baxımdan büdcə vəsaitlərinin icrasına ciddi nəzarət edilməsinə ehtiyc var:
“Elə komitələr, elə nazirliklər, elə dövlət şirkətləri var ki, onlara dövlət büdcəsindən milyardlarla manat həcmində yüksək məbləğli maliyyə vəsaiti ayrılır. Ona görə də, həmin dövlət qurumlarının bu büdcə vəsaitlərini necə xərcləmələrinə ciddi nəzarət etmək lazımdır.
Yəni, onlar bu vəsaitləri necə, haraya xərcləyirlər, tenderlərini necə həyata keçirirlər? Bu baxımdan elə hesab edirəm ki, dövlət büdcəsindən yüksək məbləğli maliyyə vəsaiti ayrılan nazirliklərin, komitə və dövlət şirkətləri rəhbərlərinin parlamentdə il ərızində ən azı bir-iki dəfə ayrıca hesabat vermələri vacibdir.
Bəzən deyirlər ki, Hesablama Palatası var, onlar bu dövlət qurumlarında büdcənin icrasına nəzarət edib öz fikirlərini parlamentə təqdim edə bilərlər. Ancaq yuxarıda da qeyd etdiyim kimi, Hesablama Palatası ilə kifayətlənmək olmaz, ən azı bu qurumların özlərinin ildə bir-iki dəfə parlament qarşısında hesabat vermələri lazımdır və vacibdir”.
Buna cavabında isə, spiker Oqtay Əsədov bildirib ki, bu məsələ ilə bağlı lazım gələrsə, Hesablama Palatasının işini daha da gücləndirmək olar:
“Ancaq ayrıca komissiya-filan yaratmaq lazım deyil”.
Öz növbəsində millət vəkili Əli Məsimli nəzərə çatdırıb ki, keçən il Azərbaycan Birləşmiş Əməliyyat Şirkəti (ABƏŞ) büdcəyə nəzərdə tutulandan 280 milyon manat artıq vəsait ödədiyi halda SOCAR cəmi 0,8 milyon manat artıq vəsait ödəyib.
Millət vəkili SOCAR-ın belə az vəsait ödəməsinin araşdırılmalı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, sovet dövründən qalan əmanətlərin kiçik bir qrupun yox, əhalinin maraqlarına uyğun verilməsi üçün ciddi nəzarət mexanizmi yaradılmalıdır.
Spiker Oqtay Əsədov isə Əli Məsimlinin şübhələnməsinə ehtiyac olmadığını dilə gətirib.
Millət vəkili Elmira Axundova Masallıda qəzalı vəziyyətə düşən 20 evin təmiri məsələsinin də büdcə dəyişikliyi zamanı nəzərə alınmasını istəyib. O, Azərbaycanda əhalinin ən sıx yaşadığı Masallı rayonundakı mərkəzi xəstəxanasının müasir avadanlıqlara və təmirə ehtiyacı olduğunu da nəzərə çatdırıb.
E.Axundova Masallı Diyarşünaslıq Muzeyinin uçma təhlükəsi altında olduğunu və muzeyin təmiri prosesinin sürətlə həyata keçirilməsini zəruri sayıb.
Millət vəkili Zahid Oruc isə qazlaşma sahəsindəki problemə toxunuib: “Azərbaycanda təbii qaz təchizatı ilə bağlı smartkat sisteminə keçid üçün 1 milyard manat lazımdırsa, ayıraq. Sizi inandırım ki, o halda Azərbaycanda əhalinin ehtiyacları üçün 5 milyard kubmetr qaz da yetərli olacaq, əlavə 7 milyard kubmetri də xaricə sata bilərik”.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva elm xadimlərinin maliyyə təminatının aşağı olmasından şikayətlənib.
Gövhər Baxşəliyeva deyib ki, Qazaxıstanda elmlər namizədləri 1000 dollara yaxın vəsait alır. O, Azərbaycanda da elmə xadimlərinin maliyyə təminatının yüksəldilməsini zəruri sayıb: “Yoxsa alimlərimiz məcbur olub tərcümə və digər işlərlə məşğul olurlar”.
Gövhər Baxşəliyeva spiker Oqtay Əsədovdan deputatlara çıxış üçün vaxt ayırmağı da xahiş edib: Çıxışa yazılırıq, bizə çatana qədər çıxışlar dayandırılır. Biz də məcbur oluruq ki, qəzetlərdə çıxış edək. Biz deputatıq, istənilən məsələ barədə parlamentdə çıxış edə bilməliyik.
Spiker Oqtay Əsədov isə Gövhər Baxşəliyevanın iradına etiraz edib: Mən həmişə çıxış üçün imkan yaradıram. İndi də büdcə ilə bağlı sənədləri səsverməyə qoyacaqdım, siz təkid etdiniz, söz verdim. Artıq digər deputatlar da çıxış üçün söz istəyirlər. Ona görə də sona qədər müzaikirələr davam edəcək’.
Millət vəkili Sabir Rüstəmxanlı xaricdən gələn soydaşlarımızın təhsili üçün güzəştlərin həyata keçirilməsini zəruri sayıb:
“Bəzən ali məktəbin son kurslarında əla qiymətlərlə oxuyan tələbələr təhsil haqqını verə bilmir, çıxıb gedirlər. Biz bu insanlar üçün qanunla güzəştlər üçün nəzərdə tutmuşuq. Ancaq bu güzəştlər həyata keçirilmirsə, maddi təminatı yoxdursa, niyə qəbul edirik”.
Millət vəkili Bəxtiyar Əliyev Yevlax-Bərdə-Ağdam yolunun baxımsız olmasından şikayətlənib: “ Bu yol cəbhəyə aparır. Cəmi 70 kilometr yoldur, niyə təmir olunmur? Axı bu cəbhəyə gedən yol olduğu üçün o biri yolla müqayisədə daha təmirli olmalıdır! Hər dəfə bu məsələ qaldırılır, lakin həllini tapmır. Prezident cəbhəyanı rayonlara gedir, əhalini dinləyir, problemlərin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayırır. Bəs dövlət qurumları yol məsələsinə niyə biganə yanaşırlar?”.
Modern.az